Niderlandda qolf toplarına bənzəyən evlərdə 40 ildən çoxdur insanlar yaşayır

DÜNYA
20:17 / 23.11.2026
55

Niderlandın Hertogenboş şəhərində yerləşən qeyri-adi yaşayış kompleksi futuristik görünüşü ilə diqqət çəkir. Nəhəng qolf toplarını xatırladan 50 ağ kürə formalı ev 1984-cü ildə tikilib və bu gün də yaşayış üçün istifadə olunur.

HİT.az xəbər verir ki, bu barədə " Xataka" nəşri yazıb.

Bolwoningen adlanan bu evlərin layihəsini rəssam və memar Dris Kreykamp hazırlayıb. O, ənənəvi düzbucaqlı tikililərdən fərqli olaraq, kürə formasının insan yaşayışı üçün daha təbii və səmərəli olduğunu düşünürdü.

Layihənin ideyası 1960-cı illərdə Niderlandda yaranmış ciddi mənzil çatışmazlığı fonunda ortaya çıxıb. Həmin dövrdə ölkədə əhali və iqtisadiyyat sürətlə artır, hökumət isə qısa müddətdə çoxsaylı əlçatan yaşayış evləri tikməyə çalışırdı. Eyni zamanda şəhərlərin bir-birinə bənzəyən standart binalarla dolmasını istəmirdi. Buna görə də 1968-ci ildən eksperimental memarlıq layihələrinə dövlət dəstəyi göstərilməyə başlanıb.

Kreykampın layihəsi də bu təşəbbüslərdən biri olub. Memarın fikrincə, insanlar kürə formasında yaşamağa uyğunlaşa bilərdi. O, ideyasını belə ifadə edirdi: “Biz kürənin üzərində yaşayırıq, kürədən doğuluruq... Bəs niyə kürənin içində yaşamayaq?”

Hər bir evin diametri 5,5 metr, ümumi sahəsi isə təxminən 55 kvadratmetrdir. Bununla belə, faktiki yaşayış üçün yararlı sahə təxminən 25 kvadratmetr təşkil edir. Evlər silindrik beton bünövrənin üzərində qurulub. Konstruksiyanın çəkisi cəmi 1250 kiloqramdır və yığma elementlərdən hazırlandığı üçün onun bir gün ərzində quraşdırılması nəzərdə tutulmuşdu.

Daxili məkan bir neçə səviyyəyə bölünüb. Mərtəbələr spiral pilləkənlə birləşdirilir: aşağı hissədə yataq otağı, orta səviyyədə hamam, yuxarıda isə mətbəxlə kiçik qonaq otağı yerləşir. Dairəvi pəncərələr təbii işıqdan maksimum istifadə etmək məqsədilə quraşdırılıb.

Lakin bu evlərdə yaşamağın müəyyən çətinlikləri də var. Əyri divarlar səbəbindən mebel yerləşdirmək, şkaf quraşdırmaq və interyeri ənənəvi qaydada təşkil etmək asan deyil. Buna görə də memar belə evləri əsasən tək yaşayan insanlar və ya övladı olmayan cütlüklər üçün uyğun hesab edirdi.

Kreykamp gələcəkdə kürə formalı evlərin bir-birinə birləşdirilməsini, daşınmasını, hətta suda üzə bilən konstruksiyalara çevrilməsini planlaşdırırdı. Ancaq istehsalın mürəkkəbliyi və yüksək xərclər layihənin genişləndirilməsinə imkan vermədi. Nəticədə tikilən 50 ev bu memarlıq eksperimentinin əsas nümunələri olaraq qaldı.

Hazırda kanalın yaxınlığında yerləşən Bolwoningen kompleksi Niderlandın tanınmış memarlıq məkanlarından biridir. Evlərin ətrafındakı piyada yolları və yaşıllıq turistlərin də marağına səbəb olur.

Samir
 

0