Rusiya ABŞ-yə ilk dizel yanacağı partiyasını göndərdi

DÜNYA
16:51 / 23.10.2026
65

Rusiya 2022-ci ildə tətbiq edilən idxal qadağasından sonra ilk dəfə ABŞ-yə dizel yanacağı tədarük etməyə başlayıb. İlk partiyanı daşıyan tanker Nyu-Yorka doğru hərəkət edir.

HİT.az xəbər verir ki, bu barədə “Reuters” gəmilərin hərəkətini izləmə məlumatlarına istinadən məlumat yayıb.

LSEG maliyyə şirkətinin məlumatına görə, Malta bayrağı altında üzən “Agioi Fanendes” tankeri oktyabrın 22-də Rusiyanın Baltik dənizində yerləşən Primorsk limanında 40 min ton az kükürdlü dizel yanacağı yükləyib. Gəminin noyabrın 7-də ABŞ-yə çatacağı gözlənilir.

Kremlin sözçüsü Dmitri Peskov da razılaşma çərçivəsində ilk tankerin yola düşdüyünü təsdiqləyib. Bununla belə, o, gəminin məhz ABŞ-yə, yoxsa başqa istiqamətə hərəkət etdiyini dəqiqləşdirməyib. Yanacağın alıcısı və satıcısı barədə də hələlik məlumat yoxdur.

ABŞ Prezidenti Donald Tramp oktyabrın 9-da Rusiyanın ABŞ və digər bazarlara dərhal 300 min ton, yəni 2,25 milyon barel dizel yanacağı ixrac edəcəyini açıqlamışdı. Noyabrda tədarükün 500 min tona, daha sonra isə 1 milyon tona çatdırılması planlaşdırılır.

Avropa İttifaqının 2023-cü ilin fevralında Rusiya neft məhsullarına tam embarqo tətbiq etməsindən sonra Moskva dizel yanacağını əsasən Türkiyə, Braziliya və Afrika ölkələrinə ixrac edib. “Reuters”in məlumatına görə, Rusiya hazırda ənənəvi alıcılarla ticarəti də bərpa edir və ən azı iki tanker Türkiyə və Braziliyaya istiqamət götürüb.

Rusiya baş nazirinin müavini Aleksandr Novak ilin sonunadək dizel yanacağının aylıq ixracını əvvəlki səviyyəyə — 3-3,5 milyon tona çatdırmağın mümkün olduğunu bildirib.

ABŞ ilə Rusiya arasında dizel yanacağının tədarükü barədə razılaşma Tramp administrasiyasının ölkədə yanacağın bahalaşmasının qarşısını almaq səylərinin bir hissəsidir. Razılaşma elan edildikdən sonra dizel yanacağı üzrə fyuçers qiymətləri bir qədər azalsa da, analitiklər nəzərdə tutulan həcmlərin ABŞ-də və digər ölkələrdə qiymətlərə ciddi təsir göstərəcəyini gözləmirlər. Ekspertlər Rusiyanın əlavə ixracı təmin etmək imkanlarını da sual altına alırlar. Buna səbəb ölkənin neft emalı infrastrukturuna dəyən zərərdir.

Samir

0