Tüstüsü Avropaya çatan partlayış: \"Mayak\" qəzası 400 min nəfərin şüalanmasına səbəb olub

20:51 / 13.04.2024
189

Bütün dövlətlərdə hərbi və kosmik obyektlərin məxfiliyini qorumaq üçün maksimum zəruri tədbirlər həyata keçirilir. Bu məsələyə SSRİ-də də son dərəcə ciddi yanaşılıb və bu məqsədlə ölkənin ayrı-ayrı məkanlarında qapalı şəhərlər yaradılıb. Həmin şəhərlər nə xəritədə əks olunub, nə də adı bilinib. Onlar yerləşdiyi vilayət mərkəzlərinin adlarının qarşısına müəyyən bir rəqəm qoymaqla şərti ad daşıyıblar.

Qapalı şəhərlərin sakinləri xüsusi nəzarət altında olublar və onlar öhdəlik iltizamları imzalayıblar. Yəni, şəhər və şəhərdə mövcud olan obyektlər haqqında ən kiçik bir məlumatın yayıldığı təqdirdə onları cəza gözləyib.

Bu şəhərləri digərlərindən fərqləndirən cəhətlərdən biri təminat məsələsi olub ki, adi sovet vətəndaşı üçün əlçatmaz sayılan defisit mallar qapalı şəhərlərdə açıq satışda və münasib qiymətə satılıb. Eyni zamanda belə şəhərlərin sakinləri xüsusi güzəşt və imtiyazlara da sahib olublar.

1000014451.jpg (166 KB)

Qapalı şəhərlərdən biri də 1950-ci illərin ortalarında Çelyabinsk vilayətinin ərazisində salınıb. Hazırda Ozersk adını daşıyan bu şəhərdə həmin dövrdə kimya zavodu adı altında “Mayak” Atom Kompleksi inşa edilib. Kompleksin inşası, fəaliyyətə başlaması, mütəxəssislərin seçilməsi və digər elmi və təşkilati məsələlər akademik İqor Kurçatova həvalə edilib.

SSRİ-nin atom sənayesində bu kompleksin fəaliyyətə başlaması uğurlu bir addım sayılsa da, çox keçməmiş “Mayak” yüz minlərlə insanın həyatına faciə gətirib. 29 sentyabr 1957-ci ildə SSRİ-də ilk dəfə atom sənayesi sahəsində qəza məhz elə bu qapalı şəhərdə, “Mayak”da baş verib. Qəza Şərqi Uralda böyük ərazini radioaktiv çirklənməyə məruz qoyub. Soyutma sisteminin sıradan çıxması nəticəsində təqribən 80 kub metr yüksək radioaktivliyə malik nüvə tullantısı olan  anbar partlayaraq atmosferə ciddi miqdarda radiasiya yayıb. Maye və bərk aerozollardan ibarət olan radioaktiv bulud küləyin istiqaməti boyu ümumilikdə 23 min kvadrat kilometr ərazini radioaktiv hissəciklərlə çirkləndirib.

Qəzanın miqyası o dərəcədə böyük olub ki, onun nəticələrinin aradan qaldırılmasında yüz minlərlə hərbi və mülki şəxs iştirak edib və onlar əhəmiyyətli dərəcədə şüalanmaya məruz qalıblar. Hazırda təqribən uzunluğu 300, eni 5-10 kilometr olan “Şərqi Ural radioaktiv ərazisi” qoruq elan edilib, yüksək radioaktiv fon olan bu ərazidə hər hansı bir kənd təsərrüfatı sahəsinin fəaliyyəti qadağan olunub. Qeyd edək ki, qəza nəticəsində ümumilikdə 400 mindən artıq insan şüalanmaya məruz qalıb.

1000014450.jpg (132 KB)

Qəzadan dərhal sonra Nikita Xruşşovun imzaladığı sərəncamla xüsusi komissiya yaradılıb. Müvafiq qurumların nümayəndələri Çelyabinsk vilayətinə ezam olunublar. Qəzanın fəsadlarının aradan qaldırılması üçün isə başqa bir komissiya fəaliyyət göstərib. Mütəmadi olaraq komissiyaların işi haqqında Kremlə məruzələr edilib.

Komissiyalar işlərini yekunlaşdırdıqdan sonra Mərkəzi Komitədə qəzanın fəzadlarının aradan qaldırılması, əhalinin təxliyəsi, “Mayak” kompleksinin bərpası və digər məsələlərlə bağlı qərar qəbul edilib.

Qəbul olunmuş qərarda diqqət çəkən məqamlardan biri DTK ilə bağlı olub. Qərarın bəndlərinin birində bu sətirlər öz əksini tapıb:

“SSRİ DTK-sı “Mayak” Atom Kompleksində baş vermiş qəzanın tam məxfi saxlanılmasını təmin etsin”.

1000014452.jpg (160 KB)

DTK Mərkəzi Komitənin bu göstərişini 1989-cu ilə qədər “peşəkarlıqla” icra edib. “Mayak”dakı qəza ilə bağlı uzun illər sovet mətbuatında bir cümlə olsun belə yazı dərc edilməyib. Amma qəzadan cəmi bir neçə həftə sonra ABŞ və qərb mətbuatı, xüsusilə də Almaniyanın və Fransanın nüfuzlu kütləvi informasiya vasitələri kompleksdəki qəza ilə bağlı elə faktlar açıqlayıblar ki, heç Xruşşovun özü də onlardan xəbərdar olmayıb. İroniyalı başlıqlar, “Tüstüsü Avropaya çatan partlayış”, “Məxfi obyektdə məxfi qəza”, “Uğursuz atom layihəsinin uğurlu qəzası” adı altında gedən yazılar sovet liderinin kəskin qıcığına səbəb olub və bütün bu yazıların qarşısını ala bilməyən Xruşşov qəzəbini özünə yaxın silahdaş saydığı DTK sədri İvan Serovun üstünə tökməklə özünü sakitləşdirib:

“...Sizin yarıtmaz xidməti fəaliyyətinizə qiymət verməkdə çətinlik çəkirəm. Komplekslə bağlı bütün məxfi məlumatlar sizdədir, sizin qurumdadır. Necə olur ki, onlar bütün sərhədləri ildırım sürəti ilə keçərək xarici dövlətlərə çatır? Bəlkə bu informasiyaları siz, yaxud da müavinləriniz xarici mətbuata ötürür? Bu cür xidmətinizlə özünüz haqqında məndə şübhələr yaradırsınız. Bu şübhələr özünü doğruldacağı təqdirdə sizə qarşı heç bir mərhəmət və əfv olmayacaq...”

Mənbə: Musavat.com

0