İran şahını taxt-tacdan salan mərasim: “Əsrin əyləncəsi”ni şaha bağışlamadılar 

14:39 / 20.05.2020
1679
1971-ci ildə İran şahı Məhəmməd Rza Pəhləvi bütün qünyanı təəccübləndirmək qərarına gəldi. O, tarixə ən bahalı məclis kimi düşən mərasim düzənləmək fikrini bildirdi və bunun üçün bütün qüvvələri sərf etdi.

Cebhe.info xəbər verir ki, bu mərasimə dünya ölkələrinin liderləri, krallar, imperatorlar, şeyxlər dəvət olunmalı idi. İran şahı və arvadından başqa bu mərasimə heç bir iranlı yetkili dəvət almamışdı. İranlı nazirlər bundan incisələr də biruzə verə biməzdilər.

İlan mələyən səhrada cah-cəlal

3 günlük mərasim üçün yer seçimi müzakirələri xeyli çəkdi. Pza Pəhləvi dünyanı İrana heyran etmək niyyətində idi. Ancaq bunun üçün ölkədə hansısa şəhərin potensial imkanı yoxdu. Buna görə də şah qərar verdi- mərasim üçün səhrada sıfırdan hazırlıq görüləcək. Yer olaraq səhradakı qədim Persepolis (qədim fars dilində:Parsa)- Əhəmənilər dövlətinin paytaxtı olmuş ərazi seçildi. Hal-hazırda xarabalıq halında olan şəhər İranın Fars ostanındakı Şiraz şəhərinin şimal-şərqində yerləşir.
 
Əhəməni hökmdarı Kirin məzarının yerləşdiyi, ilanlar mələyən, əqrəblər dolaşan səhrada yeni infrastruktur yaratmaq üçün xarici memarlar dəvət olundu. Bundan öncə isə ərazi xüsusi dərmanlarla dezinfeksiya edildi və ilanlar, əqrəblər öldürüldü.

3 gün davam edən mərasim tarixə ən bahalı mərasim kimi düşdü. Ancaq hətta indi də onun dəyərini hesablamaq mümkün deyil. İran isə nə Rza şahın zamanında, nə də daha sonra bu barədə rəsmi informasiya verdi. Ancaq söhbətin yüz milyonlarla dollardan getdiyi, hətta milyard dollara da çata biləcəyi deyilir. Məhz bu səxavət, bədxərclik İranda şah rejiminin təməllərinin laxlamasına təkan verdi. Ölkədə narazılığı daha da artırdı. Rza şah Pəhləvi etirazlar fonunda xalqdan üzr istəməyə məcbur oldu, bir daha belə yüksək xərc tələb edən mərasimlərin təşkil olunmayacağını bildirdi, ancaq artıq olan olmuşdu.

Düyanın gözünü qamaşdırmaq istəyən şah

65 ölkənin rəhbəri İrana gəldi. Onlara xidmət üçün dünyann ən bahalı aşpazları gətirildi. Bu mərasim İrana təkcə milyonlarla dollara yox, həm də şahın tat-tacına başa gəldi. İran şahının məclisi kimi tarixə düşən bu təmtəraqlı mərasimin indiyə qədər də bənzəri olmayıb. Heç bir ölkə rəhbəri bunabənzər nəyisə özünə rəva görməyib. Xalq ehtiyac işində yaşadığı bir zamanda şahın və arvadı Fərəh Pəhləvinin bütün dünyada taxt-tacını nümayiş etdirmək həvəsi onlara baha başa gəldi. Mərasim şahənşah Rza Pəhləvinin şəxsi arzusu idi və bu arzusu da onun sonunu gətirdi.
 
Rza şah Əhəməni imperiyasının yaranmasının 2500-cü ildönümü münasibətini bəhanə gətirərək dünyanın gözünü qamaşdırmaq istəyirdi. Əvvəlcə mərasimi Şirazda keçirmək istəyirdilər. Ancaq daha sonra məlum oldu ki, ölkədə o səviyyədə qonaqları qəbul edəcək heç bir şəhər yoxdur. Belə olanda Rza şah mərasimi çoxdan dağılmış qədim şəhərin qalıqlarının belə artıq qalmadığı səhrada keçirmək qərarı verdi.

“Bunu etməsəniz, sizi də özümü də güllələyəcəyəm”

İmperiyanın yaranmasının 2500-cü illiyinə görə yaradılan komitənin rəhbəri, İranın baş naziri olmuş Əmir Əsədulla Ələm idi. Komitə üzvü olan olan Əbdülrza Ənsari daha sonra bildirmişdi: "Biz əraziyə baxanda orda ancaq ilan və əqrəbələr vardı. Şirazda isə hər yer çirkli, infrastruktur yox. Mən komitə sədrinə bildirdim ki, orada mərasim etmək olmaz. O isə mənə dedi ki, dəvətlər göndərilib, biz artıq heç nəyi dəyişə bilmərik. O, mənə dedi ki, əgər sən bunu edə bilməsən, mən hər birinizi güllələyəcəm, sonra da özümü güllələyəcəyəm, çünki ortada İranın nüfuzu var".

