Nuhun gəmisi ilə bağlı axtarışlarda 4300 ildən çox yaşı olan taxta parçaları tapıldı

DÜNYA
21:55 / 24.11.2026
45

Türkiyədə Nuh peyğəmbərin gəmisi olduğu ehtimal edilən geoloji formasiyanın yaxınlığında aşkarlanan taxta nümunələrinin təxminən 4300 il yaşı olduğu müəyyənləşdirilib.

HİT.az xəbər verir ki, bu barədə Anadolu Agentliyinə Sivas Universitetinin alimləri radiokarbon analizinin ilkin nəticələrinə əsasən məlumat veriblər.

Söhbət Türkiyənin şərqində, Ağrı vilayətində yerləşən və formasına görə qayığı xatırladan Durupınar geoloji quruluşundan gedir. Bu ərazi uzun illərdir Nuhun gəmisinin məhz burada yerləşdiyini düşünən şəxslərin diqqətini çəkir.

2026-cı ildə beş ölkədən 20-yə yaxın alim ərazidə araşdırma aparıb. Tədqiqatçılar buradan taxta və kömürləşmiş material nümunələri götürərək ABŞ, İsveçrə və Türkiyədəki laboratoriyalara göndəriblər.

ABŞ-da aparılan radiokarbon analizinin ilkin nəticələrinə görə, iki taxta nümunəsinin yaşı təxminən 4300 ildir. Bu tarix nümunələrin eramızdan əvvəl 2400–2200-cü illərə aid ola biləcəyini göstərir. Alimlər hazırda İsveçrə və Türkiyədə aparılan müstəqil tədqiqatların nəticələrini gözləyirlər.

Tədqiqatçılar vurğulayırlar ki, taxtanın bu yaşda olması onun Nuhun gəmisi ilə əlaqəsini sübut etmir. Radiokarbon analizi yalnız üzvi materialın yaşını müəyyənləşdirir, onun hansı məqsədlə istifadə edildiyini və həmin əraziyə necə düşdüyünü göstərmir.

Qeyd edək ki, əvvəlki geoloji araşdırmalarda Durupınar formasiyasının təbii proseslər nəticəsində yarana biləcəyi bildirilmişdi. Yeni analizlərin nəticələri bu ehtimalı aradan qaldırmır. Alimlər yekun qənaətə gəlmək üçün nümunələrin xüsusiyyətlərini və götürüldükləri geoloji qatları daha ətraflı araşdırmalıdırlar.

Samir

0