İsveçrə Alplarında 4 min il yaşı olan tunc boyunbağı tapıldı

DÜNYA
12:02 / 23.11.2026
32

İsveçrənin Alp dağlarında, dəniz səviyyəsindən 2600 metrdən çox yüksəklikdə təxminən 4 min il yaşı olan tunc bəzək əşyası aşkarlanıb. Arxeoloqlar hesab edirlər ki, bu əşya qədim dövrdə həmin əraziyə məqsədli şəkildə qoyulub və qurbanvermə mərasimi ilə əlaqəli ola bilər.

HİT.az xəbər verir ki, tapıntı Bern kantonunun Arxeologiya Xidmətinin əməkdaşları tərəfindən Löçen aşırımında aşkar edilib.

Təxminən 13 santimetr ölçüsündə olan tunc boyun halqası 2026-cı ilin oktyabrında buzlaqların əriməsi nəticəsində üzə çıxan ərazilərin yoxlanılması zamanı tapılıb.

Mütəxəssislərin məlumatına görə, bəzək əşyası eramızdan əvvəl 2000-1700-cü illəri əhatə edən Erkən Tunc dövrünə aiddir. Bu, Löçen aşırımında aşkar edilən tarixəqədərki dövrə məxsus ilk iri metal əşya və ilk tunc bəzək nümunəsidir.

Tapıntının yaxşı vəziyyətdə qorunub saxlanılması da arxeoloqların diqqətini çəkib. Əşya ehtiyatla ərazidən çıxarıldıqdan sonra Bern şəhərində konservasiya prosesinə cəlb olunub.

Alimlərin ehtimalına görə, boyun halqası həmin ucqar əraziyə təsadüfən düşməyib. Onun təhlükəsiz səfər arzusunu ifadə edən bir nəzir, qoruyucu talisman və ya uğurla başa çatmış səyahətə görə təşəkkür məqsədilə qoyulduğu düşünülür.

Qeyd edək ki, buzlaqların əriməsi son illərdə arxeoloqlar üçün yeni imkanlar yaradıb. Əsrlər və minilliklər ərzində buz altında qalan əşyalar üzə çıxdıqca qədim insanların həyatı və dağ marşrutlarından istifadə tarixi ilə bağlı yeni məlumatlar əldə olunur.

Samir
 

0