Rusiya Prezidenti Vladimir Putin Avropa İttifaqı ilə danışıqlara açıqdır, lakin Moskva bildirir ki, ilk addımı Avropa ölkələri atmalıdır.
HİT.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Kreml sözçüsü Dmitri Peskov bildirib ki, Putin hamı ilə danışıqlara hazırdır, o cümlədən Avropa tərəfi ilə də. Lakin onun sözlərinə görə, mövcud vəziyyətdə Rusiya təşəbbüs göstərməyəcək.
“Putin dəfələrlə bildirib ki, dialoqa hazırdır. Biz Avropa tərəfi hazır olduqca irəliləməyə hazırıq. Amma Avropalılar əvvəlki mövqelərinə görə ilk addımı bizdən gözləməməlidirlər”, deyə Peskov bildirib.
Kreml iddia edir ki, 2022-ci ildə Rusiya ilə əlaqələri dayandıran tərəf Avropa İttifaqı olub və buna görə də dialoqu bərpa etmək təşəbbüsü də Brüsseldən gəlməlidir.
Peskovun sözlərinə görə: “Rusiya tərəfi Avropa İttifaqı ilə münasibətlərin tam kəsilməsinin təşəbbüskarı olmayıb. Bu qərarı Brüssel və bir sıra Avropa paytaxtları verib”.
Bundan əvvəl “Financial Times” Avropa İttifaqı liderlərinin Rusiya ilə mümkün danışıqlara hazırlıq apardığını yazmışdı. Bu müzakirələrin ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə aparılan sülh təşəbbüslərinin nəticəsiz qalmasından sonra gündəmə gəldiyi bildirilir.
Avropa Şurasının rəhbəri Antonio Koşta da Aİ-nin gələcəkdə Rusiya ilə danışıqlar aparmaq potensialına sahib olduğunu bildirib. Onun sözlərinə görə, bu proses Ukrayna Prezidenti Volodimir Zelenskinin də dəstəyi ilə həyata keçirilə bilər.
Samir


