Neptunun o tayında gizli planet ola bilər – Alimlər yeni izlər aşkarladı

DÜNYA
20:56 / 24.11.2026
51

Alimlər Günəş sisteminin ucqar hissəsində indiyədək aşkar edilməmiş planetin mövcud ola biləcəyini irəli sürüblər. “X2” adlandırılan bu səma cisminin kütləsinin Yerdən təxminən 1,5-2 dəfə çox ola biləcəyi ehtimal edilir.

HİT.az xəbər verir ki, bu barədə Türkiyənin “Hürriyet” nəşri məlumat yayıb.

Yaponiyanın Kindai Universitetinin tədqiqatçısı, doktor Patryk Sofia Lykawka bildirib ki, belə bir planetin mövcudluğu təsdiqlənərsə, Günəş sisteminin yaranma tarixi və uzaq səma cisimlərinin qeyri-adi hərəkətləri ilə bağlı elmi təsəvvürlər dəyişə bilər.

Sednanın qeyri-adi orbitləri diqqət çəkib

Neptunun orbitindən kənarda Kuiper qurşağı adlanan, Günəş sisteminin formalaşmasından qalan buzlu cisimlərlə zəngin geniş ərazi yerləşir. Bu bölgədəki obyektlərin əksəriyyəti nisbətən proqnozlaşdırıla bilən orbitlərlə hərəkət etsə də, son 20 ildə astronomlar qeyri-adi dərəcədə uzanmış və maili orbitlərə malik bir sıra cisimlər aşkarlayıblar.

Onlardan biri də Günəşdən çox uzaq məsafələrə gedib çıxan buzla örtülü Sednadır. Alimlər bu cür obyektlərin hərəkətindəki fərqlərin indiyədək görünməyən bir planetin cazibə qüvvəsi ilə bağlı ola biləcəyini düşünürlər.

Bu ehtimalı yoxlamaq üçün tədqiqatçılar Günəş sisteminin 4,5 milyard illik tarixini əhatə edən kompüter simulyasiyaları aparıblar. Modelləşdirmələr müxtəlif kütləyə və orbitə malik hipotetik planetlərin uzaqdakı buzlu cisimlərə təsirini araşdırıb. Nəticələr göstərib ki, belə bir planet müşahidə olunan qeyri-adi orbitlərin bir qismini izah edə bilər.

Yerdən 200 dəfə uzaqda ola bilər

Araşdırmaya əsasən, X2 planetinin Günəşdən məsafəsi hətta ona ən yaxın mövqedə olduğu zaman da Yerlə Günəş arasındakı məsafədən azı 200 dəfə çox ola bilər. Bu qədər uzaqda yerləşməsi onun indiyədək teleskoplarla aşkarlanmasını çətinləşdirir.

Yeni fərziyyə Günəş sisteminin kənarında daha böyük və kütləli planetin mövcudluğunu irəli sürən “Doqquzuncu planet” nəzəriyyəsinə alternativ yanaşma kimi qiymətləndirilir.

Bununla belə, alimlər X2 modelinin bütün müşahidələri tam izah etmədiyini də etiraf edirlər. Lykawkanın sözlərinə görə, simulyasiyalar uzaq buzlu cisimlərin bir sıra qeyri-adi hərəkətlərini təkrarlasa da, müşahidələrlə model arasında hələ araşdırılmalı fərqlər qalır.

Yeni teleskoplar sirri aça bilər

Tədqiqatçılar gələcəkdə daha güclü teleskoplarla aparılacaq müşahidələrin bu fərziyyəni yoxlamağa imkan verəcəyini düşünürlər. Xüsusilə Vera C. Rubin Rəsədxanasının həyata keçirəcəyi genişmiqyaslı səma müşahidələrinin Günəş sisteminin uzaq bölgələrində yeni obyektlərin aşkarlanmasına kömək edə biləcəyi bildirilir.

Araşdırmanın həmmüəllifi, Cənubi Kvinslend Universitetinin professoru Jonti Horner qeyd edib ki, yeni müşahidələr gizli planet ehtimalını sınaqdan keçirmək üçün mühüm imkan yaradacaq.

Samir
 

0