Bəzi insanlar üçün ad günü ilin ən sevincli günlərindən biri olsa da, digərləri bu tarixin mümkün qədər tez keçməsini istəyir. Psixoloqlar hesab edirlər ki, bunun səbəbi hər zaman aşağı özünəqiymətləndirmə və ya depressiya deyil. Bəzən keçmişdə yaşanan məyusluqlar insanın ad gününə münasibətini tamamilə dəyişə bilər.
HİT.az xəbər verir ki, bu barədə İspaniyanın “La Razón” nəşri məlumat yayıb.
Psixoloqların fikrincə, ad gününü adi gün kimi qəbul edən insanlar çox vaxt müstəqil olmağa, tək vaxt keçirməyə və özlərini müstəqil şəkildə xoşbəxt etməyə alışmış şəxslərdir. Buna görə də onların bu günü xüsusi şəkildə qeyd etməyə ehtiyac duymaması mütləq psixoloji problemlə əlaqələndirilməməlidir.
Bununla belə, psixoloq Nikolas Salcedo diqqətə çatdırıb ki, bəzi insanlar əvvəllər ad günlərindən sevinc gözləsələr də, zamanla bu münasibətləri dəyişib. Onlar bir vaxtlar özlərini xüsusi hiss etməyə ümid ediblər, lakin gözlədikləri diqqəti görmədikləri üçün məyus olublar.
Mütəxəssisə görə, belə təcrübələrdən sonra insan özünü növbəti məyusluqdan qorumaq üçün ad gününə marağını itirə bilər. Həmin tarix yaxınlaşanda heç nə etmək istəmir və günün mümkün qədər tez başa çatmasını gözləyir.
Araşdırmalarda ad günü insanın həyatına nəzər saldığı, münasibətlərini, məqsədlərini və əldə etdiyi nəticələri qiymətləndirdiyi xüsusi zaman nöqtəsi kimi xarakterizə olunur. Bu gün insanın diqqət mərkəzində olması da özünə münasibətinə təsir göstərə bilər.
Salcedo bu vəziyyəti “özünü doğruldan proqnoz” anlayışı ilə əlaqələndirir. Belə ki, insan əvvəlcədən mənfi nəticə gözlədikdə davranışlarını da həmin gözləntiyə uyğun qurur. Məsələn, diqqət görməyəcəyini düşündüyü üçün ad gününü qeyd etməkdən imtina edir, yaxınlarından uzaqlaşır və müsbət təcrübə yaşamaq imkanlarını özü məhdudlaşdırır.
Nəticədə gözlədiyi mənfi mənzərə reallaşdıqda məyusluqdan qaçdığını düşünsə də, müsbət hadisələr baş verəndə belə, sevincdən çox rahatlıq hiss edir.
Psixoloqların yanaşmasına görə, ad gününü sevməmək hər zaman insanın xoşbəxt ola bilməməsi demək deyil. Bəzən bu münasibətin arxasında keçmişdə qarşılanmamış gözləntilər və təkrar məyusluqdan qorunmaq istəyi dayanır.
Samir

