Gömrük dəyəri manatla bəyan ediləcək: Nələr dəyişəcək?

İQTİSADİYYAT
10:58 / 05.05.2026
114

Xəbər verildiyi kimi, malları gömrük dəyəri milli valyuta ilə bəyan ediləcək.
 
Bu, Milli Məclisin ötən ən iclasında müzakirəyə çıxarılan Gömrük Məcəlləsinə təklif edilən yeni – 220.3-cü maddədə əksini tapıb. Layihəyə əsasən, malların gömrük dəyəri Azərbaycan Respublikasının milli valyutası ilə bəyan ediləcək. Sözügedən qanun layihəsi parlamentdəki müzakirələrdən sonra səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.

Maraqlıdır, gömrük dəyərinin manatla bəyan edilməsi idxal qiymətlərinə necə təsir edəcək? 

İqtisadçı ekspert Xalid Kərimli Hit.az-a açıqlamasında deyib ki, məlum vəziyyət qiymətlərə hər hansı bir təsir etməyəcək: 

398355

“Manatın məzənnəsi sabit qaldığı müddətdə qiymətlərdə dəyişiklik olmayacaq. Gömrükdə milli valyutanın deklarasiya olması qiymətlərdə dəyişikliyə gətirib çıxarmayacaq. Ancaq onu da deyim ki, təklif olunan yeniliklər arasında gömrük rüsumlarının manatla müəyyənləşdirilməsi xüsusi əhəmiyyət daşıyır. Bu yanaşma sahibkarların fəaliyyətində daha aydın və proqnozlaşdırıla bilən maliyyə mühiti formalaşdıracaq”.

Ekspert qeyd edib ki, xarici valyuta məzənnələrindəki dəyişkənlikdən asılılıq azalacaq, nəticədə idxal-ixrac əməliyyatlarının planlaşdırılması daha dəqiq aparılacaq:

“Həmçinin, rüsumların milli valyutada hesablanması sahibkarlar üçün xərclərin əvvəlcədən düzgün qiymətləndirilməsinə şərait yaradacaq. Bu isə həm risklərin azalmasına, həm də biznes qərarlarının daha sağlam əsaslarla verilməsinə imkan verəcək”.

Günel Cəlilova

0