Azərbaycanda daşınmaz əmlakın qeydiyyatı ilə bağlı ən çox müzakirə olunan problemlərdən biri sənədsiz tikililərin hüquqi statusunun müəyyənləşdirilməsidir.
İllərdir müzakirə edilən bu məsələnin həlli üçün müxtəlif hüquqi addımlar atılsa da, bütün halları əhatə edən və vətəndaşlar üçün aydın şəkildə tətbiq olunan vahid sistem hələ də ortaya qoyulmayıb. Mövcud qanunvericilikdə müəyyən dəyişikliklərin aparılması və ayrı-ayrı normativ qərarların qəbul edilməsi də problemin miqyasını tam aradan qaldırmayıb. Nəticədə çoxsaylı yaşayış evlərinin mülkiyyət hüququnun rəsmiləşdirilməsi məsələsi bu gün də öz həllini gözləyir.
Maraqlıdır, sənədsiz tikililərin rəsmiləşdirilməsinə hansı hallarda hüquqi imkan yaranır? Torpaq sahəsinin statusu, tikilinin yerləşdiyi ərazi və onun inşa olunma şəraiti bu prosesə necə təsir göstərir?
Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı Hit.az-a açıqlamasında bildirib ki, daşınmaz əmlakın dövlət qeydiyyatı sahəsində indiyədək bir sıra hüquqi dəyişikliklərin həyata keçirilməsi də sənədsiz tikililərlə bağlı problemin tam aradan qalxmasına imkan verməyib:
“Qeydiyyat prosedurlarının təkmilləşdirilməsi üçün Nazirlər Kabinetinin müxtəlif qərarları qəbul olunsa da, ekspert hesab edir ki, mövcud yanaşma məsələnin sistemli şəkildə həllinə kifayət etmir. Problemin həlli üçün qanunvericiliyə ayrı-ayrı düzəlişlərin edilməsindən daha geniş yanaşmaya ehtiyac var. Söhbət sənədsiz evlərin hansı hallarda və hansı meyarlar əsasında rəsmiləşdirilə biləcəyini müəyyən edən vahid hüquqi çərçivənin yaradılmasından gedir”.
Onun sözlərinə görə, bütün sənədsiz tikililərin heç bir əlavə qiymətləndirmə aparılmadan qeydiyyata salınması doğru olmaz:
“Belə bir qərar qəbul edilərkən tikilinin yerləşdiyi ərazinin hüquqi vəziyyəti, şəhərsalma normalarına uyğunluğu və orada yaşayan insanların təhlükəsizliyi ilk növbədə nəzərə alınmalıdır.
Xüsusilə xüsusi mühafizə rejiminin tətbiq olunduğu ərazilərdə inşa edilmiş evlərlə bağlı vəziyyət fərqlidir. Belə zonalarda yerləşən və gələcəkdə sakinlərin köçürülməsini zəruri edə biləcək tikililərin sənədləşdirilməsi sonradan dövlət üçün əlavə problemlər yarada bilər”.
Ekspert bu baxımdan insanların həyatı və sağlamlığı üçün risk yaradan tikililərin ayrıca qiymətləndirilməli olduğunu vurğulayıb:
“Təhlükəli ərazilərdə yerləşən, istismara yararsızlığı barədə rəy verilmiş evlərin dövlət qeydiyyatına alınması hüquqi baxımdan mümkün deyil. Bakı şəhərində belə tikililərin sayı kifayət qədər çoxdur və məsələyə yalnız ev sahiblərinin mülkiyyət hüququ prizmasından yanaşmaq problemin digər tərəflərinin nəzərdən qaçırılmasına səbəb ola bilər.
Bu səbəbdən, ilk növbədə hansı tikililərin leqallaşdırıla biləcəyinə, hansı obyektlərin isə bunun xaricində qalacağına aydınlıq gətirilməlidir. Bunun üçün təhlükəsizlik, şəhərsalma normaları, torpaq və ərazi statusu kimi meyarları özündə birləşdirən konkret qiymətləndirmə sistemi formalaşdırılmalıdır”.
Sevinc



