Sosial şəbəkələr insanların ünsiyyət imkanlarını genişləndirsə də, ailə münasibətlərinə təsirsiz ötüşmür.
Xüsusilə ailə üzvlərinin bir-birinə ayırdığı vaxtın azalması, virtual həyatın real münasibətləri kölgədə qoyması və sosial mediada formalaşan yanlış gözləntilər ailə dəyərlərinə təsir göstərə bilər.
Bəs sosial şəbəkələr ailə bağlarını hansı hallarda zəiflədir?
“Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri Nailə İsmayılova Hit.az-a açıqlamasında deyib ki, bu günün reallığına nəzər salsaq, sosial şəbəkələr həyatımızın ayrılmaz hissəsinə çevrilib və insanlar burada yalnız informasiya almır, həm də ünsiyyət qururlar, münasibətlər yaradırlar, gündəlik həyatlarını paylaşaraq müxtəlif ailə modellərini müşahidə edirlər:

“Sosial şəbəkələrin imkanları artdıqca onların ailə münasibətlərinə təsiri də daha ciddi müzakirə olunur. Ailə kiçik bir dövlətdir. Dövlətlər arasındakı münasibətlərin tənzimlənməsi də danışıqlar xüsusi rol oynayırsan, ailə münasibətlərində də canlı ünsiyyəti təsiri danılmazdır. Təəssüf ki, bu gün bu canlı ünsiyyətin azalmasına ən böyük mənfi təsir göstərən amil məhz sosial şəbəkələrdir. Eyni evdə yaşayan insanlar bəzən saatlarla bir-birinin yanında olsa da, hər kəs telefon ekranına bağlanır.
Daha açıq şəkildə ifadə etsək, valideyn uşağın yanındadır, amma yanında deyil, onlar biri-birilə danışmır, söhbət etmir, həyat yoldaşları bir-birinə vaxt ayırmaq əvəzinə sosial şəbəkələrdə başqa insanların həyatını izləyirlər. Nəticə etibarilə, fiziki yaxınlıq qalsa da, emosional yaxınlıq isə zamanla zəifləyir.
Digər ciddi məsələ ailə həyatının sosial şəbəkələrdə nümayiş etdirilən “ideal həyat”la müqayisə olunmasıdır. İnsanlar, adətən, həyatlarının ən xoş, ən uğurlu anlarını paylaşımlar. Bu, onların həyatlarının anlıq hissəsi olsa da, izləyici isə həmin görüntüləri real həyatın tam mənzərəsi kimi qəbul edirlər. Bu zaman öz ailəsi, həyat yoldaşı, maddi imkanları və gündəlik həyatları ilə bağlı narazılıq yaranır. Halbuki sosial şəbəkədə görünən ailə ilə real ailə həyatının bütün tərəfləri eyni deyil”.
N.İsmayılova onu da əlavə edib ki, sosial şəbəkələr ailə daxilində etimad, inam, etibar kimi müsbət keyfiyyətləri də zədələyə bilir və yeni problemlərin yaranma səbəbi olur:
“Belə ki, kiminlə yazışmaq, hansı səhifələri izləmək, kimin paylaşımına reaksiya vermək kimi məsələlər bəzən qısqanclığa və mübahisələrə yol açır. Virtual ünsiyyətin sərhədləri düzgün müəyyən edilmədikdə münasibətlərdə şübhə və emosional gərginlik artır. Xüsusilə uşaqlar və yeniyetmələrlə bağlı məsələlər daha həssasdır. Onlar sosial şəbəkələrdə müxtəlif ailə münasibətləri, davranış modelləri və həyat tərzləri ilə qarşılaşırlar.
Valideyn nəzarəti və sosial şəbəkələrdə paylaşılan hadisələrlə barəsində düzgün izah olmadıqda uşaq virtual aləmdə gördüyü hər davranışı normal və qəbulolunan hesab edir.
Bu isə ailə daxilində böyüklərə hörmət, məsuliyyət, səbir, qarşılıqlı qayğı kimi dəyərlərin formalaşmasına təsir mənfi təsir göstərir. Həmçinin, sosial şəbəkələrdə ailə problemlərinin ictimailəşdirilməsi də təhlükəli tendensiyadır.
Mübahisələrin, şəxsi yazışmaların, ailə üzvləri haqqında ittihamların və uşaqlarla bağlı məsələlərin geniş auditoriyaya çıxarılması problemin həllinə deyil, daha da böyüməsinə gətirib çıxarır. Ailə daxilində həll edilməli olan məsələnin ictimai müzakirəyə çevrilməsi tərəflər arasındakı münasibətləri daha da gərginləşdirir və qarşılıqlı intiriqalar yaradır. Onu da demək lazımdır ki, sosial şəbəkələri ailə dəyərlərinin düşməni kimi təqdim etmək düzgün deyil”.
Ekspertin sözlərinə görə, problem texnologiyada deyil, ondan necə və hansı məqsədlə istifadə edilməsindədir:
“Unutmaq olmaz ki, sosial şəbəkələr həm də biri birindən uzaqda olan ailə üzvlərinə əlaqə saxlamaq üçün optimal şərait və faydalı məlumatların əldə edilməsinə, maariflənməyə və sosial dəstəyə imkan yaradır. Ən əsas məsələ ailədə rəqəmsal mədəniyyətin formalaşdırılmasıdır.
Evdə müəyyən vaxtlarda telefonlardan uzaq qalmaq, ailəvi söhbətlərə üstünlük vermək, uşaqların internet davranışına maraq göstərmək və ən əsası, valideynlərin öz davranışları ilə nümunə olması vacibdir. Uşağa “telefonu kənara qoy” deməklə yanaşı, valideyn özü də nümunə göstərərək ailə söhbəti zamanı telefonunu kənara qoymalıdır. Fikrimcə, müasir ailənin qarşısında duran əsas vəzifələrdən biri texnologiya ilə ailə münasibətləri arasında sağlam sərhəd yaratmaqdır.
Çünki ailə yalnız eyni evdə yaşayan insanların birliyi deyil, həm də bir-birini dinləmək, anlamaq, dəstəkləmək, birlikdə vaxt keçirmək və mənəvi bağları qorumaqdır. Sosial şəbəkələr bu mənəvi bağların yerini tutmamalıdır.
Əgər virtual dünya ailə daxilindəki canlı ünsiyyəti əvəz etməyə başlayırsa, artıq məsələ sadəcə telefon istifadəsi deyil, ailə münasibətlərinin keyfiyyəti məsələsinə çevrilir. Müasir ailə texnologiyadan imtina etməməli, lakin texnologiyanın ailə həyatını idarə etməsinə də imkan verməməlidir”.
Sevinc


