Fransalı alimlər siyənək balıqlarının kürüləmə dövründə öz kürülərini yediklərini aşkarlayıblar. Araşdırmaya görə, balıqların bu davranışı qida çatışmazlığı ilə əlaqədardır və onlara enerji ehtiyatlarını bərpa etməyə kömək edir.
HİT.az xəbər verir ki, bu barədə Fransanın “Le Figaro” nəşri məlumat yayıb.
Fransa Dəniz İstismarının Elmi-Tədqiqat İnstitutunun (Ifremer) alimləri siyənəklərin qidalanma xüsusiyyətlərini araşdırmaq üçün 2022-ci il noyabrın 15-dən dekabrın 20-dək Fransa sahillərində, Somma körfəzi ilə Dunkerk arasında tutulan balıqların mədə möhtəviyyatını təhlil ediblər.
Tədqiqatın nəticələri gözlənilməz olub. İlk dörd həftə ərzində balıqların mədələri, demək olar ki, boş olsa da, beşinci həftədə onların orqanizmində yüzlərlə, bəzi hallarda isə mindən çox kürü aşkarlanıb. Proqram vasitəsilə müəyyən edilən qida nümunələrinin 99 faizinin kürü olduğu üzə çıxıb.
Alimlər bu davranışı kürüləmə dövründə zooplanktonun azalması ilə izah edirlər. Adətən siyənəklər bu mərhələdə qidalanmanı minimuma endirir, miqrasiyadan əvvəl isə enerji ehtiyatı toplayırlar. Lakin qida çatışmazlığı onları əlavə enerji mənbəyi kimi öz kürülərindən istifadə etməyə sövq edir.
Mütəxəssislərin fikrincə, kürü qida maddələri ilə zəngindir və asanlıqla həzm olunur. Bu, xüsusilə kürüləmədən sonra zəifləmiş balıqlar, o cümlədən dişi və yaşlı fərdlər üçün əhəmiyyətlidir. Çünki siyənəkləri kürüləmə prosesindən sonra uzun və enerji tələb edən geri miqrasiya gözləyir.
Alimlər hesab edirlər ki, balıqların öz kürülərinin bir hissəsini yeməsi onların enerji ehtiyatını müəyyən qədər bərpa etməsinə və miqrasiyaya hazırlaşmasına imkan verir. Bununla belə, bu davranışın növün ümumi populyasiyasına təsiri hələ tam aydın deyil.
Tədqiqatın müəllifləri araşdırmanın məhdud ərazidə və az sayda nümunə əsasında aparıldığını bildiriblər. Onlar gələcəkdə bu davranışın bütün siyənək populyasiyalarında müşahidə edilib-edilmədiyini, həmçinin iqlim dəyişikliyi nəticəsində zooplanktonun azalmasının kannibalizmi gücləndirib-gücləndirməyəcəyini araşdırmağı planlaşdırırlar.
Araşdırmanın nəticələri 2026-cı ildə “Canadian Journal of Fisheries and Aquatic Sciences” elmi jurnalında dərc olunub.
Samir

