Rusiya İrana ABŞ hərbçilərinə hücum üçün minlərlə dron vermək istəyib

DÜNYA
13:23 / 09.05.2026
46

Rusiya İrana siqnallara qarşı dayanıqlı pilotsuz uçuş aparatları (PUA) və onların ABŞ qoşunlarına qarşı istifadəsi üzrə təlimlər təklif edib. Bu ehtimal Fars körfəzində və digər regionlarda mümkün əməliyyatları da əhatə edib.

HİT.az xəbər verir ki, “The Economist” jurnalının Rusiya hərbi kəşfiyyatına aid olduğu iddia edilən məxfi sənədə istinadla verdiyi məlumata görə, Moskva Tehrana 5000 ədəd optik liflə idarə olunan FPV-dronlar və daha uzaq məsafəli, peyk naviqasiyalı PUA-lar təklif edə bilərdi.

Plan üzrə bu dronlar ABŞ hərbçilərinə qarşı, xüsusilə də Fars körfəzində desant əməliyyatı zamanı istifadə olunmalı idi. Sənəddə qeyd edilir ki, desant gəmiləri 15–30 km məsafədən 5–6 drondan ibarət qrupların hücumlarına qarşı həssasdır.

Rusiya həmçinin iranlı operatorların hazırlanmasına da hazır olub. Bunun üçün Rusiyadakı universitetlərdə təhsil alan təxminən 10 min iranlı tələbədən, eləcə də rusdilli taciklərdən və suriyalı ələvilərdən istifadə edilməsi təklif olunub.

“The Economist” vurğulayır ki, sənədin İrana ötürülməsi və ya dronların faktiki tədarükü ilə bağlı birbaşa sübut yoxdur. Lakin nəşrin kəşfiyyat mənbələri planın real ola biləcəyini bildirir, araşdırmaçı Kristo Qrozev isə bunun Rusiya Hərbi Kəşfiyyat İdarəsinin (QRU) İrana dəstəyi artırmaq cəhdləri ilə üst-üstə düşdüyünü deyir.

Sənəddə həmçinin qeyd olunur ki, Rusiya Ukraynaya qarşı müharibə və ABŞ-la birbaşa qarşıdurma riskinə görə daha geniş dəstək göstərə bilmir. Buna görə də inkar edilə biləcək, məhdud yardım strategiyasına üstünlük verilib.

Almaniyanın “Stern” nəşrinin məlumatına görə, Rusiya kəşfiyyatı İranın hərbi obyektləri, uran anbarları və ABŞ kəşfiyyat peyklərinin nəzarət etdiyi digər həssas yerlərin siyahısını tərtib edib. Moskva bu məlumatı Tehrana ötürüb və bu da İranın “potensial həssas obyektləri” təxliyə etməsinə kömək etmiş ola bilər.

Samir

0