Nəyi gözləyirik? Putini silahsız necə məğlub etmək olar? - Tomas Fridman yazır

11:30 / 03.04.2022
1996

 "The New York Times"in tanınmış siyasi şərhçisi Tomas Fridmanın Rusiya-Ukrayna savaşından bəhs edən növbəti məqaləsini Qaynarinfo-nun tərcüməsində oxuculara təqdim edirik:
 
Tomas Fridman

Nəyi gözləyirik? Putini silahsız necə məğlub etmək olar?

Amerika bu fürsəti əldən verməməlidir.

Ukraynada müharibənin necə bitəcəyini proqnozlaşdırmaq mümkün deyil. Mən ürəkdən ümid edirəm ki, nəticədə azad, təhlükəsiz və müstəqil Ukrayna olacaq.
 
Amma dəqiq bildiyim budur: Amerika bu böhranı əldən verməməlidir. Bu, bizim neft diktatoru ilə son qarşıdurmamızdır, onun qəddarlığı və ehtiyatsızlığı ancaq yeraltından çıxardığı neft sərvətləri sayəsində mümkün olur. Ukraynada müharibə bitsə də, o, elə başa çatmalıdır ki, Amerika nəhayət, formal, qəti və dönməz şəkildə neftdən asılılığına son qoysun.

Amerikanın xarici siyasətini, insan haqlarına sadiqliyimizi, milli təhlükəsizliyimizi və hər şeydən əvvəl ətraf mühitimizi neftdən asılılığımız kimi heç nə təsir etməmişdir. Qoy bu, bizim və müttəfiqlərimizin hər iki tərəfi maliyyələşdirdiyi son müharibə olsun. Hazırda etdiyimiz məhz budur.
 
Qərb ölkələri NATO-nu maliyyələşdirir və vergilərimizdən Ukrayna ordusuna yardım edir. Eyni zamanda, Rusiyanın enerji ixracı onun dövlət büdcəsinin 40 faizini təşkil etdiyi halda biz, Vladimir Putinin ordusunu Rusiyadan neft və qaz almağımız hesabına maliyyələşdiririk.

Sadəcə olaraq sivilizasiyamız bunu özünə rəva görə bilməz. İqlim dəyişikliyi, Ukraynadakı müharibə səbəbindən "fasilə” götürmür. Son vaxtlar Şimal və Cənub qütbləri üçün hava proqnozlarına baxmısınızmı? Bu ay Antarktidanın bəzi hissələrini ekstremal isti dalğalar bürüyüb və temperatur ilin bu dövrü üçün orta hesabla Farengeyt üzrə 70 dərəcə (Selsi şkalası üzrə 21,1 dərəcə) artıqdır, Arktikada isə adi haldan 50 dərəcə (Selsi şkalası üzrə 10 dərəcə) çox istidir.

"Orada əks fəsillər olur, Siz Şimal və Cənubun (qütblərin) eyni anda əridiyini görə bilməzsiniz", - "Qar və buz məlumatları üzrə Milli Mərkəz"in tədqiqatçısı Uolter Meyer bu yaxınlarda "Associated Press”ə bildirib.  Bu, şübhəsiz ki, qeyri-adi bir hadisədir. Təəccüblü deyil ki, keçən cümə günü, elm adamları Şərqi Antarktidada bu qəribə istiləşmənin nəticəsində Nyu-York şəhəri boyda buz şelfinin çökdüyünü elan ediblər.

"Associated Press” qeyd edir ki, insanlar bu soyuq bölgədə buz şelfinin çökməsini ilk dəfə müşahidə ediblər və əlavə edib ki, Şərqi Antarktidada donmuş suyun hamısı əriyərsə, bu, dünya miqyasında dəniz səviyyəsini 160 futdan (48,76 metr – red.) çox qaldıracaq. 

Yuxarıda göstərilən səbəblərə görə, Prezident Bayden və Dövlət Katibi Entoni Blinkenin bərpa olunan enerjinin miqdarını və səmərəliliyini üç dəfə artırmaq əvəzinə neftdən asılılığımızı ikiqat artırdığını görmək məni məyus etdi. Enerji siyasətinin benzin qiymətlərinin artmasına səbəb olduğuna dair Respublikaçıların saxta iddialarından qorxan Bayden komandası dünyanın ən böyük neft diktaturalarından bəzilərinə, xüsusən də Venesuela, İran və Səudiyyə Ərəbistanına müraciət edərək onları daha çox neft çıxarmağa və benzinin qiymətini aşağı salmağa məcbur edir.

