Ailə qurmaq qərarı iki insanın həyatını birləşdirməklə yanaşı, gələcəkdə yarana biləcək bir çox məsuliyyətin də paylaşılmasını nəzərdə tutur.
Lakin bəzi hallarda tərəflər evlilikdən əvvəl bir-birinin həyatındakı mühüm məqamları bilmədən və ya bu məlumatlardan xəbərsiz şəkildə nikaha daxil olurlar. Xüsusilə narkotik vasitələrdən istifadə kimi ciddi problemin qarşı tərəfdən gizlədilməsi sonradan ailə münasibətlərində ağır nəticələrə yol aça bilər. Belə bir vəziyyət yalnız ər-arvad münasibətlərinə deyil, ailədə böyüyəcək uşaqların həyatına və ümumi ailə mühitinə də təsir göstərə bilər.
Bu səbəbdən nikahdan əvvəl tibbi müayinələrin əhatə dairəsinin genişləndirilməsi məsələsi də müzakirə mövzusuna çevrilir. Gələcək həyat yoldaşlarının narkotik vasitələrdən istifadə edib-etmədiyinin əvvəlcədən müəyyənləşdirilməsi üçün məcburi narkoloji müayinənin tətbiqi nə dərəcədə məqsədəuyğundur?
Bəs belə bir tələb qanunvericilikdə öz əksini tapmalıdırmı? Nikaha hazırlaşan şəxslər üçün narkotestin məcburi olması ailələrin qorunmasına xidmət edər, yoxsa bu, şəxsi həyat və hüquqlara müdaxilə kimi qiymətləndirilə bilər?
“Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri Nailə İsmayılova Hit.az-a açıqlamasında deyib ki, nikah iki insanın həyatını birləşdirən mühüm qərardır:

“Bu qərarın arxasında təkcə sevgi və qarşılıqlı münasibətlər deyil, həm də etibar, məsuliyyət, sağlamlıq və gələcək planlar dayanır. İnsanlar ailə qurarkən bir-birinin xarakterini, dünyagörüşünü, ailə münasibətlərinə baxışını və sağlamlıq vəziyyətini müəyyən qədər bilməyə çalışırlar. Lakin bəzi hallarda insanın qarşı tərəfdən gizlətdiyi vərdişlər sonradan ailənin ciddi problemləri ilə nəticələnir. Bu məsələlərdən biri də narkotik vasitələrdən istifadədir. Əgər insan narkotik vasitələrdən istifadə etdiyini və ya narkotik asılılığı ilə bağlı problemi olduğunu gələcək həyat yoldaşından gizlədirsə, bu, sadəcə şəxsi məsələ kimi qiymətləndirilə bilməz.
Çünki belə bir problem ailə münasibətlərinə, həmçinin ailənin maddi vəziyyətinə, psixoloji mühitə, uşaqların böyüdüyü şəraitə və ümumilikdə ailənin təhlükəsizliyinə təsir göstərən mənfi təsir ola bilər. Məhz buna görə də nikahdan əvvəl məcburi narkotest məsələsinin gündəmə gətirilməsi müəyyən mənada başadüşüləndir. Məqsəd cəzalandırmaq yox, məlumatlı qərar vermək olmalıdır. Hesab edirəm ki, nikaha daxil olmaq istəyən insanların bir-birinin sağlamlığı və həyat tərzi haqqında mümkün qədər məlumatlı olması normal və vacib tələbdir. Nikah könüllü seçimdirsə, bu seçim həm də məlumatlı seçim olmalıdır”.
Həmsöhbətimizin dediyinə görə, bu gün nikaha daxil olmaq istəyən şəxslər tibbi müayinədən keçirlər:
“Mövcud qaydalara əsasən nikaha daxil olmanı təsdiq edən arayış tələb olunur. Eyni zamanda, tibbi müayinənin nəticələrinin məxfiliyi qorunur. Lakin burada mühüm bir sual yaranır - nikaha hazırlaşan insan qarşı tərəfin narkotik vasitələrdən istifadə edib-etmədiyini bilməlidirmi? Təbii ki, bilməlidir. Çünki insan həyatını birləşdirəcəyi şəxsin ciddi sağlamlıq və asılılıq problemi barədə məlumatlı olmadan qərar verirsə, onun seçim imkanları əhəmiyyətli dərəcədə məhdudlaşır.
Bəs məcburi narkotest həqiqətən doğru həll yoludurmu? Məcburi narkotest tətbiq edilərkən insan hüquqları, tibbi məxfilik və şəxsi həyatın toxunulmazlığı da nəzərə alınmalıdır. Bir şəxsin analiz nəticəsinin dövlət qurumlarına və ya başqa insanlara necə təqdim ediləcəyi, kimin bu məlumatı əldə edə biləcəyi və nəticənin hansı hüquqi nəticə doğuracağı əvvəlcədən aydın şəkildə müəyyənləşdirilməlidir. Ən əsası isə narkotik testinin pozitiv çıxması avtomatik olaraq həmin şəxsin “pis insan” və ya ailə qurmağa yararsız olması anlamına gəlməməlidir. Narkotik asılılığı ciddi problemdir və bu problemin həlli yalnız cəza və qadağalarla mümkün deyil”.
