Təsərrüfatını sığortalamış fermerlər ziyan etsə, yardım ala bilər - RƏSMİ

20:10 / 29.07.2020
1110

Təsərrüfatını sığortalamış fermerlər təbii fəlakət nəticəsində ziyan görərlərsə, onlar yardım ala biləcək. Aqrar sığorta fermerlərin və təsərrüfat sahiblərinin məhsullarını və gəlirlərini qoruyacaq.

Bunu Aqrar Sığorta Fondunun idarə heyətinin sədri Fuad Sadıqov bildirib.

F.Sadıqov bildirib ki, Aqrar Sığorta Fondu kommersiya təşkilatı olmadığından onun işi mənfəət əldə etmək deyil, fermerlərin məhsullarını və qazanclarını qorumaqdır. Bu da imkan verəcək ki, fermerlər bu sahədə uzun müddət və rahat fəaliyyət göstərə bilsinlər:

"Təsərrüfatını sığortalamış fermer 10 hektarlıq sahədə taxıl əkib və mövsümün sonunda 600 sentner məhsul əldə etməyi gözləyir. Tutaq ki, həmin müddət ərzində bu ərazidə hər hansı təbii fəlakət, məsələn subasma, yanğın və ya digər hadisə baş verir və fermer 3 hektar sahədə məhsulunu itirir. Nəticədə bu sahədən artıq gözlənildiyi kimi, 600 sentner deyil, tutaq ki, 420 sentner məhsul əldə ediləcək. Yəni fermer 180 sentner məhsulu itirir. Fondumuzun da məqsədi odur ki, fermerin qarşılaşdığı itkiləri qarşılasın, onun əvəzini fermerə ödəsin. Yəni sözügedən misalda Fond, itirilən 180 sentner taxılın dəyərini bazar qiyməti nəzərə alınmaqla fermerə ödəyəcək".

0