Cənubi Koreyanın Milli Kəşfiyyat Xidməti Şimali Koreya lideri Kim Çen Inın vəfat etməsi ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatların həqiqəti əks etdirmədiyini açıqlayıb.
HİT.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi parlamentin Kəşfiyyat komitəsinin qapalı brifinqində iştirak edən şəxslərə istinadən məlumat yayıb.
Oktyabrın 23-də keçirilən brifinqdə kəşfiyyat nümayəndələri həm hakim partiyadan, həm də müxalifətdən olan deputatlara Şimali Koreya liderinin ölümü barədə Cənubi Koreya və xarici sosial şəbəkələrdə yayılan iddiaların əsassız olduğunu bildiriblər.
Kəşfiyyat xidmətinin sentyabrın 30-da keçirilən əvvəlki brifinqində isə Kim Çen Inın təxminən 140 kiloqram çəkiyə malik olmasına və ürək-damar xəstəlikləri riskinin yüksəkliyinə baxmayaraq, səhhətində ciddi pisləşmənin açıq əlamətlərinin müşahidə edilmədiyi qeyd olunmuşdu. Məlumata görə, o, esminesə səfəri zamanı pilləkənləri çətinlik çəkmədən qalxıb.
Son günlər Britaniyanın “The Sun” nəşri sosial şəbəkələrdə yayılan iddialara istinadən Şimali Koreya liderinin xəstələndiyi barədə məlumat dərc edib. ABŞ-da yaşayan bir çinli dissidentin paylaşımına əsaslanan iddiada Kim Çen Inın beyin qanaması keçirdiyi və Pekindəki xəstəxanada öldüyü bildirilirdi. Lakin bu məlumat təsdiqlənməyib.
Nəşr həmçinin liderin öləcəyi təqdirdə hakimiyyətin müvəqqəti olaraq bacısı Kim Yo Cona keçə biləcəyini, onun 13 yaşlı qızı Kim Çju E ölkəyə rəhbərlik edə biləcək yaşa çatana qədər bu vəzifəni icra edəcəyini iddia edib.
Cənubi Koreya kəşfiyyatı və ekspertlər bu şayiələrə inanmadıqlarını bildiriblər. Şimali Koreyanın dövlət mediası da Pxenyanda keçirilən geyim və ayaqqabı sərgisində Kim Çen Inın iştirakını əks etdirən fotolar yayımlayıb.
Samir


