Bir uşağın öskürəyi bütün sinfi xəstələndirə bilər

SAĞLAMLIQ
14:20 / 13.11.2026
92

Son zamanlar öskürək, qrip və digər tənəffüs yolu infeksiyalarının yayılması xüsusilə məktəblilərin və bağçaya gedən uşaqların valideynlərini narahat edir.

Uşaqların kollektiv mühitdə daha çox vaxt keçirməsi infeksiyaların birindən digərinə ötürülməsini asanlaşdırır. Bəzən bir uşaqda başlayan xəstəlik qısa müddətdə bütün sinfə, hətta ailə üzvlərinə də yayıla bilir.  Məktəbə və ya bağçaya sağlam gedən uşaq günün sonunda burun axmsı, öskürək, boğaz ağrısı və halsızlıqla evə qayıda bilər. 

Bunun səbəbi isə kollektivdə xəstə uşaqla təmasda olmasıdır. Xüsusilə payız aylarında respirator infeksiyaların yayılması üçün məktəb və bağçalar əlverişli mühitə çevrilə bilir. Eyni sinifdə saatlarla vaxt keçirən, bir-biri ilə yaxın ünsiyyətdə olan uşaqlar arasında virusların ötürülməsi daha asan baş verir. Bəzən xəstə uşağın sinifdə bir neçə dəfə öskürməsi və ya asqırması belə ətrafdakıların yoluxma riski ilə üzləşməsinə səbəb ola bilər.

Məsələ yalnız xəstə uşağın öskürməsi ilə də bitmir. Onun toxunduğu partalar, oyuncaqlar, qapı tutacaqları və digər ümumi əşyalar da bəzi infeksiyaların yayılmasında rol oynaya bilər. Üstəlik, kiçik yaşlı uşaqlar gigiyena qaydalarına hər zaman düzgün əməl edə bilmirlər. 

Buna görə də xəstəlik əlamətləri olan uşağın sağalana qədər məktəbə və bağçaya göndərilməməsi, kollektivdə gigiyena qaydalarına diqqət yetirilməsi və xəstə şəxslərin maskadan düzgün istifadə etməsi yoluxma riskinin azaldılması baxımından vacibdir.

Sevinc

0