Kitab oxuma vərdişlərimiz nə üçün zəifləyib?

SOSİAL
16:00 / 04.09.2026
193

“Son zamanlar cəmiyyətdə oxu vərdişlərinin zəifləməsi müşahidə olunur”.

Bu sözləri psixoloq Nabat Mirzəyeva Hit.az-a açıqlamasında deyib.

O, bunun səbəblərindən danışıb:


“Mən deməzdim ki, burada təkcə səbəb kitabın yerini telefonun tutmasıdır. Çünki bizim diqqətimizi istifadə etmə tərzimiz dəyişib. Əvvəllər insanlar bir kitabı açanda uzun müddət eyni mətnin içində qalardılar, mətni saatlarca oxuyardılar.

Bu gün isə bir neçə saniyə ərzində bildirişlər, xəbər, mesaj, başqa bir videolar, telefonda əldə olunan başqa hazır video şəklində mətnlər diqqətimizi ələ keçirib. Beyin getdikcə daha sürətli stimullara öyrəşməyə başlayır və saatlarla oxuduğu kitabların məlumatlarını bir neçə video, xəbər, habelə mesajlardan əldə edə bilir”.

Ekspert qeyd edib ki, rəqəmsal mühitdə informasiya həddindən artıq çoxdur:
“İnsan artıq informasiya axtarmır, informasiya özü bizim qarşımıza gəlir. Bu da uzun müddət oturub bir mövzunu araşdırmaq ehtiyacını azaldır. Çünki hazır informasiyalar uzun müddət əldə olunan kitab ehtiyacının azalmasına gətirib çıxarır.

Digər problem isə səthi oxuma vərdişləridir. Yəni insan mətnin hər sözünü mənimsəməkdənsə, başlıqları, əsas fikirləri və qısa xülasələri oxumağa üstünlük verir. Bir növ kiçik-kiçik olan oxuma vərdişləri yaranıb. Bu, səthi oxumağa gətirib çıxarır. Əslində bu da bir problemdir”.

Lakin psixoloq onu da əlavə edib ki, rəqəmsal texnologiya oxumağı tamamilə məhv etmir:
“Yəni elektron kitablar, məqalələr və onlayn resurslar da oxumağı əlçatan edir. Əslində, çox rahat bir şəkildə elektron kitabları oxuya və ya PDF-lər əldə edə bilirik. Problem məzmunun rəqəmsal olmasında deyil. Əsas problem diqqətin parçalanmasıdır. İnsanların oxumağa vaxtı olsa da, diqqətlərini uzun müddət bir yerdə saxlamaqla bağlı çətinlikləri var. Mən bunu sadəcə kitab oxumaq problemi hesab etmirəm, dərin düşünmə vərdişlərinin zəifləməsi daha ciddi məsələdir.

Çünki kitab oxuyanda insan bir fikrin ardınca gedir, müəllifin düşüncələrini izləyir, suallar verir və kitabın nəticəsində nə olacağını maraqla gözləyir. Daim qısa və parçalanmış informasiya qəbul etdikdə isə məlumatı çox almaq mümkün deyil. Videoda dərin düşünmürük, ama kitablar bizə dərin düşüncələr yaradır”.

Nabat Mirzəyeva fikirlərini belə yekunlaşdırıb:
“Yaxşı olar ki, kitab oxuyanda telefonu kənara qoyaraq tamamilə oxumağa fokuslanaq. Bu, diqqətin dağılmamasına səbəb olacaq. Bu gün cəmiyyətin əsas problemi insanların məlumatdan uzaqlaşması deyil. Bütün məlumatları telefondan rahat şəkildə əldə etmək olur.

Əsas problem insanların həddindən artıq məlumatın içində dərin düşünməyi itirməsidir. Biz daha çox şey oxuyuruq, daha çox məlumat əldə edirik, amma onların üzərində az düşünürük. Məlumat çoxdur, düşüncə isə nisbətən azalır. Ona görə kitab oxumaq sadəcə mütaliə vərdişi deyil, həm də diqqətə, düşüncəyə, və yaddaşın güclənməsinə xidmət edən bir üsuldur”.

Pərviz

0