Rusiya qorxunc planı işə saldı: Putin Avropada inqilaba “qaz vurur”

DÜNYA
11:06 / 08.09.2022
1792

Rusiya əlindəki son “təsir silahı”ndan yararlanaraq, Avropa dövlətlərini daha ağır vəziyyətə salamağa və öz şərtlərini qəbul etdirməyə çalışır... Kremldə şübhə etmirlər ki, əgər, Rusiyanın tələbləri yerinə yetirilməzsə, Avropa ölkələrində kütləvi iğtişaşlar, hətta inqilabi situasiyalar belə, qaçılmaz olacaq...

Avropa məkanı öz tarixinin ən ağır dövrünü yaşayır. Hazırda bu məkanda “böhranlar zənciri” müşahidə olunur. Üstəlik, son vaxtlar Avropadakı böhranlar daha da dərinləşməyə başlayıb. Və bu baxımdan, hesab etmək olar ki, Avropa dövlətləri sosial-psixoloji depressiya mərhələsi ərəfəsinə sürətlə yaxınlaşırlar.

Əslində, bu, qətiyyən gözlənilməz proses deyil. Hələ Ukrayna savaşının başlandığı ilk günlərdə belə, dünya iqtisadiyyatını dərin böhran və böyük sarsıntılar dövrünün gözlədiyi ehtimal olunurdu. Rusiyaya qarşı sanksiyalar tətbiq olunduqca isə Avropa Birliyi məkanında böhran və sarsıntıların daha qorxunc nəticələr doğura biləcəyi qətiyyən istisna olunmurdu.

Səbəblər isə çox sadədir. Avropa məkanı Rusiya enerji resurslarından birbaşa asılı vəziyyətə salınmış vəziyyətdədir. Kreml onilliklər boyu Rusiyanın enerji resurslarını Avropaya münasibətdə “strateji işğal aləti” kimi istifadə etmişdi. Məqsədyönlü şəkildə Avropa məkanında Rusiya enerji resurslarının hegemoniyası təmin olunmuşdu.

Təbii ki, Avropada Rusiyanın enerji resurslarından ən çox asılı vəziyyətə düşən ölkələrin arasında Almaniya və Avstriya ön sırada yer alır. Almaniyanın keçmiş kansleri Angela Merkelin bu asılılıq vəziyyətinin yaradılmasında “xüsusi xidmətləri” var. Çünki məhz A.Merkel Rusiya prezidenti Vladimir Putinlə anlaşaraq, “Şimal axını-1” və “Şimal axını-2” boru kəmərlərinin inşasına nail olmuşdu. Və nəticədə həm Almaniya, həm də Avstriyanın təbii qaza olan ehtiyaclarının 80 faizindən çoxu Rusiya tərəfindən ödənirdi.

Ona görə də indi Avropa Birliyinin Rusiya enerji resurslarından imtina etməsindən ən çox məhz Almaniya-Avstriya cütlüyü əziyyət çəkir. Rəsmi Berlin Rusiyaya qarşı beynəlxalq koalissiyada qətiyyətli mövqe tuta bilmir. Ukraynaya vəd etdiyi silahların verilməsindən müxtəlif bəhanələrlə yayınmaq məcburiyyətində qalır.

Hətta Almaniya kansleri Olaf Şolts Fransa və İtaliya liderləri ilə birlikdə Rusiyanın “qüruruna uyğun sülh müqaviləsi”nin əsas müəlliflərindən sayılır. Kansler O.Şolts son açıqlamasında Rusiya ilə münasibətlərin bərpası barədə düşünməyin mümkünlüyü barədə danışıb. O, bir neçə dəfə Rusiya prezidenti V.Putin ilə görüşdüyünü xatırladaraq, Kreml sahibini anlaşıla biləcək dövlət başçısı kimi xarakterizə edib.

Şübhəsiz ki, bütün bunlar Rusiyaya qarşı sanksiyaların bumeranq effektinin real nəticələridir. Halbuki, bu nəticələr hələ yenicə öz təsirlərini göstərməyə başlayıb. Zaman keçdikcə, Avropa üzləşdiyi maliyyə-iqtisadi, sosial-siyasi və humanitar böhranların ağır zərbələrini daha kəskin şəkildə hiss etməyə başlayacaq.

Onu da qeyd etmək lazımdır ki, bir müddət öncə Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel bu quruma üzv dövlətlərə yaxınlaşmaqda olan fəlakətli dövr barədə açıq mətnlə xəbərdarlıq etmişdi. O, bildirmişdi ki, Rusiyaya qarşı sanksiyaların əks effekti tezliklə Avropada hiss edilməyə başlayacaq: “Avropa ölkələr yaınız sərt qışa deyil, ağır dövrə də hazır olmalıdır. Tezliklə dərinləşən böhran Avropada siyasi etiraz dalğası yaradacaq. Hətta bəzi ölkələrdə hakimiyyət dəyişiklikləri də qətiyyən gözlənilməz olmayacaq”.

