4 azərbaycanlı və türk naziri qətlə yetirmiş, mühakimə olunmamış qatil

DÜNYA
14:52 / 19.06.2020
1966

1919-cu ilin oktyabrında Ermənistanın paytaxtı Yerevanda Daşnaksütyun Partiyasının IX qurultayı keçirildi. Məqsəd Osmanlı imperiyasının və Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) dövlət xadimlərinə qarşı qəsdlərin təşkil olunması idi. Bəhs edilən dövr I Dünya Müharibəsinin bitdiyi zamana təsadüf edirdi. Avstriya-Macarıstan, Osmanlı və Rusiya imperiyaları üçün məzar olan müharibə Qafqazda da ictimai-siyasi pərakəndəlik yaratmışdı. Bundan istifadə edən erməni millətçi qüvvələr Daşnaksütyun Partiyasının simasında Ermənistanda hakimiyyəti ələ almışdı. Nəhayət, onlar uzun müddət qarşılarında natamamlıq kompleksi keçirdikləri Osmanlı Türkiyəsinin rəhbər şəxslərini hədəfə ala biləcəkdilər. Çünki dünya müharibəsində məğlub olan nəhəng imperiyanın siyasi xadimləri müdafiəsiz qalmışdılar. Onların əksəriyyəti Avropa ölkələrinə mühacirət etmişdilər və erməni terrorçuları üçün əlverişli hədəfə çevrilmişdilər. Sovet Rusiyasının Azərbaycanı işğal etməsində sonra bu müdafiəsiz hədəflər sırasına azərbaycanlı dövlət adamları da daxil olmuşdu.

Beləliklə, qayıdaq 1919-cu ilin oktyabrında Yerevandakı Daşnaksütyun Partiyasının qurultayına.

Qurultay 1908-ci ildə Ərzurumdan Osmanlı məclisinə deputat seçilmiş daşnak Şaan Natalinin (əsl adı Akop ter-Akopyan) təşəbbüsü ilə keçirilirdi. Dünyanın müxtəlif ölkələrindən Yerevana toplaşan daşnaklar Osmanlı və Azərbaycan hökumətinin liderlərindən ibarət 41 nəfərin ölüm siyahısını hazırlayır. Siyahıdakı türklər 1915-ci ildə “erməni soyqırımı”nın əsas təşkilatçları, Azərbaycan Müsavat hökumətinin üzvləri isə “1918-ci ildə Bakıda və 1920-ci il Şuşada erməni qırğınlarının əsas təşkilatçıları” elan olunmuşdu. Sui-qəsdləri Daşnaksütyun Partiyasının sıravi üzvləri həyata keçirməlidi. 3-5 nəfərlik kiçik qruplar konkret şəxsləri izləməli, 2 nəfərlik digər bir qrup isə müəyyən olunmuş kordinatlar əsasında sui-qsəd aksiyasını həyata keçirməli idi. Əlaqələndirici orqan kimi isə İstanbuldakı “Çaktamart” qəzetinin redaksiyası seçilmişdi.

Beləliklə,  41 nəfərlik ölüm siyahısında yer alan şəxslərin əksəriyyəti 1920-1924-cü illər ərzində öldürülür.

Modern.az saytı bu yazıda həmin sui-qəsdçi daşnaklardan biri – Aram Yerkanyan haqqında bəhs edəcək. Çünki tarixi olayları bilmək, düşmən haqqında məlumatlanmaq hər birimizin borcudur.

AramYerkanyanın diqqət çəkən məqamlarından biri onun həm Osmanlı Türkiyəsinin birinci naziri olmuş, Trabzon valisi Camal Əzmi ilə “İttihad və Tərəqqi” təşkilatı tərkibində “Təşkilatü-Məxsusə” hərbi dəstələrinin rəhbəri Bahəddin Şakirini, həm də Azərbaycan Xalq Cümhuriyyətinin baş naziri olmuş Fətəli xan Xoyski ilə ədliyyə və daxili işlər naziri Xəlil bəy Xasməmmədovu öldürməsidir. Maraqlıdır ki, 4 dövlət xadiminin ölümünə görə o heç zaman ədalət mühakiməsinə cəlb olunmayıb.

