DÜNYA
11:58 / 06.01.2023
991

Britaniyanın ilk qaradərili kraliçası - Siyasətdən uzaq itaətkar qadın

Sofiya Şarlotta 1744-cü il mayın 19-da kiçik Alman hersoqluğunda Meklenburq hersoqu Çarlz Lui Frederik və onun xanımı Şahzadə Elizabet Albertinin qızı olaraq doğulub. Çoxuşaqlı ailədə böyüyən Şarlottanın rəngarəng həyatı olub. Gənc yaşlarından özəl müəllimlərindən botanika, təbiət tarixi və dil üzrə ilkin biliklərə yiyələnib. Sofiya və bacıları razılaşdırılmış evlilik tərbiyəsi ilə böyümüşdülər.

Sofiyanın seçilməsi

Bir gün siyasi maraqlar üçün istifadə olunmaq istəməyən Şarlotta heç vaxt yüksək mövqedə olmayıb. Saraya girmək üçün yaşıdları ilə mübarizə aparmamışdı, daha sadə bir həyat arzusundaydı. Amma 1760-cı ildə taxta çıxan iyirmi iki yaşlı Kral III Corc üçün arvad axtarışı bu arzusunu əbədi olaraq məhv etdi.

Siyasi qüdrətini artırmaq istəyən zadəgan ailələrin nikah yaşına çatmış subay qızlarını siyahıya salmaq üçün bir-biri ilə qızğın mübarizə apardığı günlərdə Sofiya siyasətçilərin hədəfinə çevrildi. Haqqında hər cəhətdən gözəl və cazibədar olaraq danışıldığı üçün istəyinə zidd şəkildə gəlin namizədlərin siyahısına düşdü.

Gənc kral Şarlotta haqqında xoş sözləri eşitdikdən sonra qərar verdi. Gəlin seçdiyi gənc qızın ən qısa vaxtda xanımı olmasını istəyirdi. III Corcun seçimi sürətlə hər yerə yayıldı. Əsilzadə qızlar və nüfuzlu ailələr üçün bu qərar qənaətbəxş deyildi. Bu xəbər öz kiçik dünyasında xoşbəxt yaşayan Şarlottanı da kədərləndirdi. Çünki bilirdi ki, hökmdarın qərarlarına boyun əyməkdən başqa çarəsi yoxdur. 1761-ci il sentyabrın 8-də Londona gəldikdən cəmi altı saat sonra kralla evləndi.

İtaətkar qadın

On yeddi yaşlı Sofiya ərini ilk dəfə idi ki, görürdü. Saraya gedən yolu əhatə edən izdihamın ona zillənmiş nəzəri altında titrəməyə başladı. Davranışına nəzarət etməkdə çətinlik çəkirdi. Hətta yeriyərkən büdrədi, amma hökmdarın çevikliyi sayəsində son anda yıxılmaqdan xilas oldu. Əslində, bu, ikisi arasında məhəbbət alovunu yandıran ilk qığılcım idi.

Şarlotta Anqlikan Kilsəsinə qatıldı və Anqlikan ayinlərinə görə evləndi, krallığın maraqlarını qorumaq naminə nikah müqaviləsinə uyğun olaraq siyasətdən uzaq qaldı. Bəlanı özündən uzaq saxlamaq üçün ondan nə tələb olundusa, yerinə yetirirdi. Bunlara ağır bahalı zinət əşyaları taxmaq və çoxqatlı paltar geyinmək də daxil idi.

Məcburən öz xarakterinə tamamilə yad həyat seçdi. Atdığı addımların, dediyi sözlərin ağırlığını daşıdı. Titulunun ciddiliyini qorumaq üçün öz iradəsini və fikirlərini qurban verdi. Xoşbəxtlikdən onun mühitə uyğunlaşma cəhdi müəyyən seqmentlərdən alqış topladı. Əlbəttə, təhsil səviyyəsinin aşağı olduğunu əsas gətirərək onu kənd ağasının qızı ilə müqayisə edən yüksək zümrəli adamalar da vardı.

Kral Corca gəlincə, Şarlottanın iti ağlını dərhal hiss etdi. Xanımını dəstəkləmək və ruhlandırmaqdan bir an belə çəkinmədi. İngilis dilini təkmilləşdirən yeni kraliça ərinin istədiyi kimi siyasətdən uzaq durmağı özəlliklə diqqətdə saxlayırdı.

Sofiya bütün hökmdarların arzusunda olduğu itaətkar qadın idi. III Corc bundan artığını gözləyə bilməzdi. Aralarında yaranmağa başlayan sevgi bağına baxmayaraq, Şarlotta üçün nəsə çatışmırdı.

Gizli saxlanılan xəstəlik

Evinə, ailəsinə olan həsrətini dindirə bilmirdi. Öz doğma vətənini canlandırmaq üçün abadlıq işləri təşkil etdi, evlər tikdi, zooparklara baş çəkdi. Qulluqçularına sevgi ilə yanaşaraq, itaətkar münasibətləri bir kənara atdı. Onun fikrincə, xəyanətin qarşısını almağın ən yaxşı yolu qazanılmış ürəklər idi. İnanırdı ki, bu yolla kürəyindən bıçaqlanmayacaq, siyasətlə əlaqələndirilməyəcək.

