“Formula 1” Azərbaycanın turizminə TÖHFƏ VERİR

TURİZM
13:00 / 25.09.2026
253

“Formula 1” Azərbaycan Qran-Prisinin 10-cu yubileyində Bakıya gələn xarici turistlərin sayının rekord həddə çataraq 16 mini keçməsi ölkəmizin beynəlxalq idman və turizm xəritəsindəki mövqeyini daha da möhkəmləndirir. 

Ötənilki 14 minlik göstəricini geridə qoyan bu tarixi rekord qlobal avtosport həvəskarlarının diqqətinin məhz Azərbaycan paytaxtına yönəldiyini aydın şəkildə sübut edir. Biletlərin 120-dən çox ölkədən olan azarkeşlər tərəfindən alınması yarışın coğrafi miqyasını genişləndirməklə yanaşı, Bakının qlobal brend kimi tanınmasına böyük təkan verir. Bu cür kütləvi xarici axın ölkənin mehmanxana, ictimai iaşə, nəqliyyat və xidmət sektorlarına birbaşa milyonlarla manatlıq maliyyə dividentləri qazandırır. 

Dünyanın müxtəlif guşələrindən gələn minlərlə turist Azərbaycanın zəngin mədəniyyəti, mətbəxi və qonaqpərvərliyi ilə yaxından tanış olaraq ölkəmizin könüllü təbliğatçısına çevrilirlər. Eyni zamanda, yüz milyonlarla qlobal televiziya tamaşaçısının diqqətini Bakının modern və tarixi arxitekturasına cəlb edən yarış Azərbaycanın uzunmüddətli turizm potensialını kəskin şəkildə artırır. Reallıq budur ki, “Formula 1” yalnız bir avtoyarış şousu deyil, həm də Azərbaycanın beynəlxalq turist axınını davamlı olaraq stimullaşdıran ən uğurlu qlobal layihələrindən biridir.

Turizm ekperti Ceyhun Aşurov Hit.az-a açıqlamasında deyib ki, “Formula 1” yarışları ilə bağlı ölkəmizə gələn xarici turistlərin sayı xeyli artıb:


“Artıq son bir neçə ildəki biletlərin böyük əksəriyyətinin məhz əcnəbi turistlər tərəfindən alındığının şahidi oluruq. Bu isə o deməkdir ki, “Formula 1” yarışlarının Bakıda keçirilməsi artıq tamamilə özünü doğruldub. Son bir neçə gün ərzində Bakı şəhərində olan otellərin doluluğundan və qiymətlərə təsirindən də bunu görə bilirik. Aydın şəkildə hiss olunur ki, “Formula 1” ərəfəsində Bakı şəhəri kifayət qədər turist qəbul edib”.

Ekspert qeyd edib ki, “Formula 1” ilə əlaqədar gələn turistlərin sayı qısamüddətli dövrdə çox olsa da, uzunmüddətli dövr üçün ölkəmizin və Bakının turizm destinasiyası kimi tanınmasında bunun çox böyük əhəmiyyəti var: 
“Çünki bu tədbirin keçirilməsi həm beynəlxalq mediada yayımlanır, eyni zamanda canlı şəkildə izlənilir, sosial şəbəkələr və internet məkanında paylaşılır. Bu müddət ərzində demək olar ki, dünyada bütün xəbərlərdə Azərbaycan və Bakı haqqında insanlar məlumat almış olurlar. Əlbəttə ki, bir turizm destinasiyası kimi ölkəmizin tanıdılması baxımından bunun əhəmiyyəti böyükdür”.

Ceyhun Aşurov vurğulayıb ki, gələcəkdə bu turistləri bölgələrə də yönləndirəcək addımlar atmalıyıq:
“Gələcəkdə ölkə olaraq elə bir turizm siyasətini yerinə yetirməliyik ki, bu kimi böyük tədbirlərə gələn turistlər bir neçə gün də regionlarımıza səyahət etsinlər. Təbii ki, gələn turistlər təkcə tədbirdə iştirak etmir, digər turizm məhsullarından da istifadə edirlər. Öz sosial media hesablarında bir çox məsələləri, təcrübələrini və təəssüratlarını paylaşırlar ki, bu da dolayısıyla böyük auditoriyada ölkəmizin və Bakının destinasiya kimi tanınmasında mühüm rol oynayır”.

Pərviz

0