Rusiya Federasiyasının Ukraynaya tammiqyaslı müdaxiləsi və ABŞ ilə münasibətlərin zəifləməsi Avropa üçün təhlükəsizlik sahəsində misli görünməmiş siqnal olub.
HİT.az-ın məlumatına görə, “Atlantic Council”ın materialında qeyd edilir ki, bu gün Avropa orduları yaxşı təşkil olunub və təchiz edilib, lakin keçmiş müharibələr üçün hazırlanmış yanaşmalar müasir döyüş şəraitində, xüsusilə də Putin Rusiyası kimi döyüşdə sərtləşmiş və texnoloji cəhətdən inkişaf etmiş düşmənə qarşı yetərsiz qala bilər.
“2022-ci ildən bəri Ukraynanın döyüş meydanındakı uğurları yeni texnologiyalar prizmasından izah olunur. Bu, məntiqlidir. Texnoloji yeniliklər Ukraynaya daha böyük rəqibi dayandırmağa kömək edib”, deyə materialda bildirilir.
Avropa orduları da inkişafdan qalmır. Hazırda modernizasiya prosesləri sürətlənib və Avropa ölkələri Ukrayna təcrübəsindən öyrənməyin vacibliyini qəbul edirlər.
Lakin hərbi təlimlər göstərir ki, NATO qüvvələri dronlardan istifadə sahəsində xeyli geri qalır və Ukraynadakı döyüş şəraitində uzun müddət tab gətirməkdə çətinlik çəkə bilər.
“Ukraynanın 2022-ci ildən bəri əldə etdiyi təcrübə Avropa ordularının modernizasiyası üçün əsas olmalıdır. Əsas dərs innovasiyaların daha sürətli tətbiqi, texnologiyaların mənimsənilməsi və istifadəyə verilməsidir”, deyə jurnalistlər qeyd edirlər.
Onların fikrincə, yeni texnologiyalar yeni imkanlar yaradır və bu da hərbi doktrinaların yenilənməsinə şərait yarada bilər.
İlk addım yeni avadanlıqlardan istifadənin öyrənilməsidir. Buraya təkcə pilotsuz uçuş aparatları deyil, həm də süni intellektin qərarvermə proseslərinə inteqrasiyası daxildir.
Məqalədə qeyd edilir ki, Ukraynanın döyüş ekosistemi olan “DELTA” texnoloji innovasiyaların məlumat axınını vahid situasiya mənzərəsinə çevirməsinin nümunəsidir. Bu sistem cəbhədən gələn böyük həcmli məlumatları komandirlər, analitiklər və dron operatorları üçün vahid platformada birləşdirir və saniyələr içində qərarverməyə imkan yaradır. Bulud əsaslı işləyən “DELTA” döyüş şəraitində daim yenilənə və genişlənə bilir.
Ən azı 5 NATO ölkəsinin artıq “DELTA”nın tətbiqi imkanlarını araşdırdığı bildirilir.
Digər mühüm dərs isə Avropa ordularında pilotsuz sistemlər üçün xüsusi komandanlıqların yaradılmasıdır. Dronlar köməkçi vasitə kimi deyil, ayrıca struktur kimi qəbul edilməlidir.
“Ukrayna pilotsuz sistemlər üzrə xüsusi komandanlıq yaradan ilk ölkədir. Bu struktur həm doktrinanı müəyyən edir, həm operatorları hazırlayır, həm də xüsusi briqadalarla döyüş təcrübəsini tətbiq edir. Bu yanaşma yüksək effektivlik göstərib”, deyə materialda qeyd olunur.
Həmçinin Ukraynanın “Brave1” modeli də nümunə kimi göstərilir. Bu model bürokratik maneələrin azaldılması və innovasiya dövrlərinin sürətləndirilməsi baxımından xüsusilə əhəmiyyətlidir.
Bu təcrübələrin Avropada tətbiqi asan olmayacaq. Avropa silahlı qüvvələri Ukraynanın müharibə şəraitində keçdiyi çevik proseslərdən fərqli olaraq daha sərt inzibati və hüquqi məhdudiyyətlərə tabedir.
Qərb ölkələrindən birində transformasiya üzrə yüksək vəzifəli hərbi nümayəndənin sözlərinə görə, burada inzibati mürəkkəblik, maliyyə nəzarətinin sərtliyi və hərbi satınalmalar üzrə Avropa qaydaları ciddi maneələr yaradır.
Bununla belə, jurnalistlər hesab edir ki, əsas faktor siyasi iradədir. Məhz bu iradə köhnəlmiş strukturların dəyişdirilməsini mümkün edə bilər.
Məqalədə vurğulanır ki, Avropa Ukrayna təcrübəsindən bəhrələnmək barədə danışsa da, hələlik konkret addımlar kifayət deyil və vaxt itirilir.
“Bunun qarşısını almaq mümkündür. Avropanın artıq dərin hərbi transformasiya keçirmiş unikal tərəfdaşı var... Ukrayna sübut edib ki, müasir müharibədə effektivlik ayrı-ayrı texnologiyalarla deyil, onların tətbiq olunduğu sistemlərlə müəyyən edilir”, deyə materialda qeyd olunur.
Jurnalistlərin fikrincə, innovasiyalardan yararlanmaq üçün yeni texnikanı tez sınaqdan keçirmək, onu idarəetmə sistemlərinə inteqrasiya etmək və cəbhədən gələn geribildirim əsasında daim təkmilləşdirmək vacibdir.
“Ukraynanın sürətli adaptasiya, sistemlərarası uyğunluq və data əsaslı qərarvermə ilə xarakterizə olunan hərbi mədəniyyəti XXI əsr müharibəsinin dəyişən texnoloji dinamikasını əks etdirən ən dəyərli dərslərdən biridir”, deyə nəşr yekunlaşdırılır.
Samir