Birlik sədri əlavə edib ki, müalicə, psixoloji dəstək, sosial reabilitasiya və insanın normal həyata qayıtması üçün imkanlar da paralel şəkildə təmin edilməlidir:
“Ona görə də əgər gələcəkdə nikahdan əvvəl narkotest məsələsi qanunvericilik səviyyəsində müzakirə edilərsə, məqsəd insanları damğalamaq deyil, ailə quracaq şəxslərin təhlükəsizliyini və ŕməlumatlı seçimini təmin etmək olmalıdır. Narkotik testinin pozitiv nəticəsi birbaşa nikahın bağlanmasına qadağa yaratmamalıdır. Çünki burada asılılıq problemi ilə təsadüfi və ya tibbi səbəbdən yaranan test nəticələrini də bir-birindən fərqləndirmək lazımdır.
Daha doğru yanaşma ondan ibarət ola bilər ki, tibbi müayinə zamanı ciddi narkotik istifadəsi və ŕya asılılıq problemi müəyyən edilərsə, şəxsə peşəkar tibbi yardım təklif olunsun və eyni zamanda gələcək həyat yoldaşının məlumatlı qərar verməsi üçün hüquqi mexanizm yaradılsın. Burada əsas prinsip belə olmalıdır. heç kim xəstəliyinə və ya asılılıq probleminə görə alçaldılmamalıdır, amma heç kim də gələcək həyat yoldaşının sağlamlığı və təhlükəsizliyi ilə bağlı mühüm məlumatı ondan gizlətməməlidir.Ailə qurmaq yalnız iki insanın məsələsi deyil”.
Ekspert diqqətə çatdırıb ki, bəzən “insanın şəxsi həyatıdır”, “özü bilər” deyirik:
“Əlbəttə, insanın şxsi həyatına müdaxilə hörmət edilməlidir. Amma nikah iki insanın birgə həyat qurması deməkdir. Bu münasibətdən uşaqlar dünyaya gəlir, ailə daxilində sosial və psixoloji mühit formalaşır. Narkotik asılılığı olan ɓɓşəxsin ailə qurması qadağan edilməməlidir. Əksinə, həmin şəxsin müalicə olunması və cəmiyyətə normal şəkildə inteqrasiya etməsi üçün imkanlar genişləndirilməlidir. Lakin qarşı tərəfin də öz gələcəyi ilə bağlı məlumatlı qərar vermək hüququ qorunmalıdır. Burada tarazlıq tapmaq mümkündür. Belə ki, nikahdan əvvəl tibbi müayinənin tərkibində narkoloji qiymətləndirmə məsələsinin könüllü və ya xüsusi hüquqi təminatlarla həyata keçirilməsi, ciddi risk aşkarlandıqda isə tərəflərə ailə qurmazdan əvvəl psixoloji və tibbi məsləhət verilməsi müzakirə edilə bilər.
Digər tərəfdən, biz ailə münasibətlərində bütün problemləri testlə həll edə bilmərik. İnsan nikahdan əvvəl narkotestdən keçə bilər, amma onun aqressiv olub-olmamasını, ailəyə münasibətini, məsuliyyət hissini, yalan danışmaq vərdişini və ya gələcəkdə hansı qərarlar verəcəyini bir analiz müəyyən etmir. Deməli, narkotest ailə qurmağa hazırlığın yalnız bir elementi ola bilər. Əsas məsələ isə nikaha daxil olan şəxslərin bir-birinə qarşı dürüst olmasıdır”.
Onun sözlərinə görə, insan ailə quracağı şəxsdən ciddi bir problemi gizlədirsə, bu, gələcək münasibətlər üçün ciddi etimad problemi yaradır:
“Xüsusilə də söhbət narkotik asılılığı kimi insanın davranışına, sağlamlığına və ailə həyatına təsir göstərə bilən problemdən gedirsə. Hesab edirəm ki, nikahdan əvvəl narkoloji müayinə və narkotest məsələsi cəmiyyətdə açıq şəkildə müzakirə olunmalıdır.
Çünki ailə qurmaq istəyən insanların bir-birinin sağlamlığı haqqında doğru məlumat əldə etməsi onların fundamental maraqlarından biridir. Lakin bunu həyata keçirərkən çox ehtiyatlı olmaq lazımdır. Məcburi testin nəticəsi insanın hüquqlarını məhdudlaşdıran, onu cəmiyyətdə damğalayan və ya avtomatik olaraq nikah hüququndan məhrum edən mexanizmə çevrilməməlidir”.
N.İsmayılova hesab edir ki, əsas məqsəd qadağa qoymaq yox, məlumatlı seçim yaratmaq, cəzalandırmaq yox, ailəni qorumaq, damğalamaq yox, müalicəyə və reabilitasiyaya yönəltmək olmalıdır:
“Əgər belə bir sistem qurularsa, onun mərkəzində ilk növbədə gələcək ailənin və uşaqların maraqları dayanmalıdır. Eyni zamanda narkotik asılılığı olan şəxslərin də insan kimi hüquqları, müalicə almaq və cəmiyyətə yenidən inteqrasiya olunmaq imkanları qorunmalıdır. Çünki sağlam ailə yalnız sağlam insanların bir araya gəlməsi ilə deyil, dürüstlük, qarşılıqlı hörmət, məsuliyyət və məlumatlı seçim əsasında qurulur.
Nikahdan əvvəl narkotest məsələsinin mahiyyəti də məhz burada ortaya çıxır: biz insanın həyatına müdaxilə etmək üçün deyil, onun gələcəyi ilə bağlı qərarı həqiqəti bilərək verməsini təmin etmək üçün mexanizm axtarmalıyıq”.
Sevinc


