Yer kürəsində heç vaxt canlı orqanizmlər yaranmasaydı belə, planetimiz milyardlarla il ərzində okeanlarını və mülayim iqlimini qoruyub saxlaya bilərdi. Alimlər kompüter modelləşdirməsi vasitəsilə həyatın mövcud olmadığı Yer kürəsinin necə inkişaf edəcəyini araşdırıblar.
HİT.az xəbər verir ki, Vaşinqton Universitetinin tədqiqatçıları və onların həmkarları tərəfindən aparılan araşdırmanın nəticələri “The Planetary Science Journal” jurnalında dərc olunub.
Alimlər Yer kürəsinin nüvəsində, mantiyasında, yer qabığında, okeanlarında və atmosferində baş verən prosesləri birləşdirən kompüter modeli hazırlayıblar. Bu model vasitəsilə planetin təxminən 5 milyard il ərzində mümkün təkamülü izlənilib. Hesablamalarda Günəş şüalanmasının dəyişməsi və Yer kürəsinin müxtəlif təbəqələri arasında kimyəvi maddələrin mübadiləsi də nəzərə alınıb.
Araşdırmanın maraqlı nəticələrindən biri odur ki, canlı orqanizmlərin iştirakı olmadan da Yer kürəsində maye suyun mövcudluğu üçün əlverişli temperatur qoruna bilərdi. Buna geoloji karbon dövranı şərait yaradırdı. Süxurların aşınması, vulkan püskürmələri və okeanlardakı kimyəvi reaksiyalar atmosferdəki karbon qazının miqdarını tənzimləyərək Günəşin zamanla artan parlaqlığının təsirini qismən kompensasiya edirdi.
Modelin real Yer kürəsinin 4,5 milyard il əvvəlki vəziyyətinə uyğunlaşdırılması zamanı sənaye dövründən əvvəlki planetin 19 əsas xüsusiyyəti müəyyən edilmiş xəta hədləri daxilində təkrarlanıb.
Bununla belə, həyatın olmadığı Yer kürəsinin müasir planetimizdən əsas fərqi atmosferdə oksigenin çox az olması olardı. Çünki atmosferdə oksigenin böyük həcmdə toplanması fotosintez prosesi ilə, yəni canlı orqanizmlərin fəaliyyəti ilə əlaqəlidir.
Tədqiqatçılar vurğulayırlar ki, bu nəticələr canlıların Yer kürəsinin iqliminə təsir göstərmədiyi anlamına gəlmir. Araşdırma daha çox başqa ulduzların ətrafında fırlanan planetlərin öyrənilməsi baxımından əhəmiyyətlidir.
Belə ki, uzaq planetdə okeanların və mülayim temperaturun aşkarlanması orada həyatın mövcudluğunu təsdiqləmək üçün kifayət deyil. Alimlər hesab edirlər ki, yeni model potensial olaraq yaşamaq üçün əlverişli planetlərlə həqiqətən canlıların məskunlaşdığı dünyaları bir-birindən fərqləndirməyə kömək edə bilər.
Samir


