Britaniyada 1700 illik körpə məzarı tapıldı: Arxeoloqları təəccübləndirən detallar

DÜNYA
19:58 / 23.11.2026
48

Böyük Britaniyanın Bukingemşir qraflığında arxeoloqlar təxminən 1700 il əvvələ aid qeyri-adi körpə məzarı aşkar ediblər. Körpənin tərs vəziyyətdə torpağa basdırılmış saxsı qabın içərisində dəfn edilməsi, həmçinin məzarın yanında iki quşun qalıqlarının tapılması tədqiqatçıların diqqətini çəkib.

HİT.az-ın məlumatına görə, tapıntı Uendover qəsəbəsində yeni kriket meydançasının tikintisi üçün ərazinin təmizlənməsi zamanı üzə çıxıb.

Arxeoloqların araşdırmasına əsasən, qabın içərisində təxminən 9 aylıq körpənin qalıqları olub. Körpənin yerləşdirildiyi saxsı qab tərsinə çevrilərək torpağa basdırılıb. Qabın ağzına yaxın hissədə isə yetkin toyuq və kiçik nəğmə quşunun qalıqları aşkarlanıb.

Radiokarbon analizləri dəfnin eramızın III əsrinin əvvəlləri ilə IV əsrinin əvvəlləri arasındakı dövrə aid olduğunu göstərib. Cotswold Archaeology təşkilatının mütəxəssisləri bu üsulla körpə dəfninin Britaniyada ilk dəfə qeydə alınmış ola biləcəyini bildiriblər.

Tədqiqatçılar hesab edirlər ki, quşlar məzara qida və ya ritual hədiyyə kimi qoyulmuş ola bilər. Həmin dövrdə toyuqlar Britaniyada nisbətən ekzotik və qiymətli heyvan sayılırdı.

Mütəxəssislərin diqqətini çəkən digər məqam isə körpənin saxsı qabda dəfn edilməsi olub. Bu ənənə Roma imperiyasının Aralıq dənizi bölgələrində daha geniş yayılmışdı. Belə dəfnlərdə əsasən şərab və zeytun yağının daşınmasında istifadə olunan iri amforalardan yararlanılırdı. Arxeoloqlar qabların ana bətnini simvolizə edə biləcəyini istisna etmirlər.

Bu səbəbdən tədqiqatçılar körpənin valideynlərinin Aralıq dənizi bölgəsindən gəlmiş ola biləcəyini ehtimal edirlər. Lakin ailənin mənşəyini təsdiqləyən konkret sübut hələlik yoxdur.

Qeyd edək ki, ərazidə aparılan qazıntılar zamanı Roma dövrünə aid ümumilikdə doqquz dəfn yeri aşkarlanıb. Onlardan beşi uşaqlara, dördü isə kremasiya edilmiş böyüklərə məxsus olub. Uşaqların bəziləri yaşayış evlərinin və təsərrüfat tikililərinin yaxınlığında dəfn edilib.

Maraqlı məqamlardan biri də bütün körpə məzarlarının taxıl qurutmaq üçün istifadə edilən xüsusi qurğuların yaxınlığında yerləşməsidir. Arxeoloqlar bu iki məkanın tez-tez yanaşı aşkar edilməsinin təsadüfi olmaya biləcəyini düşünürlər. Onların ehtimalına görə, məhsul yığımı, taxılın döyülməsi və fermentasiya ilə bağlı qədim rituallar məhsuldarlıq anlayışı ilə əlaqəli olub.

Samir
 

0