İspaniyanın Kanar adaları arxipelaqının ən böyük adası olan Tenerifedə yarım əsrdən çox əvvəl buraxılmış 11 vəhşi qoçun nəzarətsiz çoxalması ciddi ekoloji problem yaradıb.
HİT.az xəbər verir ki, bu barədə “La Nacion” nəşri məlumat yayıb.
Məlumata görə, 1971-ci ildə Tenerifedə idman ovçuluğunu inkişaf etdirmək məqsədilə adaya dağ qoyunları fəsiləsinə aid 11 vəhşi qoç buraxılıb. Heyvanlar adanın dağlıq ərazilərində əlverişli yaşayış və çoxalma şəraiti tapıblar. Lakin ərazidə onların sayını təbii yolla tənzimləyə biləcək yırtıcıların olmaması vəziyyəti getdikcə nəzarətdən çıxarıb.
Nəticədə onların sayı sürətlə artaraq adanın unikal ekosisteminə ciddi ziyan vurmağa başlayıb. Əsas təhlükə isə yalnız Tenerifedə təbii şəraitdə yetişən nadir bitki növləri ilə bağlıdır. Heyvanların intensiv otlaması bitki örtüyünün bərpasına mane olur. Xüsusilə nadir Teide bənövşəsinin mövcudluğu təhlükə altına düşüb.
Bundan başqa, onların ərazidə hərəkəti torpağın tapdalanmasına, eroziyanın sürətlənməsinə və minilliklər ərzində formalaşmış təbii tarazlığın pozulmasına gətirib çıxarır.
Problemi çətinləşdirən digər məqam isə heyvanların əlçatmaz dağlıq ərazilərdə yaşamağa yaxşı uyğunlaşmasıdır. Bu da onların sayına nəzarəti xeyli çətinləşdirir.
Ekosistemə vurduğu ziyana görə heyvanların İspaniyanın İnvaziv Yad Növlər Kataloquna daxil edilib. Hazırda müvafiq qurumlar onların populyasiyasını azaltmaq və adanın nadir bitki örtüyünü qorumaq üçün xüsusi nəzarət proqramları həyata keçirirlər.
Beləliklə, vaxtilə ovçuluğun inkişafı üçün atılmış addım onilliklər sonra Tenerifenin təbiəti üçün ciddi təhlükəyə çevrilib.
Samir