Kraliça Şarlotta düşmənləri qorxutmaq və güc nümayişinin taktiki tərəfi olaraq dəbdəbəli həyatı dəstəkləmək məcburiyyətində idi.

Həftədə ən azı iki dəfə kralla əyləncə təşkil edən kraliça unikal musiqi zövqü ilə tanınırdı. Səkkiz yaşlı Motsartı saraya dəvət edəcək qədər uzaqgörəndi.

Cütlüyün növbəti addımı taxt-tac üçün dünyaya bir varis gətirmək idi. İyirmi iki il ərzində on beş uşaq sahibi olmaları aralarındakı bağı daha da gücləndirmişdi. Kral ailəsinin uşaqları ilə adi insanlar kimi vaxt keçirməsi hər kəsi təəccübləndirmişdi. Xoş sözlərlə yüksəklərə qaldırılan hökmdar və xanımı günün sonunda xəyal etdiyi evlilikdən qat-qat artığını əldə etmişdi.

Cütlüyün bir-birinə bağlılığı bəzi siyasi xadimləri heyran edə bilməmişdi. Əsas səbəblər arasında kraliçanın ingilislərdən daha tünd dərili və qıvrım saçlı olmasıydı. Bu səbəbdən də həkimlərin tərtib etdiyi tibbi hesabatlarda istər-istəməz irqi təhqirlərə məruz qalırdı.

O illərdə qaradərili qulların yayğın olduğu bir cəmiyyətdə aşağı təbəqədə olması gərəkən bir qadına hörmət etmək bəziləri üçün təhqiredici idi. Bütün bunlar kraliçanın Bridgertonda göstərdiyi gücün üstündən xətt çəkə bilirdi. Amma başqalarının dəyişməz fikirlərinə baxmayaraq, kral və kraliça evliliklərinin ilk iyirmi beş ilini xoşbəxt keçirdi.

III Corcun hamıdan gizli saxladığı ruhi xəstəliyi təkrarlanana qədər...

“Dəli Kral”

Kral yuxusuz gecələrdən sonra arvadını xəyanətdə ittiham etməyə başladı. Bu ittihamlar Şarlottanı dəhşətə gətirdi. Ərini sağaltmaq üçün yollar axtarırdı. Amma ona “Dəli Kral” ləqəbini qazandıran aqressiv davranışlarının tez-tez təkrarlanmasından sonra ailəsinin təhlükəsizliyindən qorxmağa başladı.

Azyaşlı uşaqlarını atalarından qorumaq üçün gecələr otağının qapılarını kilidləyirdi. Kral müxtəlif müalicələrdən sonra gah düzəlir, gah da aqressivləşirdi.

Hökmdarın əməllərindən öz paylarını alan sadiq adamları taxt-tacın növbəti sahibinin kim olması məsələsini gündəmə gətirməkdən başqa çıxış yolu tapa bilmirdilər. Bu, kraliçanı qismən siyasətə cəlb etdi. Bu qərarı nəinki böyük oğlu, Uels şahzadəsi ilə münasibətlərini korladı, həm də “kraliça kral rolunu oynayır” kimi ittihamlara səbəb oldu. Ərinin amansız xəstəliyi və üst-üstə yığılmış problemlər sonda kraliçanı depressiyaya saldı. Bəzən əri kimi uşaqlarına qarşı da aqressiv davranırdı.

Corcun xəstəliyi özünü göstərməyə başlayan kimi, başqa otağa çəkilir və insanlardan təcrid olunurdu. Bununla belə, illərdir davam etdirdiyi sadiq arvad rolundan çıxmağı düşünmürdü.

Oğlu regent təyin olunanda ərinin hüquqlarını qorudu. Ancaq ona baş çəkməyə özündə cəsarət tapmadı.

Şarlotta sarayın lənəti ilə üzləşdiyi qənaətinə gəlmişdi. Vaxtilə öz qulluqçuları ilə çay süfrəsi təşkil edən bu istiqanlı qadın artıq heç kimə etibar edə bilmirdi. Altı qızından birindən başqa hamısının evlənməsinə mane olacaq qədər nəzakətini itirmişdi. Ətraflarına etibar etməmələri ilə bağlı hər cür məsləhətlər verməyə başlamışdı.

Son illərini əri ilə birlikdə Vindzorda tənha bir yerdə keçirmək üçün paytaxtı tərk etdi. Həmin günlərdə Şarlottanın səhhətindəki problemlər yerimə qabiliyyətini sürətlə pisləşdirirdi. Yataq xəstəsi olandan sonra günlərini bağdakı çiçəkləri seyr etməklə keçirdi.

O günlərdə krallığın rəsmi elanında bildirildi ki, 70 yaşlı kraliça 1818-ci il noyabrın 17-də yuxusundan bir daha oyana bilməyib. Övladları, o cümlədən taxt-tac üstündə mübahisə etdiyi oğlu da son ana qədər yanında oldu. Kral III Corc isə iki il sonra həyat yoldaşının arxasınca getdi.

Hekayələri faciəli sonluqla bitsə də, kraliçanın Böyük Britaniya tarixindəki önəmi böyükdür. Çünki təkcə qaradərili kraliça kimi tanınmamışdı, həm də əfsanəvi sevgi nümunəsinə çevrilmişdi.

Mənbə: Teleqraf.com

0