"Vaqner" Polşaya hücuma hazırlaşır? - ŞƏRH

DÜNYA
14:23 / 31.07.2023
539

Polşanın Baş naziri Mateuş Moravetski "Vaqner" özəl hərbi şirkəti ilə bağlı şok açıqlama verib. 

Onun sözlərinə görə, “Vaqner” hərbi qruplaşmasının 100-dən çox muzdlu döyüşçüsü Polşa ilə sərhədə doğru irəliləməyə başlayıb. Nazir onların Suvalki dəhlizinə - Polşa-Litva sərhədinin 100 kilometr uzunluğu olan strateji hissəsinə yaxınlaşdığını vurğulayıb. 

Maraqlıdır, "Vaqner" Polşaya qarşı hər hansısa hücum törədə bilər?

Mövzu ilə bağlı HİT.az-a açıqlama verən politoloq Turan Rzayev bildirib ki, əslində "Vaqner"in qiyamı "şou" idi:

330960

"Çünki "Vaqner" Rusiyadan maliyyələşən özəl hərbi birlikdir. Elə həmin vaxtlarda da "Vaqner" rəhbəri Yevgeni Priqojin Rusiya Prezidenti Vladimir Putini deyil, müdafiə naziri Sergey Şoyqu və Baş qərargah rəisi Valeri Gerasimovu hədəf alırdı. Bu da həmin qiyamın nəzarətli bir xaos olduğunu göstərirdi. Nəticəsi də sonradan bəlli oldu. Lakin bunun ardınca "Vaqner" Belarusa yerləşdirildi. Bunun isə müxtəlif səbəbləri var. Məqsəd Aleksandr Lukaşenko hakimiyyətinin qorunması, ehtimal Qərb yaxınlaşmasının qarşısının alınması və müxalif qruplarının təsir gücünü zəiflətmək idi. Amma ən önəmli məsələ Rusiyanın NATO-ya qarşı proksi müharibəsini təşkil etmək idi".


Ekspert qeyd edib ki, "Vaqner" Belarusa göndəriləndən sonra onların Kremllə əlaqələsinin qopduğuna dair bir təəssürat yaradılıb:
"Yəni Rusiya "Vaqner"in bundan sonra atacağı addımlara məsuliyyət daşımadığını bildirib. Bu isə o deməkdir ki, "Vaqner" Polşa və ya digər NATO ölkələrinə hücum edəcəyi təqdirdə, Rusiya məsuliyyət daşımayacaq. Mahiyyət etibarilə, Putin alyansla birbaşa konfliktə girmədən belə bir mübarizə vasitəsindən istifadə edəcəyini düşünür. Buna bənzər bir formanı Ukrayna üzərindən Qərb və ABŞ-ın Rusiya ilə müharibəsinə bənzədə bilərik. Görünür, Kreml də "Vaqner" üzərindən oxşar layihə icra etməyə çalışır". 

Politoloqun fikrincə, "Vaqner"in Belarusdan Polşaya və ya digər Baltikyanı ölkələrə hücumu realdır:

"Rəsmi Moskvanın da məqsədi pərdəarxasından dəstək verərək, "Vaqner"in bu ölkələrə qarşı hücumunu təşkil etmək, strateji obyektlərinə zərbələr endirmək və Ukraynaya verilən dəstəyi kəsməkdir. Prinsipcə, rəsmi Vaşinqton da müharibənin NATO kontekstinə keçməyini istəmir. Kreml də ABŞ-ın belə bir müharibədən qaçdığını bildiyi üçün bu varianta əl atıb. Əlbəttə ki, bunun nə dərəcədə uğurlu olacağını zaman göstərəcək.

Düşünürəm ki, bu, sadəcə plan olaraq uğurlu ola bilər. Amma Polşa da zəif ölkə deyil, hətta kifayət qədər güclüdür. Həmçinin, "Vaqner" kimi özəl şirkətlə dövləti müqayisə edə bilmərik. Rusiyanın dəstəyi belə olsa Polşa ilə qarşı-qarşıya gələcək "Vaqner" uğur əldə edə bilməyəcək. Yəni plan yaxşı ola bilər, amma nəticənin effektiv olacağını zənn etmirəm".

Pərviz

0