Nə qədər məyusedici olsa da, Avropa məkanı artıq Jozep Borrelin “vəd etdiyi ağır dövrü” yaşamağa başlayıb. Avropa ölkələrində enerji resurslarının sürətlə bahalanması iş yerlərinin qapanmasına yol açmaqdadır. Onilliklər boyu rahat və firavan həyata vərdişli əhali xərclərin artmasından ciddi şəkildə narazıdır.

Hazırda Almaniya və Avstriyada tədricən kütləvi etiraz aksiyalarının keçirildiyi müşahidə olunur. Baş naziri dəyişmiş Böyük Britaniyada isə hökumətin yeni başçısı Liz Trassdan hakimiyyətə gələr-gəlməz ölkənin böhrandan xilas olunması istənir. Çexiyada yüzminlərlə insan meydanlara toplaşaraq, hökumətdən Ukraynanın dəstəklənməsi siyasətini dəyişməyi tələb edir. Və mitinqçilər Çexiyanın Ukraynanı dəstəkləmək öhdəliyinin olmadığını vurğulayırlar.

Buna bənzər proseslər artıq Fransada, İtaliyada, Hollandiyada, Belçikada və digər Avropa Birliyi ölkələrində də müşahidə edilməkdədir. Qərb ekspertləri hesab edirlər ki, Avropa məkanında kütləvi etiraz dalğası sərt qış ayları yaxınlaşdıqca daha da güclənəcək. Və belə olacağı təqdirdə, Avropa ölkələrinin kifayət qədər ciddi siyasi problemlərlə üzləşə biləcəyi istisna edilmir.

Maraqlıdır ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da Avropa məkanında yaranmaqda olan böhranlı vəziyyətə münasibətini açıqlayıb. Türkiyə lideri bildirib ki, “Avropa ölkələri öz əkdiklərini biçirlər”. Onun fikrincə, Avropa dövlətlərinin Rusiyaya qarşı mövqeyi, sanksiyalar tətbiq etməsi istər-istəməz prezident V.Putini də onlara münasibətdə “siz belə edirsinizsə, cavabında mən də belə edərəm” variantına məcbur buraxıb.

Türkiyə lideri hesab edir ki, Rusiya prezidenti V.Putin hazırda əlindəki bütün imkan və alətlərdən istifadə edir: “Bunlardan ən önəmlisi də məhz təbii qazdır. Əlbəttə istəməzdik ki, Avropada indiki durum yaransın. Çünki, Avropa bu qışı ciddi çətinliklərlə keçirəcək. Ancaq bizim belə bir problemimiz yoxdur”.

Onu da qeyd edək ki, Kreml sahibi mövcud vəziyyətdən Rusiyanın maraqları çərçivəsində istifadə etməyə çalışır. Belə ki, prezident V.Putin Rusiyanın “Şimal axını-2” boru kəməri ilə Avropaya yenidən təbii qaz satmağa hazır olduğunu vurğulayıb: “Rusiya onmilyardlarla xərc çəkib, bu boru kəmərini boş yerə çəkməyib. Lazım olan bütün texnikanı almışıq və artıq çoxdan hazırıq. Əgər, istəyirlərsə, bu boru kəmərini dərhal işə sala bilərik”.

Kreml sahibinin bu açıqlaması Rusiyanın bir müddət öncə “Şimal axını-1” boru kəmərini bağlamasının əsl səbəbini anlamağa imkan verir. Yəni, görünən odur ki, Rusiya bu addımla Avropa Birliyini “Şimal axını-2” boru kəmərinin işə salınmasına məcbur etməyə çalışır. Buna nail olunarsa, növbəti mərhələdə Kremlin “Şimal axını-1” boru kəmərini də yenidən işə salacağı qətiyyən şübhə doğurmur.

Bütün bunlar onu göstərir ki, Kreml Avropanın təbii qazını kəsməklə, Rusiyanın maraqlarını qarşı tərəfə qəbul etdirməyə çalışır. Kremldə ümid edirlər ki, sərt qış yaxınlaşdıqca, bu addım Avropa dövlətlərini daha ağır vəziyyətə salacaq. Və nəticədə Rusiyanın istədiyi reallaşmış olacaq.

Əslində, indiki situasiyada enerji resursları Rusiyanın əlində yeganə silah rolunu oynayır. Kremldə şübhə etmirlər ki, əgər, Rusiyanın tələbləri yerinə yetirilməzsə, enerji resurslarına möhtac olan Avropa ölkələrində kütləvi iğtişaşlar, hətta inqilabi situasiyalar belə, qaçılmaz olacaq. Ona görə də, prezident V.Putin Avropa inqilablarına “qaz vurmağa” başlayıb.

Mənbə: "Yeni Musavat"

0