Polşada qaranlıq keçmişə malik ada var: Bu ərazi turistlərdən nəyi gizlədir?

DÜNYA
13:28 / 04.09.2026
52

Polşanın Baltik dənizində yerləşən Volin adasını ziyarət edən turistləri sahil mənzərələri, bol yaşıllıq və qumlu çimərliklər gözləyir. Lakin bu qonaqpərvər və sakit görüntünün arxasında Polşa tarixinin dəhşətli səhifələrindən birinin izləri gizlənir. 

HİT.az xəbər verir ki, bu barədə “Daily Mail” yazır.

“Əvvəllər “Vineta” batareyası kimi tanınan Volin yeraltı şəhəri 1935-1939-cu illərdə inşa edilmiş İkinci Dünya müharibəsi dövrünə aid bunkerdir. Yeddi bunkerdən ibarət olan bu istehkam nasistlər tərəfindən sahilin müdafiəsi üçün istifadə olunub”, - materialda qeyd edilir.

Hazırda bütün kompleks muzey kimi fəaliyyət göstərir. Obyekt ziyarətçilər üçün açıqdır, həmçinin burada genişləndirmə və bərpa işləri davam etdirilir.

Yeraltı kompleksin yerləşdiyi Volin adası Polşanın Qərbi Pomeraniya voyevodalığında yerləşir. İkinci Dünya müharibəsindən əvvəl Almaniyaya məxsus olan bu ərazi Hitler tərəfindən müdafiənin gücləndirilməsi məqsədilə istifadə edilib.

“Müharibənin sonunda alman ordusu obyekti məhv etməyə çalışsa da, turistlərin içəri daxil olaraq tarixə toxunmasına imkan verəcək qədər hissəsi salamat qalıb. Uzun illər ərzində bu yer yalnız Polşa Xalq Respublikasının ən yüksək rütbəli zabitlərinə məlum olan sirr olaraq qalıb”, - nəşr yazır.

Obyekt 2014-cü ildə ziyarətçilər üçün açılıb. Kompleksi görmək istəyənlər əraziyə yalnız bələdçi ilə daxil ola bilərlər. Burada ümumi uzunluğu təxminən bir kilometr olan yeraltı dəhlizlər şəbəkəsi, eləcə də sahil təpələrinin altında gizlənən bir neçə otaq və sığınacaq yerləşir.

Nəşrin məlumatına görə, ekskursiyalar interaktiv xarakter daşıyır və tarixi hadisələri ziyarətçilərə daha canlı şəkildə təqdim edir. Əvvəlcə turistlər taqımlara bölünür və onları “komandir” müşayiət edir. Ziyarətçiləri hərbi yük maşınları, hasarlar, sovet nümunəsində tikililər və vahiməli atmosfer qarşılayır. Daha sonra “komandir” onları çoxsaylı otaqlardan, tuneldən və mühərrik bölməsinin sığınacağından keçirir.

Bununla belə, nəzərə almaq lazımdır ki, kompleksdə temperatur heç vaxt 10 dərəcədən yuxarı qalxmır. Buna görə də içəridə hava kifayət qədər sərin olur.

“CNN Travel”ın məlumatına görə, kompleksin daxilində dekodlaşdırma məntəqələri, yeraltı mətbəx, tibb otağı və “War Room” adlı komanda məntəqəsi də var.

Hazırda Volin adası Polşanın məşhur kurortlarından biridir. Burada qumlu çimərliklər, Volin Milli Parkı və zəngin vikinqlər tarixi mövcuddur. Dənizkənarı Mendsızdroy kurortu ailələr arasında populyardır. Yaxınlıqdakı Svinuysçe kurort şəhəri də turistlərin diqqətini çəkir və hər iki yaşayış məntəqəsi hərbi bunkerə yaxın ərazidə yerləşir.

Samir
 

0