Rusiyadan Almaniyaya on minlərlə qaz köç edir: Onları bu ölkəyə cəlb edən nədir?

DÜNYA
22:14 / 24.11.2026
38

Almaniyanın şimalında, Meklenburq-Ön Pomeraniya bölgəsində on minlərlə vəhşi qazın toplaşması müşahidə olunur. Sibir və Skandinaviya ərazilərindən gələn quşların sayı bəzi günlərdə 100 mini ötür. Bu kütləvi köç yerli fermerlər və ovçular üçün müəyyən problemlər yaradır.

HİT.az xəbər verir ki, bu barədə “Nordkurier” nəşri məlumat yayıb.

Məlumata görə, tundradan başlayan köç prosesi noyabrın ortalarında ən yüksək həddə çatır. Qar yağmadığı müddətdə Qreyfsvald körfəzi, Pene çayının vadisi, həmçinin Qalenbek və Qrosser-Koblenser gölləri şimaldan gələn quşlar üçün əlverişli qışlama məkanına çevrilir.

Qazlar dumanlı, yağışlı və soyuq havaya kifayət qədər davamlıdır. Onların lələklərinə dimdikləri vasitəsilə yaydıqları xüsusi piy qatı suyun içəri keçməsinin qarşısını alır. Sıx tüklər isə bədən temperaturunu qorumağa kömək edir.

Lakin quşların kütləvi şəkildə ərazilərə toplaşması fermerlər üçün həm fayda, həm də zərər yarada bilər. Alimlərin bildirdiyinə görə, qazların əkin sahələrində qidalanması yeni səpilmiş payızlıq bitkiləri məhv edə bilər. Bununla yanaşı, müəyyən şəraitdə onların fəaliyyəti gələcək məhsuldarlığı 10 faizədək artıra bilər. Ən böyük zərər isə uzunmüddətli yağışlı havalarda müşahidə olunur.

Fermerlərə xüsusi yemləmə zonaları tövsiyə edilir

Məhsulu qorumaq üçün Almaniya Ovçuların Müdafiəsi Assosiasiyası (DJV) quşları yalnız səs və işıq vasitəsilə əkin sahələrindən uzaqlaşdırmağın kifayət etmədiyini bildirir. Qurum qazlar üçün xüsusi yemləmə ərazilərinin yaradılmasını tövsiyə edir.

Bunun üçün artıq məhsulu yığılmış qarğıdalı və taxıl sahələrinə əlavə yem səpilməsi, quşların həmin ərazilərdə narahat edilməməsi məsləhət görülür.

Vəziyyət ovçular üçün də çətinlik yaradır. Almaniyada bəzi qaz növlərinin ovlanmasına noyabrın 1-dən yanvarın 15-dək icazə verilsə də, nadir növlər, o cümlədən qısadimdikli qaz, kiçik ağalınlı qaz və meşə qazı ciddi mühafizə altındadır.

Bu quşları uçuş zamanı ovlanmasına icazə verilən növlərdən ayırmaq çətin olduğundan ovçulara ehtiyatlı davranmaq tövsiyə edilir. Qadağan olunmuş növlərin vurulması ciddi cərimələrlə nəticələnə bilər.

Samir

0