Efiopiyada təxminən bir əsr nəsli kəsilmiş hesab edilən gəmirici yenidən aşkarlandı

DÜNYA
19:19 / 24.11.2026
30

Efiopiyada alimlər uzun illərdir nəsli kəsilmiş hesab olunan nadir gəmirici növünü yenidən aşkar ediblər. Təxminən 100 il əvvəl qeydə alınan Efiopiya su siçanı (Nilopegamys plumbeus) bu yaxınlarda ölkənin cənub-qərbində tədqiqatçıların tələsinə düşüb.

HİT.az xəbər verir ki, bu barədə “National Geographic” məlumat yayıb.

Efiopiya su siçanı ilk dəfə 1927-ci ildə aşkar edilib, 1928-ci ildə isə elmi şəkildə təsvir olunub. Həmin vaxtdan sonra bu növə aid başqa nümunələrə rast gəlinmədiyindən gəmiricinin nəsli kəsilmiş hesab olunurdu.

Efiopiya Biomüxtəliflik İnstitutunun ekoloqu Menqistu Vale tədqiqat zamanı qurduğu tələlərdən birində iri, dairəvi gözlü gəmirici aşkar edib. Alim onun qulaqlarının arxasındakı ağ ləkələrə əsaslanaraq, bunun axtarılan növ olduğuna böyük ehtimal verdiyini bildirib.

Daha sonra Vale və həmkarları daha iki fərd də tutublar. Onların xarici görünüşü 1928-ci ildə hazırlanmış elmi təsvirlərlə müqayisə edildikdən sonra gəmiricilərin Nilopegamys plumbeus növünə aid olduğu ehtimalı güclənib. Hazırda bu qənaəti təsdiqləmək üçün genetik analizlər aparılır.

Siena Kollecinin zooloq-məməlilər üzrə mütəxəssisi Tomas Ciarla bildirib ki, genetik testlərin nəticələri müsbət olarsa, bu, elm dünyası üçün olduqca əlamətdar hadisə olacaq. Onun sözlərinə görə, gəmiricinin xarakterik fiziki xüsusiyyətləri onun növünü ilkin mərhələdə müəyyənləşdirməyə imkan verir.

Tapıntının maraqlı tərəflərindən biri də heyvanın aşkarlandığı ərazidir. Növ ilk dəfə Efiopiyanın şimalında qeydə alınsa da, yeni nümunələr ölkənin cənub-qərbində yerləşən “Kaffa Qəhvə Meşəsi” biosfer qoruğunun keçid zonasında tapılıb.

Alimlərin bu gəmirici haqqında məlumatları hələ də məhduddur. Məlumdur ki, onun sıx və ipək kimi yumşaq tükləri suda üzməsinə kömək edir, geniş arxa pəncələri isə üzgəc funksiyasını yerinə yetirir. Geniş burnu, inkişaf etmiş beyni və uzun hissiyyat bığcıqları da bu növün fərqləndirici xüsusiyyətlərindəndir.

Tədqiqatçılar Efiopiya su siçanının əsasən həşəratlarla, ehtimal ki, balıqlarla da qidalandığını düşünürlər. Maraqlıdır ki, alim Vale bu gəmiricilərdən birini fıstıq yağı vasitəsilə tələyə cəlb edə bilib.

Yeni kəşf alimlərə növün yayılma arealını və təbiətdəki vəziyyətini yenidən qiymətləndirmək imkanı verəcək. Tədqiqatçılar hesab edirlər ki, Efiopiya su siçanı insan fəaliyyətinin təsirlərinə əvvəllər düşünüldüyündən daha davamlı ola bilər.

Samir

0