İnsanların dəyərləri ildə iki dəfə dəyişir – Psixoloqların araşdırması

MARAQLI
09:30 / 23.11.2026
34

İnsanların davranış və seçimlərinə təsir edən bəzi əsas dəyərlər ilin müxtəlif dövrlərində dəyişə bilər. Psixoloqların araşdırmasına görə, 10 əsas insani dəyərdən dördü il ərzində mövsümi dəyişikliklərə məruz qalır.

HİT.az xəbər verir ki, bu barədə Britaniya Kolumbiyası Universitetinin alimlərinin “PLOS One” elmi jurnalında dərc olunan tədqiqatında bildirilir. Araşdırma çərçivəsində 13 il ərzində ABŞ-da təxminən 32 min nəfərin sorğu cavabları təhlil edilib.

Tədqiqatçılar insanların dəyərlərini ölçmək üçün psixologiyada geniş istifadə olunan Şvartsın dəyərlər sorğusundan yararlanıblar. 57 sualdan ibarət test vasitəsilə 10 əsas insani dəyər qiymətləndirilib. 2007–2020-ci illəri əhatə edən məlumatlar təhlil edildikdən sonra dörd dəyərdə müntəzəm mövsümi dəyişikliklər aşkarlanıb.

Bunlardan biri konformluqdur. Bu anlayış insanın başqalarına zərər verə biləcək davranışlardan çəkinməsi, sosial qaydalara və gözləntilərə uyğun hərəkət etməsi deməkdir. Araşdırmaya görə, bu xüsusiyyət fevral-mart aylarında daha yüksək, avqust-sentyabrda isə daha aşağı səviyyədə olur.

Hakimiyyət və nailiyyətlərə can atmaq dəyərləri əsasən yanvar və fevralın əvvəlində güclənir. İyul ayında da bu göstəricilərdə ikinci yüksəliş müşahidə olunur. Alimlər yanvardakı artımı yeni ilin başlanması ilə insanların qarşılarına yeni məqsədlər qoymağa daha çox meyil göstərməsi ilə əlaqələndirirlər.

Xeyirxahlıq dəyəri isə aprel və oktyabr aylarında ən yüksək həddə çatır. Bununla belə, tədqiqatçılar bu dəyişikliklərin səbəbini hələlik dəqiq izah edə bilmirlər.

Alimlərin ehtimallarına görə, konformluğun mövsümi dəyişməsi günün uzunluğunun sürətlə artıb-azalması ilə bağlı ola bilər. Yaz və payız aylarında gün işığının müddətindəki dəyişikliklər insanlarda qeyri-sabitlik hissini gücləndirə və onları daha çox sosial normalara bağlı olmağa sövq edə bilər.

Tədqiqat müəllifləri hesab edirlər ki, bu nəticələr psixoloji araşdırmaların aparılması zamanı nəzərə alınmalıdır. Belə ki, sorğuların ilin müxtəlif aylarında keçirilməsi nəticələrə təsir edə, hətta ölkələrarası müqayisələrdə yanlış qənaətlərin yaranmasına səbəb ola bilər.

Samir
 

0