Cənnət quşlarını ölümə tərk edib getdilər

Ərazidə dərhal 15 min ağac əkdilər. Meşənin təbii görünmsi üçün Avropadan 50 min quş gətirildi, onların arasında cəh-cəh vuran bülbüllər vardı. Şah hər şeyin təbii olmasını istəyirdi. Mərasimdən bir neçə gün sonra isə bütün quşlar məhv oldu. Hava isti, su yox idi. Yaşıllıqlar da uzun müddət davam gətirmədi. Ərazidə ən azı 40 dərəcə isti olurdu. Qonaqlar çadır-otaqlarda yerləşdiriləcəkdi. İçəri həm qədim İran, həm də Avropa ənənəsinə uyğun bəzənmişdi. Bu çadırları dizayn etmək üçün dünyaşöhrətli Fransa şirkəti olan "Maison Jansen" dəvət edilmişdi. Təbii ki, külli miqdarda qonorar hesabına. Yarım il ancaq bu evlərin quraşdırılmasına sərf olundu. 5 qitəni əks etdirən fontan quraşdırıldı, əksər işlər Fransada görülərək sonra yenidən İrana gətirildi. 65 ha ərazidə əsl cənnət yaradıldı.

Bütün dünyada restoranlar bağlandı

Qonaqlara xidmət etmək üçün Fransanın məşhur "Maxim" restoranı ilə anlaşıldı.
 
Restoran təkcə qonaqlara yemək verməli deyildi, həm də xidməti heyəti təqdim etməli idi. Məhz bunun üçün "Maxim" restoranları bütün dünyada iki həftə fəaliyyətini dayandıraraq bütün qüvvəsini İrana cəlb etdi.

İrana 18 ton ərzaq göndərildi, o cümlədən 2700 kq ət, 1280 kq toyuq əti. Şiraz yaxınlığında yeni aerodrom tikildi. Təhlükəslik tədbirlərinə milyonlarla dollar xərcləndi. Dünyanın ən bahalı parçaları, ən bahalı şərabları, ən bahalı qab-qacağı İrana gətirildi. Nəzərə alsaq ki, mərasimə krallar, imperatorlar dəvət olunmuşdu, onların təhlükəsizliyi də əsas idi. Ordu və SAVAK (kəşfiyyat) təhlükəsizliyə cəlb olundu. Hər 3 addımdan bir təhlükəsizlik xidməti əməkdaşları idi.

İrana giriş-çıxış bağlandı

Ancaq bu da şaha az idi. O, mərasimin keçiriləcəyi ərəfədə İrana giriş- çıxışı bağlatdırdı, məktəb və universitetlərdə dərslər dayandı. Dünyanın ən nüfuzlu telekanalları ilə canlı yayım üçün müqavilə bağlandı. Xüsusi film hazırlanması üçün çəkiliş heyətinə böyük vəsait ödənildi. Dünya mətbuatı ancaq bu mərasimdən yazmalı idi. İş o yerə çatdı ki, mərasimdə iştirak edən ABŞ vitse-prezidentinin arvadının bahalı geyimi ölkədə ciddi narazılığa və hətta qalmaqala səbəb oldu.

ABŞ və SSRİ bir masada

12 oktyabr 1971-ci il. İran şahı üçün möhtəşəm və sonu yaxınlaşdıran gün. Təyyarələr bir-bir gəldikcə şahın mərasimin istədiyi kimi alınacağına ümidi artırdı. Ən hörmətli qonaqları şahı Şiraz aerodromunda özü qarşılayırdı. Qonaqlar üçün 250 zirehli limuzin sifariş olunmuşdu. Qərb ölkələri ilə yanaşı, keçmiş SSRİ-dən də mərasimə qatılanlar vardı. SSRİ-ni Nikolay Podqornıy təmsil edirdi. ABŞ Prezidenti Riçard Nikson təhlükəsizliyə görə mərasimə gələ bilməmişdi, ölkəni vitse-prezident təmsil edirdi. 20-yə yaxın ölkənin prezidenti, iki ölkənin imperatoru, 7 ölkənin kralı, 6 ölkənin sultan və əmiri, 4 ölkənin knyaz və hersoqu, 9 ölkənin şahzadələri gəlmişdi. Dünyada heç vaxt bu tərkibdə dünya liderlərini bir araya toplayan olmamışdı.
 
Məhz elə bu təm-təraq da şahın sonunu gətirdi. Mərasim dünya mətbuatına günlərlə manşet oldu, qonaqların bahalı geyimləri, daş-qaşı hər kəsin gözünü qamaşdırdı. Ancaq mərasimdən dərhal sonra İranda etirazlar daha da artırdı. Şah xalqdan üzr istədi, bağışlanmasını xahiş etdi. Xalq isə onu bağışlamadı...
0
Cebhe.info