“Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əlaqələrinin inkişaf etdirilməsi bütövlükdə həm Mərkəzi Asiyanın, həm də Cənubi Qafqazın maraqlarına tam cavab verir”.
Bu sözləri politoloq Aydın Quliyev Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, məsələyə daha geniş miqyasda yanaşdıqda Çin, Cənub-Şərqi Asiya və Türkiyə də daxil olmaqla, bütövlükdə Avropanın maraqlarının Azərbaycan-Mərkəzi Asiya inteqrasiyasının intensivləşməsindən birbaşa asılı olduğunu görə bilərik:
“Çünki bu gün Avropadan Çinə qədər uzanan ən qısa və səmərəli nəqliyyat marşrutları məhz bu iki mühüm bölgədən keçir. Digər regionlarla müqayisədə, həm Cənubi Qafqazda, həm də Mərkəzi Asiyada nəqliyyat-logistika sxemlərinin fəaliyyəti üçün zəruri olan infrastruktur artıq maksimum dərəcədə yaradılıb.
Eyni zamanda, Azərbaycan və Mərkəzi Asiya ölkələri arasındakı əməkdaşlığın inkişafının qlobal nəticələrindən də danışmaq mümkündür. Belə ki, bu ölkələr eyni vaxtda Türk Dövlətləri Təşkilatının, Qoşulmama Hərəkatının, BMT-nin, İslam Əməkdaşlıq Təşkilatının, eləcə də İqtisadi Əməkdaşlıq Təşkilatının və Şanxay Əməkdaşlıq Təşkilatının fəal üzvləridirlər. Bu cür geniş təşkilati təmsilçilik Azərbaycan-Mərkəzi Asiya əlaqələrinin genişlənməsinin qlobal miqyasda nə dərəcədə böyük coğrafi əhəmiyyət daşıdığını göstərir”.
Ekspert qeyd edib ki, bu əlaqələrin inkişafı təhlükəsizliyin təminatı, iqtisadi tərəqqi və yeni nəqliyyat dəhlizlərinin yaradılaraq səmərəli fəaliyyət göstərməsi baxımından son dərəcə vacibdir:
“Artıq Mərkəzi Asiyanın bir sıra ölkələri ilə Azərbaycan arasında əbədi dostluq müqavilələri, strateji tərəfdaşlıq və müttəfiqlik bəyannamələri mövcuddur. Xüsusilə Özbəkistan, Qazaxıstan və Qırğızıstanla müəyyən əhəmiyyətli enerji layihələrinin icrası prosesi gedir. Xəzər dənizində Özbəkistan və Azərbaycanın vahid nəqliyyat donanmasının yaradılması üzərində intensiv iş aparılır.
Bundan əlavə, Qazaxıstan, Özbəkistan və Azərbaycanın iştirakı ilə bölgədə “yaşıl enerji”nin istehsalı və nəqli dəhlizlərinin yaradılması istiqamətində fəal addımlar atılır. Mərkəzi Asiya və Azərbaycan əməkdaşlığının daha da yaxınlaşması Asiya ilə Avropa arasında çox təhlükəsiz və sistemli işləyən Orta Dəhlizin imkanlarını xeyli yaxşılaşdırır. Bu amil həm də Qərbin və Amerikanın xüsusi maraq dairəsində olan məsələlərdəndir”.
Politoloq diqqətə çatdırıb ki, həm Mərkəzi Asiya, həm də Azərbaycan təbii ehtiyatlarla zəngin bölgələrdir:
“Təbii ki, inkişaf və rifah naminə göstərilən səylərlə yanaşı, bu zənginlik bəzi xarici qüvvələrin regiona pis niyyətli müdaxilə cəhdlərinə də zəmin yaradır. Buna görə də, Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığı həm bu bədniyyətli kənar müdaxilələrin qarşısını almaq, həm də mövcud potensialı daha stabil inkişafa yönəltmək baxımından olduqca böyük nəticələr verə bilər”.
Pərviz


