NATO-nun yeni Baş katibi nəyi dəyişəcək? "Rusiya-Ukrayna müharibəsi ilə bağlı..."

DÜNYA
10:14 / 27.06.2024
427

"NATO-nun yeni Baş katibi Mark Ruttenin atacağı addımlar dünya ictimaiyyətini ciddi şəkildə maraqlandıran məqamlardan biridir".

Bu sözləri Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov Hit.az-a açıqlamasında deyib. 

O diqqətə çatdırıb ki, xüsusilə NATO Rusiya-Ukrayna müharibəsində Kiyevə dəstək baxımından ciddi rol oynayır:

352958

"Ümumiyyətlə, Qərb dövlətlərində yürüdülən siyasi kurs var. Yəni vəzifəyə hansısa şəxslərin gəlməsi uzun illərdir formalaşan siyasi kursu ciddi şəkildə dəyişdirmir. Bu, xüsusilə də Qərb dövlətləri və ABŞ rəhbərliyi ilə fəaliyyət göstərən Şimali Atlantika hərbi blokuna aiddir".

Ekspert hesab edir ki, NATO-nun Rusiya-Ukrayna müharibəsi ilə bağlı siyasətində ciddi dəyişiklik olmayacaq:

"Çünki NATO ABŞ-nin rəhbərliyi altında fəaliyyət göstərir. Orada əsas söz sahibi Ağ Evdir. ABŞ-nin Rusiya-Ukrayna müharibəsi ilə bağlı mövqeyi dəyişmədikcə, NATO-da və ya Qərb institutlarında hansısa rəhbərin dəyişməsi o siyasətdə ciddi dəyişikliyə gətirib çıxarmayacaq. 

Təbii ki, müəyyən fərqli mövqe ortaya qoyula bilər. Məsələn, alyansın rəhbərinin dəyişdikdən sonra Ukraynanı Rusiya ilə danışıqlar masasına oturtmağa sövq etməyin şahidi ola bilərik. Bu isə ABŞ və Böyük Britaniya tərəfindən qəbul olunacaq qərardan asılı olacaq". 

Həmsöhbətimiz onu da əlavə edib ki, bunu NATO rəhbərliyində baş verən dəyişikliyin nəticəsi kimi qələmə verəcəklər:
"Sanki demokratik dəyərlərlə idarə olunan NATO-da Baş katib öz siyasi kursunu ortaya qoyur. Lakin əlbəttə ki, bu yeni Baş katib Mark Ruttenin iradəsi əsasında atılacaq addımlar olmayacaq. Bu, yalnız kollektiv Qərbin Rusiya-Ukrayna müharibəsi ilə bağlı fərqli bir mövqe nümayiş etdirməsi ilə bağlı ola bilər. 

Hansı ki, bu da gözləniləndir. Yaxın gələcəkdə belə hal olsa, Rusiya-Ukrayna müharibəsində müəyyən səngimənin, habelə atəşkəs və hətta sülh danışıqlarının aparılmasının şahidi ola bilərik. Ona görə düşünürəm ki, NATO-nun siyasətində bəzi kiçik dəyişikliklərin şahidi ola bilərik. Amma bu, Niderlandın Baş nazirinin vəzifəyə gəlməsi ilə bağlı olmayacaq". 

Pərviz

0