Deputat: “Dublin sammiti İlham Əliyevin dünya miqyaslı liderliyini bir daha nümayiş etdirdi”

SİYASƏT
15:00 / 17.11.2026
223

“Dublində keçirilən Avropa Siyasi Birliyinin IX Zirvə toplantısı Azərbaycanın beynəlxalq mövqeyinin, Prezident İlham Əliyevin siyasi nüfuzunun və liderlik miqyasının bir daha nümayişi baxımından xüsusi əhəmiyyət daşıyır”.

Bu sözləri Milli Məclisin deputatı Jalə Əliyeva Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, bu sammitdə dövlətimizin başçısının iştirakı və keçirdiyi çoxsaylı yüksək səviyyəli görüşlər bir həqiqəti aydın şəkildə ortaya qoydu: 


“Prezident İlham Əliyev müasir dünyanın siyasi gündəliyində özünəməxsus yeri, sözü və mövqeyi olan dünya miqyaslı liderdir. Hesab edirəm ki, bu səfəri yalnız diplomatik təmaslar və ikitərəfli görüşlər kontekstində qiymətləndirmək düzgün olmazdı. 

Burada daha mühüm məqam Azərbaycanın beynəlxalq münasibətlər sistemində qazandığı mövqenin və dövlət başçımızın şəxsiyyətində təcəssüm edən güclü siyasi liderliyin nümayişidir. Təxminən 50 dövlət və hökumət başçısının iştirak etdiyi mötəbər platformada Prezident İlham Əliyevin fəal iştirakı, müxtəlif ölkələrin liderləri ilə təmasları Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisidir”.

Millət vəkili qeyd edib ki, Dublin görüşləri bir daha Azərbaycanın artıq beynəlxalq proseslərin kənarında dayanan deyil, regional və qlobal gündəliyin formalaşmasında iştirak edən, mühüm məsələlər üzrə mövqeyi nəzərə alınan dövlət olduğunu sübut etdi:
“Avropanın enerji təhlükəsizliyində Azərbaycanın artan rolu, Şərq-Qərb nəqliyyat əlaqələrinin inkişafında ölkəmizin strateji əhəmiyyəti, sülh və əməkdaşlıq təşəbbüsləri bu nüfuzun real siyasi və iqtisadi əsaslarını təşkil edir. Böyük Britaniya ilə Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması, Avropa İttifaqı rəhbərliyi ilə enerji və nəqliyyat əməkdaşlığının müzakirəsi, Ukrayna, Moldova, Rumıniya, Yunanıstan və digər ölkələrin liderləri ilə keçirilən görüşlər Azərbaycanın geniş beynəlxalq tərəfdaşlıq şəbəkəsini bir daha nümayiş etdirdi. Ermənistanın baş naziri ilə təmaslar isə regionda davamlı sülhün və yeni əməkdaşlıq imkanlarının müzakirəsi baxımından əhəmiyyətli idi.

Bütün bunların arxasında, şübhəsiz ki, Prezident İlham Əliyevin ardıcıl, praqmatik və uzaqgörən xarici siyasəti dayanır. Dövlət başçımız beynəlxalq münasibətlərdə emosiyalarla deyil, milli maraqlara əsaslanan siyasi düşüncə və dəqiq strateji hesablamalarla hərəkət edir. O, Azərbaycanın maraqlarını qətiyyətlə müdafiə etməklə yanaşı, müxtəlif siyasi mərkəzlərlə qarşılıqlı hörmətə və bərabərhüquqlu tərəfdaşlığa əsaslanan münasibətlər qurmağı bacarır”.

Həmsöhbətimiz diqqətə çatdırıb ki, bu gün Prezident İlham Əliyevin beynəlxalq siyasi çəkisini müəyyən edən əsas amillərdən biri də onun sözünün və mövqeyinin arxasında real dövlət gücünün dayanmasıdır:
“Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş, müstəqil siyasət yürüdən, enerji və nəqliyyat təhlükəsizliyində mühüm rol oynayan, regionda yeni geosiyasi reallıqlar formalaşdıran dövlətdir. Dublin sammitinin ən mühüm siyasi mesajlarından biri də məhz budur: güclü lider güclü dövlətin beynəlxalq mövqeyini müəyyənləşdirir. 

Prezident İlham Əliyevin timsalında biz milli maraqlarını beynəlxalq müstəvidə yüksək səviyyədə müdafiə edən, mürəkkəb geosiyasi proseslərdə düzgün qərarlar qəbul edən və Azərbaycanın nüfuzunu daim yüksəldən lider görürük”.

Jalə Əliyeva vurğulayıb ki, bu gün Azərbaycan Prezidentinin beynəlxalq platformalarda iştirakı sadəcə protokol xarakterli hadisə deyil: 
“Bu, müstəqil Azərbaycanın artan siyasi çəkisinin, dövlətimizin beynəlxalq etimadının və yeni geosiyasi reallıqların təsdiqidir. Dublin sammiti də bir daha göstərdi ki, Azərbaycan dünya siyasətində öz sözü olan dövlətdir və Prezident İlham Əliyev bu sözün ən yüksək səviyyədə ifadəçisidir”.

Elmir Mustafa

0