Bir vaxtlar kitab oxumaq insanın öz dünyasına çəkildiyi səssiz bir proses idi.
İndi isə kitab bəzən oxunmaqdan əvvəl kameranın qarşısına çıxır. Masa üzərində açılmış kitab, yanında qəhvə fincanı, səhər işığı, səliqəli bir kadr... Bəzən uşağın əlinə verilmiş rəngli kitab və çəkilmiş bir foto da bu mənzərənin bir hissəsinə çevrilir. Şəkil paylaşılır, altına kitabın adı yazılır və beləliklə, sosial şəbəkədə bir obraz yaranır: “Biz oxuyan ailəyik”.
Ancaq maraqlı sual bundan sonra başlayır: Kitab həqiqətən oxunur, yoxsa sadəcə oxunmuş kimi görünür? Əslində kitab insanın savadını, dünyagörüşünü, zövqünü və intellektual səviyyəsini ifadə edən obyekt kimi qəbul edilir. Burada məsələ bir kitabın şəklini paylaşmaq deyil. Problem kitabın məzmunundan çox, onun yaratdığı görüntünün əhəmiyyət qazanmasıdır.
Bəs valideynlər niyə uşaqlarının kitab oxuduğu anları paylaşırlar?
Bu suala bir cavab vermək düzgün olmaz. Bəzi valideynlər həqiqətən uşaqlarında mütaliə vərdişi yaratmağa çalışırlar. Onlar kitab oxumağı uşağın gündəlik həyatının bir hissəsinə çevirmək istəyir, oxuduqları kitabları paylaşaraq başqalarını da həvəsləndirirlər.
Belə paylaşımın özü problem deyil. Əksinə, valideynin uşağı ilə birlikdə kitab oxuması, kitab haqqında danışması, ona suallar verməsi və hekayəni müzakirə etməsi uşağın oxu təcrübəsini zənginləşdirə bilər. Tədqiqatlar da valideyn-uşaq birgə mütaliəsinin dil və erkən savadlılıq inkişafı baxımından əhəmiyyətini göstərir.
Lakin başqa bir vəziyyət də var. Uşaq kitabı həqiqətən oxumur, valideyn isə kitabı uşağın qarşısına qoyur, şəkil çəkir və paylaşır. Bu zaman kitab artıq uşağın inkişaf vasitəsi yox, valideynin sosial imicinin dekorasiyasına çevrilir.
Ən vacibi isə kitabın şəklini çəkmək yox, kitabın içindəki dünyanı uşaqla birlikdə kəşf etməkdir. Çünki uşağın yaddaşında çox güman ki, “anam mənim kitab oxuduğum şəkli sosial şəbəkədə paylaşmışdı” cümləsi qalmayacaq. Amma “anam mənimlə oturub kitab oxuyurdu” xatirəsi qala bilər.
Sevinc

