Alp dağlarında buzlağı qoyun yunu ilə örtdülər – Üç ay sonra nəticə məlum oldu

DÜNYA
20:56 / 23.11.2026
52

İsveçrədə tələbələr buzlaqların əriməsini yavaşlatmaq üçün qeyri-adi üsula əl atıblar. Onlar Alp dağlarındakı buzlağın bir hissəsini qoyun yunu ilə örtərək təbii materialın buzun qorunmasında nə dərəcədə effektiv olduğunu sınaqdan keçiriblər.

HİT.az xəbər verir ki, bu barədə “Okdiario” nəşri məlumat yayıb.

Layihəni Lozanna şəhərindən olan dörd tələbə həyata keçirib. Sınaq üçün İsveçrənin Vo kantonunda, Le-Diabler bölgəsində yerləşən buzlağın 3000 kvadratmetrlik sahəsi seçilib. Ərazinin bir hissəsi qoyun yunu, digər hissəsi isə ənənəvi sintetik örtüklə bağlanıb. Örtüklərin küləkdən tərpənməməsi üçün onlar çınqıl doldurulmuş səməni kisələri ilə bərkidilib.

Tələbələr hər iki həftədən bir qar və buz itkisini ölçüblər. Yay mövsümündən sonra əldə olunan ilkin nəticələr göstərib ki, qoyun yunundan hazırlanan iki növ örtük buzlağı qorumaq baxımından ənənəvi geotekstil materiallarla müqayisə edilə bilən effektivlik nümayiş etdirib.

Layihənin müəllifləri sintetik örtüklərin ətraf mühitə təsirini də nəzərə alıblar. Belə materiallar külək, yağış və aşınma nəticəsində mikroplastik hissəciklər buraxa bilər. Bu hissəciklər qar və buza, daha sonra isə dağ sularına qarışaraq qida zəncirinə daxil ola bilər.

Qoyun yunu isə bioloji parçalanan, bərpa olunan və yerli istehsal imkanları olan təbii materialdır. Məlumata görə, İsveçrədə qoyunlar əsasən ət və süd istehsalı, eləcə də otlaqların qorunması məqsədilə saxlanılır. Buna görə də ölkədə istehsal olunan yunun 70 faizə qədəri məhv edilir.

Buzlaqların əriməsi ciddi problemə çevrilib

İsveçrə buzlaqları son 20 ildə kütlələrinin təxminən 40 faizini itirib. Bu müddətdə ölkədə minə yaxın kiçik buzlaq tamamilə yox olub.

Təxminən 20 ildir ki, bəzi buzlaq sahələri yay aylarında günəş şüalarını əks etdirən xüsusi geotekstil örtüklərlə qorunur. Lakin bu üsulun əhatə dairəsi olduqca məhduddur. Hazırda örtüklər İsveçrə buzlaqlarının ümumi səthinin cəmi 0,02 faizini əhatə edir və ildə təxminən 300 min kubmetr qarın qorunmasına imkan verir.

Bu rəqəm ölkənin hər il itirdiyi təxminən 1 milyard kubmetr buzla müqayisədə çox kiçikdir.

Tələbələrin qoyun yunu ilə apardığı sınaq buzlaqların qorunmasında ekoloji alternativlərin tətbiqi baxımından maraq doğursa da, bu üsulun geniş miqyasda effektivliyi hələ əlavə araşdırmalar tələb edir.

Samir

0