Böyük Britaniyada “English Heritage” təşkilatı məşhur Stounhenc abidəsinin yaxınlığında təxminən 4500 il əvvəl mövcud ola bilən neolit zalının 7 metrlik rekonstruksiyasını təqdim edib.
HİT.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.
Layihə Stounhenc ziyarətçi mərkəzinin yaxınlığında, Solsberi düzənliyində həyata keçirilir və ümumi dəyəri təxminən 1 milyon funt sterlinqdir. “Kusuma Neolithic Hall” adlanan tikili 9 ay ərzində 100-dən çox könüllü tərəfindən tamamilə əl ilə inşa edilib. Zalın bu yay ziyarətçilər üçün açılması, daha sonra isə məktəblilər üçün interaktiv tədris məkanına çevrilməsi planlaşdırılır.
Rekonstruksiya “Durrington 68” adlı arxeoloji obyektin izləri əsasında hazırlanıb. Bu struktur Stounhencdən təxminən 3 km aralıda, Vudhenc yaxınlığında aşkar edilib. İlk qazıntılar 1928-ci ildə arxeoloq Mod Kannington tərəfindən aparılıb, daha sonra 2007-ci ildə “Stonehenge Riverside Project” çərçivəsində yenidən tədqiq olunub. Ərazidə taxta sütunlardan ibarət yarımdairəvi plan və dörd əsas daxili dayaq aşkarlanıb.
Əsrlərlə davam edən şumlama səbəbilə orijinal döşəmə və ocaqlar itirilib, buna görə də binanın dəqiq funksiyası bilinmir. Lakin yaxınlıqda tapılan heyvan sümükləri və “Grooved Ware” keramika nümunələri burada qış mərasimləri, kollektiv ziyafətlər və ya ictimai anbar kimi istifadənin mümkün olduğunu göstərir.
Eksperimental arxeoloq Luk Vinter bildirib ki, rekonstruksiya ciddi elmi əsaslara söykənir: “Bu tikilinin hər detalını həmin dövrə uyğun alətlərlə hazırladıq… hər balta zərbəsini belə hesablamışıq”.
O, əvvəlcə bunun qapalı bina olub-olmadığına şübhə etdiyini, lakin tikinti prosesinin fikrini dəyişdirdiyini deyib. Vinter həmçinin tikilinin Günəşin qış günəşdönümünə uyğun şəkildə yönəldildiyini qeyd edib: “Günəş doğanda burada dayananda kölgəm mərkəzi dirəyə düşürdü”.
Layihə “English Heritage” təşkilatının təhsil proqramının bir hissəsidir. 2026-cı ilin sonunadək ərazidə Clore Discovery Lab laboratoriyası və Weston Learning Studio adlı yeni tədris mərkəzinin də açılması planlaşdırılır.
Təşkilatın təhsil və interpretasiya şöbəsinin rəhbəri Aiona Kin bildirib ki, məqsəd məktəblilər üçün illik qəbul imkanlarını təxminən 100 min şagirdə çatdırmaqdır. Onun sözlərinə görə, yeni məkanlarda iştirak tamamilə pulsuz olacaq.
O qeyd edib ki, neolit dövrü məktəb proqramında mühüm yer tutur və interaktiv yanaşma uşaqlara keçmişi daha yaxşı anlamağa imkan verir.
Layihənin kuratoru Vin Skatt isə Stounhenc ətrafındakı abidələrin “birlik axtaran cəmiyyətin məhsulu” olduğunu bildirib və neolit insanların böyük kollektiv layihələr vasitəsilə öz kimliklərini ifadə etdiyini vurğulayıb.
Layihədə iştirak edən könüllülər Sara Devis və Ceyms Hamfri isə bu təcrübənin tarixə baxışlarını dəyişdiyini deyiblər. Onların sözlərinə görə, min illər əvvəl belə bir tikilinin insan əməyi ilə yaradılmasını təsəvvür etmək “heyrətamizdir”.
Samir


