Nə üçün qarşı cinslə dostluq qısqanclığa səbəb olur?

SOSİAL
14:30 / 02.09.2026
49

“Cütlüklər arasında ən çox rast gəlinən problemlərdən biri tərəflərdən birinin qarşı cinsdən olan dostluqlara etiraz etməsidir”.

Bu sözləri klinik psixoloq Zəhra Zahidova Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, qadının kişi dostunun, kişinin isə qadın dostunun olması bəzən münasibətdə ciddi narahatlıq, qısqanclıq, şübhə və mübahisələrə səbəb olur:


“Psixoloji baxımdan burada əsas məsələ qarşı cinslə dostluğun özündən daha çox, insanın bu dostluğu necə qəbul etməsi və münasibətdə nə qədər güvən hiss etməsidir. İnsan sevdiyi şəxsi itirməkdən qorxduğu zaman münasibətdə olan hər hansı üçüncü şəxsi təhlükə kimi qəbul edə bilər. 

Xüsusilə özünəinamı aşağı olan, tərk edilmə qorxusu yaşayan və ya əvvəlki münasibətlərində xəyanət, yalan və güvən problemi ilə qarşılaşmış insanlarda bu narahatlıq daha güclü ola bilər. Belə insan üçün partnyorunun qarşı cinsdən biri ilə yaxın ünsiyyətdə olması sadəcə dostluq kimi deyil, potensial rəqib və münasibət üçün təhlükə kimi qəbul edilir”.

Ekspert qeyd edib ki, əslində isə çox zaman insanın verdiyi reaksiya qarşı tərəfin real davranışından daha çox, onun daxilindəki qorxularla əlaqəli olur:
“Məsələn, insanın beynində “Bəlkə onu məndən daha çox bəyənir?”, “Bəlkə onunla məndən daha rahatdır?”, “Bəlkə bir gün məni onunla dəyişər?” kimi düşüncələr yarana bilər. Bu düşüncələr zamanla şübhəni artırır və insan partnyorunun davranışlarını daha çox nəzarətdə saxlamağa başlayır. 

Telefonunu yoxlamaq, kimlə danışdığını soruşmaq, görüşlərinə müdaxilə etmək və qarşı cinslə münasibətini məhdudlaşdırmaq kimi davranışlar ortaya çıxa bilər. Bu nöqtədə artıq söhbət sadəcə qısqanclıqdan deyil, münasibətdə nəzarət ehtiyacından gedir”.

Psixoloqun sözlərinə görə, hər qısqanclığı da əsassız hesab etmək düzgün deyil:
“Çünki bəzən problem insanın güvənsizliyində yox, partnyorun münasibətdə sərhədləri qorumağındadır. Əgər qarşı cinsdən olan dostla həddindən artıq emosional yaxınlıq, gizli yazışmalar, flört xarakterli ünsiyyət, partnyordan gizlədilən görüşlər və ya münasibətdəki emosional ehtiyacların əsasən həmin dost tərəfindən qarşılanması varsa, digər tərəfin narahat olması başadüşüləndir. 

Belə ki, münasibətdə emosional yaxınlığın əsas istiqaməti partnyorlar arasında olmalıdır. Burada ən vacib məsələ “Qarşı cinslə dost olmaq olar, ya olmaz?” sualı deyil. Əsas sual “Bu dostluğun sərhədləri münasibətə hörmət edəcək şəkildə qorunurmu?” sualıdır”.

Zəhra Zahidova əlavə edib ki, sağlam münasibətdə tərəflər bir-birinə qadağalar qoymaqdan çox, hansı davranışların hər ikisi üçün qəbulolunan olduğunu açıq şəkildə müzakirə etməlidirlər:
“Bəzən insanlar qısqanclığı sevginin göstəricisi hesab edirlər. Halbuki “Səni sevirəm, ona görə də heç kimlə danışma” yanaşması sağlam sevginin göstəricisi deyil. Sevgi ilə yanaşı güvən, hörmət və fərdi sərhədlər də olmalıdır. İnsan partnyorunun sosial çevrəsini tamamilə idarə etməyə çalışırsa, bu, sevginin özündən çox, itirmək qorxusunun və nəzarət ehtiyacının göstəricisi ola bilər. 

Münasibətdə olan insan da “Mənim dostumdur, sən buna qarışa bilməzsən” deyərək partnyorunun hisslərini tamamilə nəzərə almaması düzgün deyil. Münasibət iki insanın fərdi azadlığı ilə yanaşı, bir-birinə qarşı məsuliyyətini də tələb edir. Buna görə də sağlam münasibətdə həm “Mənim şəxsi sərhədlərim var”, həm də “Partnyorumun hisslərini və münasibətimizin sərhədlərini nəzərə alıram” düşüncəsi mövcud olmalıdır”.

Mütəxəssis hesab edir ki, qarşı cinsdən olan dost çox zaman problemin səbəbi deyil, münasibətdə əvvəlcədən mövcud olan problemin üzə çıxmasına səbəb olan amildir:
“Əgər münasibətdə güvən, özünəinam, açıq kommunikasiya və sağlam sərhədlər varsa, qarşı cinslə dostluq mütləq təhlükə yaratmır. Amma münasibətdə güvənsizlik, tərk edilmə qorxusu, keçmiş travmalar, xəyanət təcrübəsi və ya emosional ehtiyacların partnyordan kənarda qarşılanması varsa, belə dostluqlar münasibətdəki problemləri daha da görünən hala gətirə bilər. 

Ona görə də cütlüklərə psixoloji baxımdan tövsiyəm budur: bir-birinizə “Kimlə dost ola bilərsən?” sualını verməkdənsə, “Münasibətimizdə hər ikimizin özünü təhlükəsiz və dəyərli hiss etməsi üçün hansı sərhədlərə ehtiyacımız var?” sualını verin. Çünki sağlam münasibət qadağalar üzərində deyil, güvən, şəffaflıq, hörmət və qarşılıqlı məsuliyyət üzərində qurulur. Qarşı cinsdən olan insanın mövcudluğu münasibət üçün əsas təhlükə deyil; əsas təhlükə tərəflərin bir-birinə olan güvənini itirməsi və münasibətin emosional sərhədlərinin qorunmamasıdır”.

Pərviz

0