Avtomobilin rəngi təkcə sahibinin zövqünü deyil, onun xarakterinin bəzi xüsusiyyətlərini də əks etdirə bilər. Mütəxəssislər hesab edirlər ki, insanların seçdiyi rənglər onların emosional vəziyyəti, dünyagörüşü və özünüifadə tərzi ilə bağlı müəyyən ipucları verir.
HİT.az-ın məlumatına görə, rəng üzrə mütəxəssis Qabriel Mari Lourenso avtomobil rənglərinin hansı xarakter xüsusiyyətləri ilə əlaqələndirildiyini açıqlayıb. Bu barədə Psychologies.com nəşri yazıb.
Mütəxəssisin fikrincə, sarı avtomobil xoşbəxtlik, nikbinlik və özünəinamı, çəhrayı rəng empatiya və həssaslığı ifadə edir. Qırmızı rəng enerjili, istiqanlı və güclü xarakterlə əlaqələndirilir. Mavi rəngə üstünlük verənlər isə daha sakit, diqqətli və qayğısız həyat tərzinə meyilli insanlar kimi xarakterizə olunur. Yaşıl rəng harmoniya, tarazlıq və daxili rahatlığın simvolu hesab edilir.
Neytral rənglərin də özünəməxsus mənası var. Belə ki, ağ avtomobil seçənlər sadəliyə, aydınlığa və nizama üstünlük verən insanlar kimi təsvir olunur. Qara rəng zəriflik, nəzarət və bəzən diqqət mərkəzində olmamaq istəyini ifadə edir. Yollarda geniş yayılan boz rəng isə ehtiyatlılıq, sabitlik və gözəçarpmaz olmağa meyilliliklə əlaqələndirilir.
Mütəxəssis hesab edir ki, qeyri-adi rənglərə – narıncı, bənövşəyi, firuzəyi və flüoresan çalarlara şüurlu şəkildə üstünlük verilməsi fərdilik və özünüifadə ehtiyacından xəbər verə bilər. Əksinə, klassik rənglərin seçilməsi təhlükəsizliyə, təmkinliliyə və ümumi qəbul olunmuş normalara üstünlük verilməsi ilə bağlı ola bilər.
Bununla belə, mütəxəssislər avtomobilin rənginə əsasən insanın xarakteri barədə qəti nəticəyə gəlməyin düzgün olmadığını vurğulayırlar. Çünki avtomobil seçiminə qiymət, modellərin əlçatanlığı və gələcəkdə yenidən satılma imkanları kimi praktik amillər də təsir göstərir.
Məqalədə qeyd olunur ki, avtomobilin rəngi insanın xarakteri haqqında müəyyən təsəvvür yarada bilər, lakin bu, yekun nəticə deyil. Bəzən seçim sadəcə büdcə və mövcud imkanlarla bağlı olur.
Samir