Aram Yerkanyan 1898-ci ildə Osmanlı İmperiyasının Türkiyənin Ərzurum şəhərində anadan olub. Orta məktəb təhsilini yerli erməni məktəblərindən birində alan Yerkanyan yeniyetməlik yaşlarından bölgədə aktiv olan Daşnaksütyun Partiyasının üzvünə çevrilir. Terrorçu partiyanın türkiyəli dövlət adamlarına və təhlükəsizlik qüvvələrinə qarşı təşkil etdiyi hücumlarda aktiv iştirak edib. O 1915-ci ildə Ərzuruma yaxınlaşan rus qoşunlarının tərkibində Qafqaza gəlir. Burada 1917-ci ildə Rusiya imperator qoşunlarının tərkibində təşkil olunmuş erməni könüllü dəstələrinə qoşulur. 1918-ci ildə Türkiyə qoşunları ilə ermənilər arasında baş verən Başaparan döyüşündə pulemyot tağımının komandiri kimi iştirak edib. Cəbhədə sakitlik yarandıqdan sonra isə Yerevana qayıdıb. Ermənistanın xüsusi agenti kimi gizli tapşırıqlarla ingilislərin işğalı altından olan İstanbula gedən Aram Yerkanyan nəhayət, 1919-cu ilin oktyabrında Yerevanda keçirilən məlum qurultayın iştirakçısı olub.


Qurultayın qərarı ilə sui-qəsdçi komandanın üzvlərindən biri seçilən Yerkanyan ilk tapşırığını alır: Azərbaycan Xalq Cümhuriyyətinin baş naziri Fətəli xan Xoyskini öldürmək. Onun izinə düşmək daşnaklar üçün çətin olmadı. 1920-ci ilin aprelində Azərbaycan bolşeviklər tərəfindən işğal edildikdən sonra menşevik Gürcüstanına sığınan Xoyski 2 ay idi ki, Tiflisdə yaşayırdı. Barəsində ölüm hökmünün çıxarıldığını bildiyi üçün o, həmişə 3 mühafizəçi ilə birlikdə evdən çıxırdı. Hədəfin çətinliyini nəzərə alaraq daşnaklar sui-qəsd missiyasının 22 yaşlı Yerkanyana həvalə edirlər. Çünki bir neçə xarici dildə sərbəst danışan, silahla peşəkar davranan Aram Yerkanyan eyni zamanda öz cəldliyi və hiyləgərliyi ilə seçilirdi. Terror aktının icrası 1920-ci il iyunun 19-na təyin olunur.

Adətən Tiflisin Qolovin prospektində (indiki Şota Rustaveli prospekti) piyada gəzintiyə çıxan Fətəli xan həmin gün də ənənəsinə sadiq qalmışdı. Onun yanında AXC-nin keçmiş daxili işlər naziri olmuş Xəlil bəy Xasmməmədov və 3 şəxsi mühafizəçisi də var idi. Aram Yerkanyan öz silahdaşı Misak Kirakosyanla birlikdə bir neçə dəqiqə onları izləyir. Ardından qəfil atəş açmağa başlayır.

Nəticədə başından güllə yarası alan Fətəli xan Xoyski hadisə yerində keçinir. Ağır yaralanan Xəlil bəy Xasməmədov isə xəstəxanada dünyasını dəyişir. Bundan əlavə, atışmada Misak Kirakosyan və Xoyskinin mühafizəçilərindən biri də yaralanır. Aksiyanın ideya müəllifi, Yerkanyanın mənəvi atası Şaan Natali hadisədən bir neçə il sonra sui-qəsdin detalları barədə xüsusi şövqlə belə yazır:

“Fətəli xan Xoyskini tanıyan, onun tarixi ilə tanış olan hər kəs Aramın cəsarətini qiymətləndirə bilər. Ermənilərin hökmünə əhəmiyyət verməyən Fətəli xan öz adamlarının əhatəsində Tiflis küçələtini gəzirdi. Təcrübəli və həyasız biri kimi Fətəli xan yalnız bir amili nəzərə almamışdı – onu dövrələyən mühafizəçilərin həlqəsini yaracaq Aram Yerkanyanla üz-üzə gələcək. Aram ona tuşlanan güllə yağışında yüngül xəsarət alsa da, hiyləgər biri olduğu kimi cəsarətli olduğunu da sübut etdi”.

Azərbaycanlı dövlət adamının həyatına son qoyan qatillər qısa vaxtda Yerevana dönürlər. Fətəli xan Xoyskinin qatili Yerkanyanı yeni tapşırıq gözləyirdi. O, Osmanlıda fəaliyyət göstərən “Təşkilatü-Məxsusə” hərbləşdirilmiş təşkilatının rəhbəri olmuş Bahəddin Şakiri öldürməli idi. Yerkanyan “Biz necə qisas alıdq” xatirələr kitabında bununla bağlı yazırdı:

“Şaan Natalidən ayrılanda hansı məsuliyyətli vəzifəni icra edəcəyimi öyrəndim. O yavaşca qulağıma pıçıldadı: “Sənin öhdənə Bahəddin Şakir düşüb. Onun barəsində hər şeyi öyrən”.


