Antarktida üzərində ozon dəliyi 27 milyon kvadratkilometrə çatdı - 48 ilin 7-ci ən böyük göstəricisi

DÜNYA
18:18 / 11.11.2026
41

Antarktida üzərindəki ozon dəliyi 2026-cı ildə son onilliyin ən böyük ölçüsünə çatıb. NASA və ABŞ Milli Okean və Atmosfer Administrasiyasının (NOAA) məlumatına görə, bu il qeydə alınan göstərici son 48 ilin müşahidələri arasında sahəsinə görə yeddinci yerdə qərarlaşıb. Bununla belə, alimlər ozon qatının uzunmüddətli bərpasının davam etdiyini bildirirlər.

HİT.az xəbər verir ki, “CHIP” nəşrinin məlumatına əsasən, ozon dəliyinin ən geniş olduğu dövr sentyabrın 7-dən oktyabrın 13-dək davam edib. Həmin müddətdə onun orta sahəsi 25 milyon kvadratkilometr təşkil edib. Bu, ABŞ-ın ərazisindən iki dəfədən çox böyükdür.

Ozon dəliyi sentyabrın 18-də maksimum ölçüyə çataraq 27,1 milyon kvadratkilometr ərazini əhatə edib. Bu göstərici 2000-ci ilin sentyabrında qeydə alınmış birgünlük rekordun təxminən 90 faizinə bərabərdir.

Qeyd edək ki, ozon dəliyi atmosferdə həqiqi boşluq deyil. Alimlər bu termini Antarktida üzərində ozonun sıxlığının 220 Dobson vahidindən aşağı düşdüyü əraziləri təsvir etmək üçün istifadə edirlər.

Güclü qütb burulğanı dəliyi böyüdüb

Mütəxəssislər bu il ozon dəliyinin genişlənməsini Antarktida üzərində yaranan güclü qütb burulğanı ilə əlaqələndirirlər. Bu hava sistemi qış aylarında soyuq havanı qütb bölgəsində saxlayaraq ozonun parçalanması üçün əlverişli şərait yaradır. Stratosferdə temperaturun aşağı düşməsi isə ozon itkisinin artmasına və dəliyin genişlənməsinə səbəb olur.

Bununla belə, ozon qatının nazilməsinin dərinliyi əvvəlki rekord illərlə müqayisədə o qədər də ciddi olmayıb. NOAA-nın ölçmələrinə əsasən, Cənub qütbündə ozon sıxlığı oktyabrın 17-də minimuma enərək 105 Dobson vahidi təşkil edib. Müqayisə üçün, 2006-cı ilin oktyabrında bu göstərici 92 Dobson vahidinə qədər düşmüşdü.

NASA-nın ozon tədqiqatları üzrə keçmiş rəhbəri, Merilend Universitetindən Pol Nyuman bildirib ki, son illərdə ozon dəliyinin mövsümi formalaşması daha gec başlayır. Onun fikrincə, bu dəyişiklik ozon qatının tədricən bərpa olunduğunun əlamətlərindən biridir.

Ozon qatının tam bərpası 2070-ci illərə qədər uzana bilər

Ozon qatının qorunmasında 1987-ci ildə imzalanmış Monreal Protokolu mühüm rol oynayıb. Bu beynəlxalq razılaşma ozonu məhv edən kimyəvi maddələrin istehsalının və istifadəsinin mərhələli şəkildə dayandırılmasını nəzərdə tutur.

Həmin maddələr arasında uzun illər soyuducularda və aerozol spreylərində istifadə olunan xloroflüorkarbonlar (CFC) xüsusi yer tutur. Bu birləşmələr atmosferin yuxarı qatlarına çatdıqdan sonra ultrabənövşəyi şüaların təsiri ilə parçalanır və ozon molekullarını məhv edən xloru sərbəst buraxır.

NASA-nın qiymətləndirməsinə görə, stratosferdəki xlorun təxminən 80 faizi insan fəaliyyəti nəticəsində yaranıb. Ozonu məhv edən maddələrin atmosferdən tam təmizlənməsi isə uzun zaman tələb edir.

Proqnozlara əsasən, Antarktida üzərindəki ozon qatının 1980-ci il səviyyəsinə qayıtması yalnız 2070-ci illərdə mümkün olacaq.

Samir
 

0