Ukrayna Rusiya hava limanlarının yaxınlığında pilotsuz uçuş aparatlarının fəaliyyətini gücləndirməyi planlaşdırır. Məqsəd Rusiyanın iqtisadiyyatına zərbə vurmaq və müharibəni dayandırması üçün Moskvaya təzyiq göstərmək çərçivəsində hava limanlarının fəaliyyətini dayandırmağa nail olmaqdır.
HİT.az xəbər verir ki, "The Wall Street Journal" (WSJ) bunun necə mümkün olduğunu və strategiyanın Kremlə təsir edib-etməyəcəyini araşdırıb.
Çərşənbə axşamı Ukrayna Prezidenti Volodimir Zelenski aviaşirkətlərə xəbərdarlıq edib ki, Rusiyanın hava məkanı “tamamilə təhlükəli vəziyyətə gəlir”. Ukrayna hərbçilərinin sözlərinə görə, bu açıqlamanın arxasında Rusiya hava limanlarının yaxınlığında o qədər çox pilotsuz uçuş aparatı yerləşdirmək planı dayanır ki, müvəqqəti bağlanmalar uçuşların tamamilə dayandırılmasına çevrilsin.
Ukrayna Silahlı Qüvvələrinin Cənub komandanlığının nümayəndəsi Serhiy Bratçuk "WSJ"yə müsahibəsində bildirib:
“Bu, artıq fövqəladə vəziyyətlərlə bağlı ayrı-ayrı, təsadüfi xəbərlərin təkrarlanması deyil; Rusiya Federasiyasının Avropa hissəsində mülki hava nəqliyyatını iflic etməyə yönəlmiş davamlı təzyiq mərhələsinə keçiddir”.
Ukrayna sərnişin təyyarələrinə hücumdan və mülki əhalinin ölümündən yayınacağını vəd edib. Plan Rusiyanın hava limanlarının yaxınlığında pilotsuz uçuş aparatlarının hərəkət etdiyi və dispetçerləri uçuş və enişləri dayandırmağa məcbur etdiyi “Xalça” adlı əməliyyatın genişləndirilməsini nəzərdə tutur.
Qərb ölkələri müharibənin başlanmasından sonra Rusiya ilə birbaşa hava əlaqəsini dayandırsa da, Yaxın Şərq və Asiyanın bir çox ölkəsinin aviaşirkətləri Rusiyaya uçuşları davam etdirir. ABŞ və Avropa aviaşirkətlərinin rəqabətdən çəkilməsi həmin şirkətlər üçün üstünlük yaradıb və bu, Ukrayna dronlarının hücumları ilə bağlı riski kompensasiya edir.
Avqust ayında Ukrayna dronlarının Rusiyanın mülki aviasiya üçün açıq saxladığı hava məkanına daxilolmalarının sayı rekord həddə çataraq təxminən 16 min olub. Bu barədə aviasiya təhlükəsizliyi üzrə ixtisaslaşmış "Osprey Flight Solutions" şirkətinin məlumatlarında bildirilir.
Aviasiya təhlükəsizliyi üzrə ekspertlərin fikrincə, çox sayda dron və onları vurmağa çalışan Rusiya hava hücumundan müdafiə sistemlərinin intensiv fəaliyyəti mülki təyyarələr üçün getdikcə daha böyük risklər yaradır. Hava hücumundan müdafiə sistemlərinin GPS siqnallarını saxtalaşdırmasından – dronları kursdan yayındırmaq üçün yanlış GPS siqnallarının ötürülməsindən – geniş istifadə etməsi mülki aviasiyanı da istiqamətdən yayındıra bilər.
"WSJ"nin yazdığına görə, avqust ayında dronların yaxınlaşması səbəbilə Rusiyada orta hesabla hər gün 32 hava limanı müvəqqəti bağlanıb. Bu hava limanları arasında Moskva və Sankt-Peterburq ətrafındakı aeroportlar da olub.
Kiyevin yeni hava limanlarının məcburi şəkildə bağlanmasına yönəlmiş planı Rusiyanın hava zərbələrinin intensivləşməsinə cavab olaraq həyata keçirilən tədbirlərin bir hissəsidir. Bunu yüksək vəzifəli ukraynalı məmur bildirib.
Bu arada aviaşirkətlər də artan riskdən narahat olmağa başlayıb. İyunun sonunda İsrailin milli aviaşirkəti "El Al" Ukrayna dronlarının hücumlarını əsas gətirərək Təl-Əviv–Moskva reyslərini dayandırıb. Apreldə "Air India" San-Fransiskodan Dehliyə uçuşlar zamanı əvvəllər Rusiya üzərindən keçən sonuncu marşrutunu dəyişərək Seulda yanacaq doldurma dayanacağı əlavə edib.
Digər aviaşirkətlər riskləri azaltmaq və Rusiyanın hava nəqliyyatında artan fasilələrin öhdəsindən gəlmək üçün uçuş marşrutlarını, hündürlüyü və günün saatını müəyyənləşdirməyə kömək edən özəl təhlükəsizlik şirkətlərinin xidmətlərindən istifadə edir.
Zelenskinin açıqlamalarından sonra Türkiyənin "Pegasus" aviaşirkəti də Rusiyaya bir neçə reysi ləğv edib. Şirkət buna “texniki və operativ səbəbləri” əsas gətirib. Ertəsi gün Birləşmiş Ərəb Əmirliklərinin "Flydubai" aviaşirkəti də oxşar addım ataraq regiondakı “dəyişən vəziyyət”lə əlaqədar uçuş cədvəlini və marşrutlarını tənzimlədiyini açıqlayıb.
"WSJ" yazır ki, ixtisaslaşmış "Flightradar24" şirkətinin məlumatlarına əsasən, sentyabrın 1-dən etibarən daxili və beynəlxalq aviaşirkətlər gündə orta hesabla 86 reysi ləğv edir.
Rusiya bunun əvəzində “xalça” məhdudiyyətləri adlandırdığı məhdud təhlükəsizlik protokolundan istifadə edir. Bu, beynəlxalq praktikada qəbul edilmiş və hava məkanının rəsmi şəkildə bağlanmasını nəzərdə tutan “ümumi” qadağadan fərqlənir.
Rusiyanın mülki aviasiya tənzimləyicisi hava məkanının müvəqqəti bağlanması ilə bağlı məlumatları "Telegram" və dövlət tərəfindən dəstəklənən "Max" kimi mesajlaşma platformalarında dərc edir. Bununla yanaşı, pilotlar üçün rəsmi "Notice to Airmen" bildirişlərindən istifadə edilmir.
"Osprey" şirkətinin kəşfiyyat üzrə baş mütəxəssisi Mett Bori bildirib:
“Hava məkanındakı vəziyyət getdikcə mürəkkəbləşir. Statistikaya əsasən, bu münaqişə zonasında və onun ətrafında daha bir fəlakətli hadisənin baş verməsi, çox güman ki, yalnız zaman məsələsidir. Məsələ ondadır ki, Rusiya kimi davranırsınızsa, bu, təyyarələrin vurulmasına gətirib çıxarır”.
Samir