Həqiqət budur ki, ABŞ neft şirkətlərinə hətta hər bir milli parkda neft axtarışına icazə versək belə, benzin qiymətlərinə qısamüddətli təsir o qədər də əhəmiyyətli olmayacaq. "CNN Business”in keçən həftə bildirdiyi kimi, son on ildə ABŞ-ın neft sənayesi, qiymətləri aşağı səviyyədə saxlamaq üçün ümumi istehsal artımını maliyyələşdirməyə tonlarla nağd pul xərcləyib, lakin "mənfəəti saxlamaq mümkün olmayıb. Neftin qiymətinin bir neçə dəfə düşməsi zamanı yüzlərlə neft şirkəti müflis olub və bu, investorları enerji rəhbərlərindən daha çox təmkin tələb etməyə sövq edib”.

Beləliklə, bu gün ABŞ-ın əksər neft rəhbərləri və investorları "qiymətləri aşağı salacaq başqa bir bolluq yaratmaq üçün təklifi kifayət qədər artırmaq istəmirlər. Səhmdarlar istəyirlər ki, şirkətlər gözlənilməz mənfəətləri artan istehsala investisiya etməkdənsə, dividendlər və satınalmalar şəklində qaytarsınlar”.

Səudiyyə Ərəbistanı - qısa müddətdə dünya neft qiymətlərinə təsir etmək üçün ən ucuz, ən sərbəst və ən çevik qabiliyyətə malik ölkədir. Amma Rusiya da əsas oyunçulardandır. Məhz bu səbəbdən cəmi iki il əvvəl prezident Donald Tramp Səudiyyə Ərəbistanı və Rusiyadan hasilatı kəskin şəkildə azaltmağı xahiş edib. Belə ki, dünya bazarlarında neftin barreli 15 dollar civarına düşən zaman, hasilat dəyəri 40-50 dollar arasında olan ABŞ neft şirkətlərinə ağır zərbə dəyib. Neftin qiymətinin kəskin düşməsinə səbəbi isə Səudiyyə Ərəbistanı və Rusiyanın, pandemiyaya görə bazar payının azalması nəticəsində qiymət müharibəsinə girməsi olmuşdur. 

İndi isə Bayden,  səudiyyəlilərə yalvarır ki, qiymətləri aşağı salmaq üçün istehsalı kəskin şəkildə artırsınlar.  Lakin onlar səudiyyəli jurnalist Camal Qaşıqçının ölümü ilə bağlı Baydenin hiddətli reaksiyasına qəzəblidirlər və məlumatlata görə Baydenin zənglərinə cavab vermirlər.

Buna baxmayaraq Bayden və Tramp arasında ortaq məxrəc - "dilənçilik” sözüdür. Budurmu hədəflədiyimiz gələcək? Nə qədər ki, neftdən asılıyıq, biz həmişə kiməsə, adətən "pis oğlana” yalvaracağıq ki, qiyməti qaldırsın və ya aşağı salın, çünki biz öz taleyimizin sahibi deyilik.

Bunlar dayandırılmalıdır. Bəli, hələ də neftdən, qazdan və kömürdən istifadəni davam edəcəyimiz bir keçid mərhələsi olmalıdır. Bu məsələni bir göz qırpımında həll edə bilmərik. Ancaq gəlin, yer təkindən çıxan yanacağın miqdarını ikiqat artırmaqdansa, bu keçidin sürətini ikiqat artıracağımıza söz verək.

Putini bundan artıq heç nə ilə təhdid etmək mümkün deyil. Axı, 1988-1992-ci illər arasında, məhz Səudiyyə Ərəbistanının həddən artıq hasilatının səbəb olduğu dünya neft qiymətlərinin çökməsi Sovet İttifaqının iflasına və onun süqutunun sürətlənməsinə yardımçı oldu. Biz bu gün bərpa olunan enerjinin istehsalını artırmaqla və aksenti enerji səmərəliliyinə yönəltməklə eyni effekti əldə edə bilərik.

