Qurban Qurbanov baş məşqçi karyerasında 900-cü oyuna çıxdı

İDMAN
12:24 / 23.11.2026
56

Misli Premyer Liqasının XII turu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov üçün əlamətdar olub.

Bu barədə HİT.az-a Peşəkar Futbol Liqasından məlumat verilib.

"Kəpəz"lə görüş təcrübəli mütəxəssisin baş məşqçi karyerasında ümumilikdə 900-cü, "Qarabağ"da isə 850-ci oyun kimi tarixə düşüb. O, indiki klubundan başqa "Neftçi"də 38, Azərbaycan millisində 12 matçda iş başında olub.

Qurbanovun karyerasındakı 900 görüşdən 598-i Premyer Liqada, 88-i ölkə kubokunda, 202-si avrokuboklarda baş tutub. Millidəki 12 qarşılaşma da nəzərə alınmaqla, onun komandaları 520 qələbə qazanıb, 208 heç-heçə edib və 172 dəfə uduzub.

"Qarabağ"dakı 850 qarşılaşmadan 570-i Premyer Liqa, 80-i kubok, 200-ü qitə kuboklarına təsadüf edib. Bu matçlarda 491 qələbə, 197 heç-heçə və 162 məğlubiyyət qeydə alınıb.

Qeyd edək ki, iki turdan sonra Premyer Liqada 600-cü matçına çıxacaq mütəxəssisin həm karyerasında, həm də indiki klubunda debütü də bu turnirə təsadüf edib. 2006-cı il avqustun 6-da "Neftçi"nin "sükanı arxası"nda "Gənclərbirliyi" ilə ev qarşılaşmasında (6:1) debüt edən Qurbanov 2008-ci il avqustun 9-da "Bakılı" ilə səfər matçında (2:1) "Qarabağ"ı ilk sınağa çıxarıb.

0