Almanların əksəriyyəti Ukraynaya hərbi yardıma qarşıdır – SORĞU

DÜNYA
18:20 / 24.11.2026
48

Almaniyada Ukraynaya hərbi yardım göstərilməsinin əleyhinə olan vətəndaşların sayı son bir ildə əhəmiyyətli dərəcədə artıb. Hazırda sorğu iştirakçılarının 53 faizi Berlinin Kiyevə hərbi maliyyə dəstəyini dayandırmasını istəyir.

HİT.az xəbər verir ki, bu barədə “Bloomberg” Forsa sosioloji şirkətinin Kerber Fondu üçün sentyabr ayında keçirdiyi sorğunun nəticələrinə istinadən məlumat yayıb.

Araşdırmaya əsasən, ötən il Ukraynaya hərbi yardımın dayandırılmasını istəyənlərin payı 39 faiz olub. Beləliklə, bir il ərzində bu mövqeyi dəstəkləyənlərin sayı 14 faiz bəndi artıb.

Hərbi yardıma qarşı ən kəskin münasibət ultrasağçı “Almaniya üçün Alternativ” (AfD) partiyasının tərəfdarları arasında müşahidə olunur. Sorğuda iştirak edən AfD seçicilərinin cəmi 11 faizi Ukraynaya hərbi dəstəyi dəstəkləyib. Eyni zamanda, onların 75 faizi Rusiya ilə münasibətlərin normallaşdırılmasının tərəfdarıdır.

Almaniyanın regionları üzrə də fərqli mənzərə qeydə alınıb. Ölkənin şərqində respondentlərin yalnız 31 faizi Ukraynaya hərbi yardımın davam etdirilməsini dəstəkləyir. Qərbi Almaniyada isə bu göstərici 48 faizdir.

Ukraynaya hərbi yardımın ictimai dəstəyinin azalmasına baxmayaraq, almanların əksəriyyəti Rusiyanı hərbi təhlükə hesab edir. Sorğuda iştirak edənlərin 82 faizi Rusiyanın Almaniya və Avropa üçün hərbi təhdid yaratdığını bildirib.

Bundan başqa, respondentlərin təxminən 60 faizi Almaniya və Avropanın Rusiya-Ukrayna müharibəsində sülh danışıqlarının irəliləməsi üçün kifayət qədər səy göstərmədiyini düşünür.

Sorğuda Almaniya vətəndaşlarının ABŞ və Çin arasındakı münasibətlərə yanaşması da araşdırılıb. Respondentlərin 43 faizi Çinin beynəlxalq təsirini mənfi qiymətləndirib. Ötən il bu göstərici 50 faiz olub.

İştirakçıların 83 faizi isə Almaniyanın ABŞ və Çin arasındakı rəqabətdə neytral mövqe tutmasının tərəfdarıdır. Yalnız 15 faiz Berlinin Vaşinqtonun tərəfində yer almasını istəyir. Eyni zamanda, sorğu iştirakçılarının 61 faizi Avropa ilə ABŞ arasında əvvəlki “Qərb ittifaqının” artıq mövcud olmadığını düşünür.

Qeyd edək ki, ictimai dəstəyin azalmasına baxmayaraq, Almaniya Ukraynaya hərbi yardım göstərməkdə davam edir. Berlin Norveçlə birlikdə “Patriot” hava hücumundan müdafiə sistemləri üçün PAC-2 və PAC-3 raketlərinin alınmasına yönəlmiş 300 milyon dollarlıq maliyyə dəstəyi ayırmağı planlaşdırır.

Samir

0