“Bəzi insanlar adrenalin və maraq dolu uzunmüddətli xarici ölkə tətilindən dönüşdə işə və həyata uyğunlaşmaqda çətinlik çəkirlər”.
Bu sözləri psixoloq Nabat Mirzəyeva Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, uzunmüddətli və maraq dolu tətil insanda həm emosional, həm də psixoloji vəziyyətində ciddi təsir göstərə bilər:
“Çünki insan istər-istəməz tətil zamanı yeni ölkələr kəşf edir, fərqli mədəniyyətlərlə tanış olur, gündəlik rutindən uzaqlaşır, daha çox sərbəstlik və həyəcanlı zamanlar yaşayır. Bütün bunlar onun həyatına yenilik, zövq və emosional canlılıq gətirir. Tətil zamanı insanın diqqəti daim yeni bir təcrübələrə yönəlir.
Bu gün nə edəcək? Bir neçə saatdan sonra nələr olacaq? Yeni məkanlar, yeni hadisələr, səyahət planları və xoş anlar insanın motivasiyasını artırır və beynin mükafat sistemi bu yeniliklərə reaksiya verir”.
Ekspert qeyd edib ki, insan sanki gündəlik həyatından daha fərqli, rəngli, həyəcan və maraq dolu emosional bir mühitdə olur:
“Ancaq tətil bitdikdən sonra insan yenidən eyni iş qrafikinə, gündəlik problemlərə və rutinə qayıdır. Bu da həmin o maraq və tətil dolu anlar bitib və yenidən rutin olan bir zamana dönmək deməkdir. Əsas məsələ odur ki, insanın emosional vəziyyəti ilə gündəlik həyatının ritm arasında müəyyən bir kontrast yaranır. Yəni tətil zamanı yaşadığı yüksək emosional canlılıqdan sonra adi həyat ona daha monoton, darıxdırıcı və hətta yorucu bir görünə bilir.
Bəzən insanın çətinliyi yalnız işə qayıtmaqla bağlı olmur. O, eyni zamanda yaşadığı azadlıq hissənin və ani plan dəyişikliklərinin, özünə ayırdığı zamanın bitməsinə görə də məyusluq yaşaya bilir. İnsan sadəcə xarici ölkədən qayıtmır, həm də müəyyən bir emosional vəziyyətdən ayrılır. Daha dəqiq desək, adrenalin dolu, yüksək emosionallıqdan ibarət bir gündən ayrılmış kimi hiss edir”.
Həmsöhbətimizin sözlərinə görə, psixoloji baxımdan bu halı tətil sonrası emosional eniş adlandırmaq olar:
“Sözsüz ki, bu özlüyündə psixoloji xəstəlik deyil və əksər hallarda müvəqqəti olur. Bədən və beyin bir neçə gündən sonra artıq yenidən gündəlik ritmə uyğunlaşa. Bəs buna uyğunlaşmağı necə asanlaşdırmaq olar? İlk növbədə tətildən son günü işə qayıdışı birləşdirməmək faydalıdır.
Yəni mümkündürsə tətildən evə qayıtdıqdan bir-iki gün sonrakı işə dönün. Çünki gündəlik rejimə uyğunlaşmaq üçün özünüzə vaxt ayırmaq lazımdır. Bundan başqa, gündəlik həyatınıza kiçik yeniliklər daxil etmək və yenidən səyahət planı qurmaq sizi monotonluqdan azad edə bilər”.
Psixoloq əlavə edib ki, tətili yalnız keçmişdə qalan xoşbəxt bir dövr kimi görmək lazım deyil:
“İnsan həmin tətil zamanı özünü necə hiss etdiyini analiz edərək, daha çox nədən uzaqlaşmaq istədiyini tapa bilər. Ancaq əhvalın mütəmadi olaraq aşağı olması, yuxu problemləri, motivasiya itkisi, gündəlik fəaliyyətlərə marağın azalması uzun müddət davam edərsə, bunu yalnız tətil sonrası adaptasiya ilə izah etmək olmaz. Bu zaman psixoloji vəziyyəti daha ətraflı qiymətləndirmək faydalıdır.
Ümumiyyətlə, tətil insanın həyatından qaçış deyil, həyatına yenidən enerji toplamaq üçün bir fasilə olmalıdır. Əsas məqsəd yalnız səyahət etdiyimiz günlərdə xoşbəxt olmaq deyil, gündəlik həyatımızda da özümüz üçün sevinc, rahatlıq və mənalı anlar yarada bilməkdir”.
Pərviz