Təmiz enerji üzrə məsləhətçi şirkəti olan "Energy Innovation”nın Baş direktoru Hel Harvi bildirir ki, bunu etməyin ən yaxşı və sürətli yolu – energetika şirkətləri üçün təmiz enerji standartlarını yüksəltməkdən ibarətdir. Yəni, ABŞ-ın hər energetika şirkətindən dövriyyələrinin ildə 7-10%-nin bərpa olunan enerji mənbələrinə keçməsi ilə karbon emissiyalarını azaltmağı tələb etmək. 

Bu utopiyadır? Məncə, yox. Bir vaxtlar tamamilə kömürdən asılı olan "American Electric Power” şirkəti indi əsasən təbii qazdan istifadə edərək 2050-ci ilə qədər sıfır karbon emissiyasına nail olmağı öhdəsinə götürüb. Otuz bir ştat artıq öz kommunal xidmətləri üçün davamlı olaraq artan təmiz enerji standartlarını müəyyən etmişdir. Gəlin bunu 50 ştatın hamısında edək, elə indi.

Eyni zamanda, hər bir istehlakçıya bu mübarizəyə qoşulmaq imkanı verən milli qanun qəbul edək. Bu, damdakı günəş qurğuları ətrafında tənzimləyici bürokratiyanı aradan qaldıran və eynilə Avstraliyadakı kimi, Amerikada hər bir evə bunu quraşdırmaq üçün vergi güzəştləri verən bir qanun. 

Avtomobillər, yük maşınları, binalar, fabriklər və evlər elektrikləşdirildikcə və şəbəkəniz ilk növbədə bərpa olunan enerji ilə işlədikcə biz getdikcə mədən yanacaqlarından azad oluruq, Putin isə bundan getdikcə daha az dollar qazanır. 

Amerikalılar bunu başa düşəcəklər. Elektrikli avtomobillər indi avtosalonlardan "uçur”. Ölkədə ən böyük külək istehsal edən ştat Texasdır, onun istehsal etdiyi elektrik enerjisi ondan sonra gələn üç ştatın (Ayova, Oklahoma və Kanzas) ümumi istehsalından çoxdur. Lakin bunun əsl milli missiyaya çevrilməsi bizə daha sürətli təmiz enerji iqtisadiyyatına keçməyə imkan verəcək.

İkinci dünya müharibəsi zamanı, ABŞ hökuməti, vətəndaşlardan öz meyvə və tərəvəzlərini yetişdirmək üçün Qələbə bağları yaratmağı, həmçinin əsgərlər üçün konservlər saxlamağı xahiş etmişdir. Təxminən 20 milyon amerikalı buna cavab olaraq həyətlərdən tutmuş damlara qədər hər yerdə belə bağlar saldı. O qələbə bağları bizim müharibə səylərimiz üçün nə idisə, indiki nəslin günəş panelləri də neft diktatorlarına qarşı mübarizədə eyni şeydir. 

Bu gün benzinin qiymətini aşağı salmaq istəyirsinizsə, ən etibarlı və iqlimin müdafiəsinə yönələn uyğun üsul magistral yollarda sürət həddini saatda 60 milə (96,54 km-red.) endirmək və imkan daxilində işçilərin evdən işləməsinə icazə verməklə hər gün işə maşın sürməyin qarşısını almaqdır. Bu iki üsul dərhal benzinə tələbatı azaldacaq və qiyməti aşağı salacaq.

Bəyəm, Putin kimi neft diktatorlarına qarşı müharibədə qalib gəlmək üçün bu həddən artıq çoxdurmu? Nəticədə bizlər yanan tanklar deyil, təmiz hava görəcəyik.

"İndi təmiz alternativlər çirklilərdən daha ucuz başa gəlir.", - Harvi qeyd edir. "İndi Yeri məhv etmək onu xilas etməkdən daha baha başa gəlir." Bundan əlavə, "indi neft diktatorlarından qurtulmaq onların əsarətində qalmaqdan daha ucuzdur”.

Bəli, doğrudur. Bu gün texnologiya bizimlədir. İndi Putini neft çəlləyi ilə birlikdə kənara qoya bilərik. Bu, sadəcə olaraq liderlik və milli iradə məsələsidir.
 
Bəs nəyi gözləyirik?

Tərcümə: Nizami Bağırov
Qaynarinfo

0