Müharibənin beşinci ilində, Ukrayna dronlarının Rusiya ərazisinin daha dərin hissələrinə zərbələr endirdiyi və Kremlin məhdudiyyətləri sərtləşdirdiyi bir vaxtda, Rusiya vətəndaşları hakimiyyətə daha çox suallar verməyə başlayır.
HİT.az xəbər verir ki, bu barədə “Bloomberg” yazır.
Bildirilir ki, Putin 9 May “Qələbə günü” paradına hazırlaşarkən, getdikcə daha çox rusiyalı spiker Kremlə tənqid yönəldir və prezidentin yaratdığı idarəetmə sistemlərinə dəstəyin azalmasından danışır.
“Rusiyada mövcud idarəetmə sisteminin getdikcə zərərli və özünü dağıdan xarakter aldığı fikri güclənir. Status-kvoya dözümlülük zəifləyir”, deyə deyə “R.Politik” konsaltinq şirkətinin təsisçisi Tatyana Stanova bildirir.
Nəşr rusiyalı bloger Viktoriya Boniyanın Putinə yönəltdiyi tənqidləri də qeyd edir. Onun paylaşımı 86 minindən çox şərh toplayaraq “kültür fenomeni” kimi qiymətləndirilir. Şərhlərdə insanlar həyat şəraitinin pisləşməsindən, müəssisələrin bağlanmasından, mütəxəssislərin ölkədən getməsindən və gündəlik məhdudiyyətlərin artmasından narazılıq ifadə ediblər.
“Putinə münasibət dəyişir. Sanki havanın özü dəyişib”, deyə Berlin Karnegi Mərkəzinin baş elmi işçisi Aleksandr Baunov bildirib.
Jurnalistlərin yazdığına görə, Ukraynanın demək olar ki, gündəlik hücumları, artan inflyasiya və yüksək faiz dərəcələrinin saxlanması ictimai əhval-ruhiyyəni pisləşdirir. Müharibədə ölənlərin sayının artması və heç bir irəliləyişin olmaması da narazılığı gücləndirir.
Buna baxmayaraq, Putinin şəxsi reytinqi hələ də yüksək olaraq qalır. Lakin rəsmi sorğulara görə, bu göstərici 74%-dən 66%-ə düşüb və müharibə başlayandan bəri ən aşağı səviyyədir.
Eyni zamanda, rusların yalnız 55%-i ölkənin düzgün istiqamətdə getdiyini düşünür. Ötən ilin sonunda bu rəqəm 67% idi.
“Davamlı gərginlik, müharibənin sonunun görünməməsi, vergi təzyiqi və iqtisadi vəziyyətin pisləşməsi pessimizmi artırır”, deyə “Levada” mərkəzinin direktoru Denis Volkov bildirib.
Bununla belə, məqalədə qeyd olunur ki, hələlik Putinin mövqeyinə real təhlükə olduğuna və ya Kremlin müharibə kursunu dəyişdirdiyinə dair əlamət yoxdur. Putin 9 May paradında sərt mesajlar verə bilər. Bu il isə Ukrayna hücumları riski səbəbindən ilk dəfə 2007-ci ildən bəri paradda ağır hərbi texnika nümayiş etdirilməyəcək. Eyni səbəbdən Moskvada internet də məhdudlaşdırılır.
Eyni zamanda, internet məhdudiyyətləri və repressiyalar bəzi məmurlar arasında da narazılıq yaradır. Bu, sentyabr seçkiləri ərəfəsində Kremlin ictimai dəstəyi nümayiş etdirmək cəhdlərini daha da çətinləşdirir.
Samir


