Rusiya dəniz dibində nüvə silahı yerləşdirməyə hazırlaşa bilər - KİV

DÜNYA
21:16 / 22.05.2026
42

NATO kəşfiyyatı uzun müddətdir Rusiyaya məxsus “Ziroçka” adlı gəmini izləyir. Bildirilir ki, bu gəmi Moskva tərəfindən nüvə raketlərinin dəniz dibində yerləşdirilməsi üçün istifadə oluna bilər.

HİT.az xəbər verir ki, bu barədə “Tagesschau” yazır. Qeyd edilir ki, həmin gəmi Finlandiya sərhədinə yaxın şimal bölgəsində, Ağ dənizdə yerləşdirilir.

Son aylarda aparılan araşdırmalara görə, Rusiya illərdir “Skif” adlı layihə çərçivəsində okeanlarda ballistik raketlərin yerləşdirilməsi üzərində işləyir. Ekspertlərin fikrincə, bu sistem NATO üçün ciddi təhlükə yarada bilər, çünki dəniz dibində gizlədilən buraxılış qurğularını aşkarlamaq və məhv etmək çox çətin olacaq.

Məlumata görə, nə NATO, nə də Rusiya rəsmi şəkildə “Skif” layihəsini şərh etmir. Lakin NATO-nun alman hərbi-dəniz zabiti Helge Adrians bildirib ki, belə bir sistem Rusiyanın yüksək qiymətli platformalardan – məsələn, sualtı qayıqlardan – asılılığını azalda bilər.

Onun sözlərinə görə, dəniz dibində yerləşdirilən nüvə raketlərinin iki əsas üstünlüyü var: onların zərərsizləşdirilməsi çox bahalıdır və bu sistemlər ekipaj tələb etmir, bu da xərcləri azaldır. Eyni zamanda o, ciddi texniki çətinlikləri də qeyd edib. Bunlara okean axınları, dibdə çöküntülərin toplanması, eləcə də raketlərin enerji təchizatı və idarəetmə əlaqələri daxildir.

Jurnalistlər yazır ki, bu ideya yeni deyil. Soyuq müharibə dövründə həm ABŞ, həm də SSRİ dəniz dibində yerləşdirilən nüvə sistemlərini araşdırıb. 1980-ci illərdə Pentaqon belə bir raket bazasının ilkin layihələrini hazırlayıb, lakin texniki çətinliklər səbəbilə bu planlar həyata keçirilməyib.

Məlumatda qeyd olunur ki, 1971-ci ildə imzalanan “Dəniz dibi müqaviləsi” nüvə silahlarının okean dibində yerləşdirilməsini qadağan edir. Lakin bu qadağa əsasən beynəlxalq sularda keçərlidir, dövlətlərin öz sahilyanı sularına aid deyil. Bu baxımdan “Skif” sistemi Rusiya sularında yerləşdirilə bilər.

Rusiya tərəfi bu layihə ilə bağlı rəsmi açıqlama verməyib. Lakin 2017-ci ildə keçmiş Rusiya Hərbi-Kosmik Qüvvələrinin komandiri Viktor Bondarev “Skif” raketlərinin dəniz dibində gizlədildiyini və ölkənin arsenalının bir hissəsi olduğunu bildirmişdi.

Nüvə gərginliyi ilə bağlı son hadisələrə də diqqət çəkilir. 19–21 may tarixlərində Rusiya Belarusla birgə nüvə təlimləri keçirib. Kreml bu təlimlərin NATO və Avropa üçün siqnal olduğunu açıqlayıb.

Analitiklərin fikrincə, bu addımlar həm də Rusiyanın cəbhədəki çətinliklərini və artan hərbi təzyiqi gizlətmək məqsədi daşıya bilər.

Samir

0