Türk lirəsinin ucuzlaşması nə qədər davam edəcək? - RƏY

DÜNYA
17:32 / 16.08.2023
765

"Hazırda Türkiyə iqtisadiyyatı sürətlə rasional yola yenidən daxil olmağa cəhd göstərir".

Bunu iqtisadçı ekspert Elşən Bağırzadə HİT.az-a açıqlamasında deyib.

O vurğulayıb ki, bir müddət əvvəl tətbiq edilməyə çalışılan, hökumətin adına yeni iqtisadi model dediyi siyasətlərdən indi bir-bir imtina edilməyə başlanılıb:

332013

"Ancaq bu da asan iş deyil. Hazırda Türkiyə iqtisadiyyatının demək olar ki,  bütün sektorlarında maliyyə tarazlığı ciddi şəkildə pozulub. Ölkənin valyuta rezervi mənfidir. Ölkəyə valyuta girişləri də istənilən səviyyədə deyil. Ona görə hökumət lirənin dəyərdən düşməsində bir qədər maraqlıdır. Bununla ixracı bir qədər artıracağını düşünür. Açığı deyim ki, Türkiyənin ixrac bazarlarındakı mövcud konyuktura və bütövlükdə qlobal iqtisadiyyatın hazırkı konyukturası bu yolu o qədər də ümidverici etmir".

Ekspert qeyd edib ki, türk lirəsinin bir qədər də dəyərdən düşməsi surpriz olmaz:

"Bildiyiniz kimi ölkə valyutanı əsasən iki yolla əldə edir. Birinci yol, xarici investisiya girişləridir. İkinci yol da ixracdır. Türkiyə hazırda bu yolların heç birindən normal istifadə edə bilmir. Bunun da həm qlobal iqtisadiyyatdan, həm də Türkiyə iqtisadiyyatının mövcud durumundan doğan səbəbləri var. Qlobal iqtisadiyyatın trübülanslı bir yola girdiyini və bu yolda hələ bir müddət davam edəcəyini söyləyə bilərik. Belə bir şəraitdə, Türkiyə iqtisadiyyatında da tarazlıqların yenidən bərpası qısa müddətdə real görünmür".

Elşən Bağırzadənin fikrincə Türkiyənin iqtisadi çətinliyi hələ bir müddət davam edəcək:

"Türkiyənin hazırkı hökumətində mövcud iqtisadi komandanın düzgün yolda olduğunu və mümkün ölçüdə rasional iqtisadi qərarlar almağa çalışdıqlarını düşünürəm. Ancaq problemlər çoxdur və dərindir, imkanlar isə məhduddur. Ona görə də iqtisadi çətinliklər hələ bir müddət davam edəcəkdir".

Pərviz

0