Həmin vaxt Berlində yaşayan Bahəddin Şakir qapalı həyat keçirirdi. O da türk məmurlarına qarşı ermənilərin elan etdiyi “böyük ov”dan xəbərdar idi. Lakin daşnaklar Qriqor Merjanov və Qraç Papazyan Berlində onun yaşadığı ünvanı, ziyarət etdiyi məkanları müəyyən edə bildi. Dərhal Yerevandan yola çıxan Yerkanyan özünü Berlinə çatdırır. Berlində ona silahdaş olaraq daşnak Arşavir Şirakyan qoşulur. Onlara Yerevandakı mərkəzdən yeni tapşırıq gəlir - Bahəddin Şakir ailəvi dostluq etdiyi keçmiş Trabzon valisi Camal Əzmi ilə birlikdə öldürülməlidir. Lakin bunun üçün terrorçular xeyli gözləməli olurlar. Çünki izləndiklərini hiss edən Bahəddin Şakir və Camal Əzmi evdən nadir hallarda çıxır və özlərini mühafizəçilərlə əhatə edirdilər. 1922-ci il martın 15-nə təyin olunan ilk sui-qəsd aksiyası tezliklə ləğv olunur. Lakin 1 aydan sonra onlar öyrənə bilirlər ki, Bahəddin Şakir və Camal Əzmi İstanbulun keçmiş polis rəisi Əzmi bəyin evində qonaq olacaqlar. Qonaqlıqda onlar öz xanımları və uşaqları ilə iştirak etməli idilər. Daha bir qonaq isə 1921-ci il martın 15-də elə Berlin küçələrində daşnak Soqomon Teyleryanın qətlə yetirdiyi sabiq Türkiyə daxili işlər naziri Tələt paşanın dul xanımı idi.

Beləliklə, 1922-ci il aprelin 17-də sui-qəsd aksiyası gerçəkləşdirilir. Əzmi paşa şam yeməyindən sonra qonaqları evinin qarşısında ötürən zaman Aram Yerkanyan və Arşavir Şirakyan bunu fürsət bilib atəş açmağa başlayırlar. İlk güllə Bahəddin Şakirə, ikinci güllə isə Camal Əzmiyə dəyir. Şirakyan Camal Əzminin başından kontrol atəşi açmaq istədiyi anda Tələt paşanın dul xanımı onun üzərinə atılaraq tapançanı əlindən alır. Amma Aram Yerkanyan əlindəki silahın dəstəyi ilə qadına zərbə endirərək silahdaşını sığortalayır. Hər iki siyasi xadim uşaqları və xanımlarının gözləri qarşısında soyuqqanlılıqla qətlə yetirilirlər. Yaxındakı işıq fonarına atəş açan terrorçular isə qaranlıqdan istifadə edib gözdən itirlər. Alman polisi hadisə yerində heç bir sübut tapa bilmir. Aram Yerkanyan yenidən Yerevana qayıdır.

Daşnaksütyun Partiyasının mərkəzi komitəsi ona yeni tapşırıq verir. Tarixdə bu tapşırığın nədən ibarət olduğu məlum olmasa da, İstanbula getməli olan daşnak terroçu Aram Yerkanyan  Tiflisdə yolüstü həbs olunur. Onu həbs edən gürcü polisi Yerkanyanı Metex həbsxanasına salır. Lakin bir neçə aydan sonra azad olunur. Ermənistanın sovetləşməsi və regionda güclü Türkiyə dövlətinin yaranması Yerkanyanın Rumıniyaya mühacirət etməsuinə səbəb oldu. 1927-ci ilə qədər o burada yaşayaraq bir neçə ermənidilli qəzet açır. 1927-ci ildə isə Argentinaya köçür. Burada hazırda da nəşr olunan “Ermənistan” qəzetinin əsasını qoyur. 36 yaşlı Aram Yerkanyan 1934-cü ildə Argentinada vərəm xəstəliyindən ölüb. 4 nüfuzlu siyasətçini – Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov, Bahəddin Şakir, Camal Əzminin qatili heç zaman ədalət məhkəməsində mühakimə olunmadı. Onun Argentinanın Kordoba şəhərində yerləşən dəbdəbəli məqbərəsi isə Argentina ermənilərinin ziyarət məkanına çevrilib.

0
Modern.az