Dünyanın aparıcı kakao istehsalçılarından biri olan Ekvadorda rekord yağıntılar məhsul yığımına ciddi zərbə vurub. Təbii fəlakət qlobal kakao tədarükündə problemlərə, nəticədə isə şokoladın qiymətinin artmasına səbəb ola bilər.
HİT.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Məlumata görə, Sakit okeanda baş verən El-Ninyo iqlim hadisəsi Ekvadorda güclü yağışlara və daşqınlara səbəb olub. Nəticədə kənd yolları dağılıb, kakao plantasiyalarına ziyan dəyib, ağaclarda müxtəlif xəstəliklərin yayılması sürətlənib. Yağıntılar kakao dənələrinin keyfiyyətinə də mənfi təsir göstərib.
Xüsusilə ölkənin kakao istehsalının böyük hissəsinin cəmləşdiyi sahil bölgələrində vəziyyət ağırlaşıb. Oktyabr ayında bu ərazilərdə yağıntının miqdarı tarixi göstəriciləri 100 dəfədən çox üstələyib.
Proqnozlara əsasən, cari mövsümdə Ekvadorda kakao istehsalı 580 min tona qədər azalacaq. Bu, əvvəlki proqnozlardan təxminən 7 faiz azdır. Qeyd edək ki, Ekvador dünyada ən çox kakao istehsal edən üçüncü ölkədir.
Tədarükdə yaranan çətinliklər Qərbi Afrikadakı kakao çatışmazlığının Ekvador hesabına kompensasiya olunacağı ilə bağlı gözləntiləri də zəiflədir. Son illərdə iqlim dəyişikliyi və bitki xəstəlikləri səbəbindən qlobal kakao bazarında yaranan problemlər fonunda bu ölkə mühüm alternativ təchizatçıya çevrilib.
Ekvadorun əhəmiyyəti Avropa İttifaqının meşələrin qırılmasına qarşı yeni siyasəti fonunda daha da artır. Bu qaydalar Qərbi Afrikadan xammal tədarükünü çətinləşdirə, Latın Amerikası ölkəsinin isə şokolad sənayesinin təchizat zəncirində rolunu gücləndirə bilər.
Hazırda Qərbi Afrikada ötən mövsümdən qalan böyük kakao ehtiyatları Nyu-York və London birjalarında qiymətlərin kəskin artmasının qarşısını alır. Bununla belə, Ekvadorda yerli kakao dənələrinin qiyməti artıq Nyu-York fyuçerslərinin dəyərinə yaxınlaşıb. Əlverişsiz hava şəraiti başlamazdan əvvəl isə bu məhsulun bir tonu birja qiymətindən təxminən 300 dollar ucuz satılırdı.
Beləliklə, Ekvadorda məhsul itkisi davam edərsə, dünya bazarında kakao təklifi azala və bu, şokolad məhsullarının qiymətlərinə də təsir göstərə bilər.
Samir


